Fuad Qarayev: Qaliblərin sayının artmasının əsas səbəblərindən biri yeni yaradılan lisey və gimnaziyalardır
“Bölgələrdə respublika fənn müsabiqələrinin qaliblərinin sayının artmasının əsas səbəbi yeni yaradılan lisey və gimnaziyalardır”.
Bunu “Azərbaycan müəllimi”nə Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyib.
O bildirib ki, hər il bölgələrdə fənn müsabiqələrinə olan maraq artır və qaliblərin sayı ildən-ilə çoxalır. Bu tendensiya çox sevindiricidir:
“Aydın məsələdir ki, bölgələrdə qaliblərin sayının artmasının əsas səbəblərindən biri yeni lisey və gimnaziyaların yaradılmasıdır. Hazırda Gəncə, Quba, Şəmkir, Şirvan, Şəki, Qazax, Biləsuvar, Qobustan, Ağdaş və digər bölgələrdə belə təhsil ocaqları fəaliyyət göstərir. Ümid edirik ki, bu təhsil müəssisələrinin məzunları gələcəkdə daha yüksək nailiyyətlər əldə edəcəklər. Müsabiqələrin təşkili ilə bağlı digər mühüm məqam fərqlənən şagirdlərin tanınmış lisey və gimnaziyalara müsabiqədənkənar qəbul ola bilməsidir. Bu, həmin şagirdlər üçün böyük bir inkişaf perspektivi və motivasiya mənbəyidir”.


