“Finiş xəttini keçəndə düşündüm ki, ailəm çox sevinəcək”- çempion
Bakı şəhərində keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında Gəncə atleti - Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin tabeliyindəki Uşaq-gənclər idman məktəbinin atletika bölməsinin yetirməsi Fərid İsmayılov 60 metr məsafəyə qaçış üzrə qızıl medal, atmalar üzrə isə bürünc medal qazanıb. Gənc idmançının məşqçi-müəllimi Faiq Əsədovdur.
"Azərbaycan müəllimi" çempionun fikirlərini öyrənib.
13 yaşlı Fərid İsmayılov Gəncə şəhər 14 nömrəli tam orta məktəbin şagirdidir. O, cəmi səkkiz aydır ki, atletika ilə məşğul olsa da, artıq ilk böyük uğurunu qazanmağı bacarıb.
Fərid yarış gününün həyəcanını belə xatırlayır:
“Ən həyəcanlı an finala qalanda starta çıxmağım idi. Yarış başlamazdan əvvəl çox həyəcanlı idim. Amma özümə inanırdım və qələbə qazanmaq istəyirdim".
Yeniyetmə bildirir ki, finiş xəttini keçdiyi an yaşadığı hissləri sözlə ifadə etmək çətindir:“Xətti keçəndə içimdən ilk keçən fikir bu oldu ki, ailəm çox sevinəcək. Mən də onların mənimlə fəxr etməsini istəyirdim".
Fəridin sözlərinə görə, yarışda ən ciddi rəqibi ikinci yeri tutan idmançı olub: “Ən güclü rəqibim ikinci gələn uşaq idi. Çox iddialı idi və bu da məni daha yaxşı nəticə göstərməyə həvəsləndirdi".
Qələbənin arxasında uzun müddət davam edən zəhmət dayanır: “Bu günü çoxdan gözləyirdim. Məşqlərdə çox əziyyət çəkmişəm. Ona görə də qalib gəlmək mənim üçün çox önəmli idi".
Həftədə təxminən dörd dəfə məşqlərə qatılan Fərid boş vaxtlarında da idmandan uzaq qalmır:“Məşqlərdən əlavə evdə boş olanda da gedib qaçıram. Boş vaxtlarımda da əsasən idmanla məşğul oluram".
Gələcək hədəflərindən danışan Fərid daha böyük arenalarda Azərbaycanı təmsil etmək istədiyini vurğulayır:
“Ən çox uzaq məsafəyə qaçış növünü sevirəm. Qarşıma məqsəd qoymuşam ki, gələcəkdə Avropa çempionatında iştirak edim və ölkəmi layiqincə təmsil edim”.
Məktəb həyatında da fəal olan gənc idmançı ən çox fiziki tərbiyə, riyaziyyat və Azərbaycan dili fənlərini sevdiyini qeyd edir. Dərslərlə məşqləri birlikdə davam etdirməyin bəzən çətin olduğunu desə də, məqsədlərinə çatmaq üçün səylə çalışdığını bildirir.
Fərid İsmayılovun Respublika İdman Olimpiadasında qazandığı uğur onun gələcək qələbələrinin başlanğıcı hesab olunur. Gənc atlet artıq növbəti hədəfini müəyyənləşdirib: "Arzum Avropa çempionatında iştirak etmək və Azərbaycan bayrağını zirvələrdə dalğalandırmaqdır".




