Firudin Qurbanov: Elm və təhsilin mədəniyyətlərarası dialoqda xüsusi yeri var
“Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu 7-ci dəfədir ki, Bakıda keçirilir və artıq bu, bir ənənədir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunda deyib.
Onun sözlərinə görə, forumun mövzusu beynəlxalq aləmdə xüsusi aktuallıq kəsb edir.
Nazir müavini əlavə edib ki, bu gün dünyanın müxtəlif bölgələrində etnik, dini və ərazi münaqişələri davam edir, terror aktları törədilir, insanlara qarşı ayrı-seçkilik siyasəti yeridilir. Ksenofobiya destruktiv funksiyasını yerinə yetirərək konstruktiv mədəniyyətlərarası dialoqun inkişafına mane olur və bəşəriyyətin tərəqqisini əngəlləyir, zorakılıq, münaqişə və terrorizm təhlükəsini artırır: “Belə bir şəraitdə əsas sualımız budur ki, fərqli mədəniyyətlər arasında ünsiyyəti qarşılıqlı anlaşmaya, etimada, əməkdaşlığa və davamlı sülhə necə apara bilərik? Hesab edirəm ki, bu sualın cavabında elm və təhsilin xüsusi yeri var. Müasir dövrdə qlobal problemlərin həll edilməsi cəmiyyətdə hansı tip insanın formalaşmasından çox asılıdır. Müasir tələblərə cavab verən, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşması üçün lazım olan milli və bəşəri dəyərləri cəmiyyət yalnız mükəmməl təhsil vasitəsilə verə bilər. Təcrübə göstərir ki, təhsilin inkişafı cəmiyyətdə siyasi, iqtisadi və sosial sabitliyin təmin edilməsində, inkişafında mühüm rol oynayır”.
F.Qurbanov qeyd edib ki, təhsilli insanlar siyasi həyatda daha sağlam, daha konstruktiv mövqe tutur, asanlıqla konsensus əldə etməklə münaqişələri daha tez həll edirlər. Əksinə, təhsilsiz və ya aşağı təhsilli insanlar asanlıqla ayrı-ayrı qrup maraqlarının alətinə çevrilirlər: “Təcrübə göstərir ki, münaqişələrin kökündə çox vaxt məlumatsızlıq, informasiyanın qarşısında tarixi və ya dini manipulyasiya dayanır. Qeyd edilməlidir ki, elm və təhsilə əsaslanan mədəniyyətlərarası və dinlərarası dialoq qlobal gərginliyin azaldılmasının, davamlı sülhün qurulması üçün güclü vasitədir. Ənənəvi diplomatik kanallar çıxılmaz vəziyyətə düşdükdə, məhz humanitar və elmi əməkdaşlıq konstruktiv, qarşılıqlı fəaliyyət üçün daha uyğun seçim olur”.




