“Google alətləri dərsi dəyişir” - Müəllimlərdən “Rəqəmsal məktəb”ə müsbət RƏY

30 Aprel, 2026 - 10:17
“Google alətləri dərsi dəyişir” - Müəllimlərdən “Rəqəmsal məktəb”ə müsbət RƏY

Azərbaycanda təhsilin rəqəmsallaşdırılması istiqamətində yeni mərhələ başlayıb. Elm və Təhsil Nazirliyi ilə "Google" arasında əməkdaşlıq çərçivəsində “Rəqəmsal məktəb” platformasında müəllimlər üçün yeni alətlər istifadəyə verilib. Artıq platformada qeydiyyatdan keçmiş müəllimlər "Google Classroom", "Google Docs", "Google Meet" və süni intellekt əsaslı həllərə ödənişsiz çıxış əldə edirlər.

Yeni imkanlar sırasında xüsusilə "Gemini" və "NotebookLM" diqqət çəkir. Bildirilir ki, "Gemini" dərs planlarının hazırlanması, mövzuların izahı və qiymətləndirmə tapşırıqlarının tərtibində müəllimlərə dəstək verir. "NotebookLM" isə müəllimlərin öz materialları əsasında xülasə çıxarmasına, əsas məqamları müəyyən etməsinə və suallar hazırlamasına kömək edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin brifinqində qurumun direktoru Eşqi Bağırov bildirib ki, "Rəqəmsal məktəb" platforması gələn tədris ilindən Gəncə, Mingəçevir, Sumqayıt, Abşeron və Naxçıvan şəhərlərində tam tətbiq olunacaq. O vurğulayıb ki, indiki mərhələdə bu layihəyə 300-dən artıq müəllim və 2000-dən artıq şagird cəlb olunub. Yeni tədris ilində isə bu göstəricilərin əhəmiyyətli dərəcədə artması gözlənilir. Artıq təxminən 10 000 şagirdin və 500-ə yaxın müəllimin platformadan istifadə imkanı olacaq.

"Rəqəmsal məktəb" platforması çərçivəsində "Google" alətlərindən istifadə edən müəllimlərdən biri, Heydər Əliyev adına liseyin ibtidai sinif müəllimi, Əməkdar müəllim Hökümə Xələfli layihə haqqında fikirlərini Redaktor.az ilə bölüşərkən bildirdi ki, bu fürsət onun işini çox yüngülləşdirir:

""Google Forms"da valideynlər üçün sorğular, şagirdlər üçün açıq və qapalı suallardan ibarət testlər yaradıram. Vaxta qənaət etmək və cavabları operativ ümumiləşdirmək baxımından çox faydalıdır. "Google Docs" redaktə aləti olaraq sənəd üzərində eyni zamanda şagirdlərimlə birlikdə işləmək imkanı verir. Şagirdlərim ümumi sənəd üzərində şərhlər yaza, redaktələr apara bilirlər. Bu alət bizə komanda şəklində birlikdə işləmək üçün faydalıdır. "Google Slides"də yaratdığım təqdimatı paylaşıram, uşaqlara icazə verirəm, onlar mövzu ətrafında slaydlar (yazı, video, şəkil) əlavə edərək interaktiv şəkildə, müzakirələr nəticəsində dərsi öyrənirlər. Bu da tədris prosesini maraqlı edir, zənginləşdirir. Ən xoşuma gələn “NotebookLM”dir. Süni intellekt aləti olaraq dərs qurmaqda mənə kömək edir. Faylı, PDF-i və s. sənədləri yükləyərək suallarıma əsasən mənə çox gözəl nəticələr verir. Kartlar, iş vərəqləri yaradır. Növbəti Sİ aləti “Google Gemini”dir. Onunla birlikdə bu yaxınlarda 4-cü sinif üçün "Əlvida məktəb" tədbirinin qeyri-adi ssenarisini hazırladım. Bu alətlər müəllimlər üçün pullu versiyaların imkanlarını pulsuz olaraq açır. Buna görə təşəkkür edirəm".

"“Rəqəmsal məktəb” platforması çərçivəsində təqdim olunan imkanlar müəllimlər üçün dərs prosesini daha çevik, interaktiv və effektiv edir. Mən özüm də bu prosesdə yalnız “Rəqəmsal məktəb” platformasından deyil, eyni zamanda Google alətlərindən, “Gemini” süni intellekt platformasından və “Microsoft Copilot” proqramından da aktiv şəkildə istifadə edirəm".

Bu fikirləri də layihə haqqında düşüncələrini Redaktor.az-a danışan Seyid Cəfər Pişəvəri adına Humanitar fənlər gimnaziyasının ingilis dili müəllimi Aynur Məmmədova dedi. O əlavə etdi ki, bu alətlər birlikdə onun pedaqoji fəaliyyətimi daha zəngin və sistemli edir:

""Gemini" və "Microsoft Copilot" kimi süni intellekt alətləri isə mənim üçün əlavə dəstək rolunu oynayır. Onlardan dərs planlarının hazırlanmasında, fərqli səviyyələrə uyğun tapşırıqların formalaşdırılmasında, mətnlərin sadələşdirilməsində və yaradıcı ideyaların tapılmasında istifadə edirəm. Bu, müəllimin vaxtına qənaət edir və dərsin keyfiyyətini artırır. Gələcəkdə bu cür texnologiyaların təhsil sistemində rolu daha da genişlənəcək. Çünki artıq təhsil yalnız sinif otağı ilə məhdudlaşmır ,rəqəmsal mühit öyrənməni daha davamlı və əlçatan edir. Şagirdlər də bu alətlər vasitəsilə daha aktiv və müstəqil öyrənməyə yönəlirlər. Digər müəllimlərə tövsiyəm odur ki, bu texnologiyalardan çəkinmədən, mərhələli şəkildə istifadə etsinlər. Kiçik addımlarla başlamaq, məsələn "Google Forms" ilə test hazırlamaq və ya “Rəqəmsal məktəb”də tapşırıq paylaşmaq belə böyük fərq yaradır. Daha sonra isə “Gemini” və “Copilot” kimi süni intellekt alətləri ilə işi daha yaradıcı və səmərəli səviyyəyə qaldırmaq mümkündür. Sonda isə hesab edirəm ki, rəqəmsal alətlər müəllimin işini əvəz etmir, əksinə onu daha güclü və məhsuldar edir. Əsas istiqamət verən yenə də müəllimdir,texnologiya isə bu işi daha rahat, daha sürətli və daha keyfiyyətli etməyə kömək edən güclü bir vasitədir".

Bakı şəhəri 17 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Elmira Ağayeva da bu layihədən yararlanan müəllimlərdəndir. O düşüncələrini Redaktor.az-a bildirərkən qeyd etdi ki, müasir dövrdə müəllimlərin Google ekosistemində olan süni intellekt alətlərindən istifadəsi tədrisin keyfiyyətini artırmaq üçün çox vacibdir:

"Mən bu mövzuda əsasən praktik istifadələrə diqqət yetirərdim. Məsələn, Google Meet platformasında müəllim onlayn dərs keçir və bu alətin imkanlarından maksimum yararlanaraq dərsi interaktiv təşkil edə bilir. Burada müəllim şagirdləri kiçik qruplara bölərək “breakout rooms” vasitəsilə qrup işi təşkil edə bilər. Hər qrupa ayrıca tapşırıq verilir, müəllim isə otaqlar arasında keçid edərək prosesi izləyir. Bu üsul əməkdaşlıq, ünsiyyət və problem həll etmə bacarıqlarını inkişaf etdirir".

Müəllimə həmçinin diqqətə çatdırdı ki, digər faydalı alət "NotebookLM" proqramıdır:

"Bu alətin imkanları da genişdir, amma daha az istifadə olunan və əslində daha çox faydalı olan hissələrdən danışacağam. Burada müəllim dərs materiallarını, mətnləri və resursları sistemə əlavə etdikdən sonra həmin məlumatlar əsasında zehin xəritəsi (mind map) yarada bilər. Bu, mövzunun əsas anlayışlarını əlaqəli şəkildə görməyə imkan verir. Xüsusilə mürəkkəb mövzuların sadələşdirilməsi və şagirdlərin vizual öyrənməsi üçün çox effektivdir. Bundan əlavə, "NotebookLM"də "Hesabatlar" funksiyası var. Müəllim uzun mətnləri və ya bir neçə mənbəni sistemə yükləyərək qısa xülasə, əsas nəticələr və hesabat formasında çıxarış ala bilər. Bu, müəllimin vaxta qənaət etməsinə, dərsə hazırlıq prosesini sürətləndirməsinə və ümumiləşdirmə aparmasına kömək edir. Yekun olaraq deyə bilərəm ki, "Google"un süni intellekt alətləri müəllimi əvəz etmir, əksinə müəllimin işini daha səmərəli, yaradıcı və çevik edir. Müasir müəllim bu alətlərdən istifadə etməyi bacarmalıdır. Şagirdlər dinamik, interaktiv və tapşırıqyönümlü dərs mühitində daha fəal iştirak edir, daha yaxşı öyrənir və bilikləri daha davamlı mənimsəyirlər".

Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev də yeni layihə ilə bağlı düşüncələrini Redaktor.az-a bildirdi. O vurğuladı ki, müasir dövrə, texnoloji avadanlıqlara və təhsil sisteminin inkişafına istiqamətlənmiş hər bir təklif və təşəbbüs, əlbəttə ki, alqışlanmalıdır:

"Yəni bu yeni bir layihədir və mən düşünürəm ki, çox mükəmməl bir layihədir. Hesab edirəm ki, bizdə də bu layihələr uğur qazanacaq. Çünki həqiqətən də biz inkişaf etmək istəyiriksə, inkişaf etmiş ölkələrin təhsil sistemi ilə inteqrasiya istəyiriksə, eyni tətbiqi Azərbaycanda da həyata keçirməliyik. Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi layihələr əsasən beynəlxalq təcrübəyə əsaslanan və təhsil sisteminin modernləşdirilməsinə yönəlmiş təşəbbüslərdir. Bu yanaşma çərçivəsində ETN tərəfindən tətbiq olunan yeniliklər təhsil prosesinin keyfiyyətinin artırılması və qlobal təcrübəyə uyğunlaşdırılması məqsədi daşıyır. Sertifikatlaşdırma və digər islahatlar da daxil olmaqla bu layihələr təhsil sistemində daha müasir idarəetmə və inkişaf modelinin formalaşdırılmasına xidmət edir. Bununla yanaşı rəqəmsallaşdırma, STEAM layihələri və bir çox digər layihələri qeyd etmək olar. Yəni bu layihələr həqiqətən də inkişafa istiqamətlənən layihələrdir. İnkişafa istiqamətlənən hər bir layihə, hesab edirəm ki, dəstəklənməlidir".

Mənbə: Redaktor.az