Filippində məktəbdə silahlı atışma: 2 şagird ölüb, 8-i yaralanıb

18 Sentyabr, 2026 - 15:03
Filippində məktəbdə silahlı atışma: 2 şagird ölüb, 8-i yaralanıb

Filippində məktəbdə silahlı atışma baş verib, nəticədə iki şagird öldürülüb, səkkiz nəfər yaralanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, hadisə Cənubi Kotabato əyalətinin Banqa şəhərində yerləşən liseydə baş verib. 16 yaşlı şagirdin açdığı atəş nəticəsində 14 yaşlı iki uşağın öldüyü, yaralananlardan dördünün vəziyyətinin ağır olduğu bildirilib. Hadisədən sonra şübhəli özünü də öldürüb.

Cənubi Kotabato qubernatorunun sözlərinə görə, şübhəli hadisədən əvvəl dostlarına günorta yeməyindən sonra planını həyata keçirəcəyini deyib. Dostları isə onun zarafat etdiyini düşünüb. Daha sonra məktəbdə atəş açan gənc 10 şagirdi vurub və ardınca silahı özünə tuşlayıb.

Hadisə ilə əlaqədar Banqa şəhərinin bütün məktəblərində dərslər dayandırılıb. Polis ərazidə araşdırma aparır.

Bu, Filippində iyun ayından etibarən baş verən üçüncü ölümcül məktəb atışmasıdır. İyunda mərkəzi Filippində liseydə iki şagirdin atəş açması nəticəsində azı üç şagird öldürülüb, təxminən 20 nəfər yaralanıb. Avqustda isə ölkənin cənubundakı katolik məktəbində şagird sinif yoldaşını güllələyərək öldürüb, daha sonra özünə qəsd edib.