Firudin Qurbanov: Milli və bəşəri həmrəylik bu gün həmişəkindən daha zəruridir 

27 Oktyabr, 2026 - 16:01
Firudin Qurbanov: Milli və bəşəri həmrəylik bu gün həmişəkindən daha zəruridir 

“Dialoq, elm, təhsil və birlik siyasətində sülh çağırışları sadəcə sözdə qalmır, real sosial layihələrə çevrilir. Elm dünyanın mənzərəsini və insanları birləşdirən vəzifələri ortaya qoyur. Təhsil onu cəmiyyətə ötürür”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunda elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, mədəniyyətlərarası və dinlərarası dialoq bu proseslərin qarşılıqlı hörmət prinsipləri əsasında həyata keçirilməsinə kömək edir: “Nəticədə kor-koranə inanmağa deyil, bir-birini dərindən anlamağa əsaslanan davamlı etimad və ünsiyyət mədəniyyəti formalaşır. Bu gün Bakıda Azərbaycanın ev sahibliyi ilə keçirilən VII Forum dünya nizamında baş verən ciddi toqquşmalar və müharibələr şəraitində keçirilir. Burada görkəmli siyasi xadim Con Kennedinin bir müdrik kəlamını xatırlatmaq istəyərdim: “Ya bəşəriyyət müharibələrə, ya da müharibələr bəşəriyyətə son qoyacaq”. Belə bir şəraitdə gələcək naminə parçalanmış dünyada körpülər qurmaq missiyası altında sülhə, ziyalılığa, milli və bəşəri həmrəyliyə çağırış, dini ayrı-seçkiliyə yox devizi bu gün həmişəkindən daha zəruridir. Ümid edirik ki, dünya birliyi bu forumun çağırışlarına səs verəcək. Bu forum dünyada sülhün qurulmasına, mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verəcək”.