Günel Səfərova: Erkən evliliklər təhsilsiz cəmiyyətin formalaşmasına gətirib çıxarır
“Baş verən halları təhsil sistemində də müşahidə etmək mümkündür”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsil TV-də qonaq olan Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova səsləndirib.
O bildirib ki, icbari təhsil 9 illikdir, lakin 10-11-ci siniflərdə bəzən qızların təhsili yarımçıq qalır. Təbii ki, 16-17 yaşlı uşağın ailə qurmaq qərarı verməsi inandırıcı deyil:
“Bu yaşda gənclər hələ qərarverici səviyyədə olmur və biz bunu normal hal kimi qəbul etməməliyik”.
Rəis müavini qeyd edib ki, qanunvericilikdə müəyyən olunmuş yaş həddi var və hər kəs buna riayət etməlidir:
“Belə halların aşkarlanmasında məktəblər mühüm rol oynayır. Bizə regional təhsil idarələrindən və müxtəlif bölgələrdən bu kimi məlumatlar daxil olur. Həmin məlumatlar dərhal araşdırılır və məsələ digər aidiyyəti qurumlarla birlikdə nəzarətə götürülür”.
Günel Səfərova vurğulayıb ki, erkən evliliklər qız uşaqlarına heç bir üstünlük qazandırmır, əksinə, gələcəkdə bir sıra sosial və psixoloji problemlərə yol açır:
“Bu hallar anlaşılmayan ailələrin yaranmasına, boşanmaların çoxalmasına və nəticədə təhsilsiz bir cəmiyyətin formalaşmasına səbəb olur”.



