Gənclərə daha çox həyati səriştələri aşılamalıyıq - Asif Cahangirov

20 Dekabr, 2025 - 17:54
Gənclərə daha çox həyati səriştələri aşılamalıyıq - Asif Cahangirov

“İndiki zamanda əsas məsələ fənlərin çatdırılması deyil, fənlər vasitəsilə insanın, yəni bizim gənclərimizin formalaşmasıdır. Bax, bu formalaşma prosesində biz daha çox həyati səriştələri onlara aşılamalıyıq. Elə səriştələri ki, onların cəmiyyətdə yaşamasına, gələcək peşə fəaliyyətində uğur qazanmasına dəstək olacaq”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əməkdar müəllimi, Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən 3-cü Təhsil Menecerləri Forumunda səsləndirib. 

O bildirib ki, bu səriştələrin sayı həddindən artıq çoxdur - ünsiyyət, kreativlik, ekoloji təfəkkür, ömürboyu təhsil, empatiya və s. “Hesab edirəm ki, məktəbin əsas vəzifəsi məhz bu səriştələrin şagirdlərə aşılanmasıdır. Və bu səriştələr sistemli şəkildə şagirdlərimizə qazandırılmalıdır. Üstəlik, hər bir fənnin daxilində bu imkanlar mövcuddur. 

Bizim dərsliklərimizdə, kurikulumumuzda və pedaqoji kadr hazırlığında bu səriştələrin aşılanmasına xüsusi diqqət yetirilməli, hər bir fənnin daxilində olan imkanlar üzə çıxarılmalı və bu səriştələr şagirdlərə qazandırılmalıdır.

Çünki sürətlə dəyişən dövrdə müşahidələr göstərir ki, indiki məktəb şagirdləri gələcəkdə 3–7 dəfə öz peşələrini dəyişəcəklər. Ona görə də yalnız hər hansı bir sahə üzrə dərin biliklər verməklə, lakin hazır səriştələr aşılamadan onların gələcəyini tam şəkildə təmin etmək mümkün deyil”.