"Gələcəkdə peşəkar həkim kimi tanınmaq istəyirəm" - Qarabağın maksimal bal toplayan yeganə məzunu
Dövlət İmtahan Mərkəzinin iyulun 12-də keçirdiyi ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinə əsasən uğurlu məzunların adları məlum olub. Belə ki, IV ixtisas qrupu üzrə Qarabağ regionundan bir nəfər - Sinavər Cəbizadə maksimum nəticə göstərib. İstedadlı yeniyetməmiz hər iki mərhələnin cəminə əsasən isə 692.1 bal toplayıb.
Sinavər Füzuli rayon 50 nömrəli tam orta məktəbin məzunudur. O, qazandığı uğurun arxasında məqsədyönlülük, zəhmət və özünəinamın dayandığını bildirir.
"Azərbaycan müəllimi" ilə sevincini bölüşən Sinavər deyir ki, Qarabağ regionu üzrə ən yüksək nəticəni əldə etmək onun üçün təkcə şəxsi nailiyyət deyil, həm də böyük qürur hissidir: “Bu nəticəmə görə çox sevinirəm. Hesab edirəm ki, əzmkar və inamlı olmaq insanı qarşıya qoyduğu məqsədinə çatdırır. Azərbaycan Tibb Universitetində təhsil almaq arzusundayam. Gələcəkdə peşəkar həkim kimi tanınmaq istəyirəm".
Sinavərin əldə etdiyi yüksək nəticə bir daha göstərir ki, zəhmət çəkmək, məsuliyyətli olmaq və düzgün hədəf seçimi böyük uğurların əsas açarıdır.




