Dövlət məktəblərində bir şagirdə 3 min manatadək vəsait xərclənəcək
Dövlət ümumi təhsil müəssisələrində bir şagird üçün illik təhsil xərclərinin baza məbləği məktəbin növündən asılı olaraq 2 000–3 000 manat arasında dəyişəcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları”nda öz əksini tapıb.
Qaydalara əsasən, tam orta ümumtəhsil məktəblərində bir təhsilalan üçün illik baza xərci 2 000 manat, lisey və gimnaziyalarda 2 200 manat müəyyən edilib.
Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində bu məbləğ 2 500, internat tipli lisey və gimnaziyalarda isə 3 000 manat təşkil edir.
Baza məbləğinə təhsilalanın oxuduğu səviyyəyə uyğun artım əmsalı tətbiq ediləcək. Buna görə də faktiki maliyyələşmə məbləği məktəbin növündən və təhsil səviyyəsindən asılı olaraq dəyişəcək.
Qeyd edək ki, yeni maliyyələşdirmə mexanizminin 2026/2027-ci tədris ilindən mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.




