Milli azlıqların ana dillərinin tədrisi üçün imkanlar yaradılıb – Nazir müavini
“Azərbaycanın təhsil siyasətində müasir qlobal çağırışları nəzərə almaqla insan potensialının inkişafı, müasir bacarıqların formalaşdırılması və təhsil sisteminin rəqəmsal transformasiyası əsas istiqamətlərdəndir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunda elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində 2 milyondan çox təhsilalan var: “Təhsilverənlərin sayı isə 150 000 ətrafındadır. Bu miqyas təhsilin cəmiyyətimizin dəyərlərinin, düşüncə tərzinin və gələcəyə münasibətlərinin formalaşmasında nə qədər mühüm rol oynadığını göstərir. Təhsilin vəzifəsi yalnız bilik ötürmək deyil. Biz təhsilalanlarda müstəqil düşünmək, məlumatları təqdim etmək, müxtəlif mövqeləri müqayisə etmək, arqumentləri qiymətləndirmək, koqnitiv və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməyə çalışırıq. Ölkəmizdə tarix boyu etnik və dini azlıqlar sərbəst yaşamış və heç bir təzyiqə məruz qalmamışlar. Onlara öz mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün bütün şərait yaradılıb. “Təhsil haqqında” Qanuna əsasən, ölkəmizin ümumtəhsil məktəblərində tədris dövlət dili statusuna malik Azərbaycan dili ilə yanaşı, digər dillərdə də aparılır. Belə ki, milli azlıqların sıx yaşadığı bölgələrdə onların öz ana dillərinin tədrisi üçün müvafiq imkanlar yaradılıb, müvafiq tədris resursları hazırlanıb”.
F.Qurbanovun sözlərinə görə, təqdirəlayiq haldır ki, bu gün dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində də “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənləri uğurla tədris olunur: “Azərbaycan multikulturalizmi modeli ilə dünya ölkələri multikulturalizm modellərini tanımaq və müqayisəli şəkildə öyrənmək fürsəti əldə edirlər. Bu yanaşma “Azərbaycan mədəniyyəti – 2040” konsepsiyasının həyata keçirilməsində də öz əksini tapır. Konsepsiya üzrə Elm və Təhsil Nazirliyinin icraçı olduğu tədbirlər mədəniyyətin təhsil proqramlarına inteqrasiyasını, mədəniyyət sahəsində kadr hazırlığının və təhsil proqramlarının təkmilləşdirilməsini, ali təhsil müəssisələrində mədəniyyət üzrə elmi tədqiqat fəaliyyətinin inkişafını əhatə edir. Çox əhəmiyyətlidir ki, dəyərlərin ötürülməsi yollarından biri olan təhsil sistemi humanist ənənələri nəsildən-nəslə ötürür”.




