Gürcüstanda elmi-tədqiqat müəssisələri necə idarə olunacaq? 

6 Fevral, 2026 - 16:09
Gürcüstanda elmi-tədqiqat müəssisələri necə idarə olunacaq? 

Gürcüstanın ali təhsil sistemində planlaşdırılan dəyişikliklərlə bağlı qanunvericilik paketinin bir hissəsi olaraq, tədqiqat müəssisələrinin idarəetmə sistemi optimallaşdırılır. 

”Azərbaycan müəllimi” xəbər verir ki, parlament tərəfindən fevralın 4-də qəbul edilən qanuna əsasən, tədqiqat müəssisəsinin direktoru vəzifəsini doktorluq dərəcəsinə və ya ona bərabər tutulan akademik dərəcəyə malik, 65 yaşına çatmamış və ən azı beş illik tədqiqat təcrübəsi və ya rəhbər vəzifədə çalışmış şəxs tuta bilər. Əvvəlki qanuna əsasən, 65 yaşına çatmaq müəssisənin direktorunun səlahiyyətlərinə xitam vermirdi.

Tədqiqat müəssisəsinin direktorunu təyin etmək və vəzifədən azad etmək səlahiyyəti müəssisənin dövlət nəzarət orqanının rəhbərinə məxsusdur. Direktor təyin olunana qədər qurumun rəhbərinin direktor vəzifəsini icra edən şəxs təyin etmək hüququ var.
"Elm, texnologiya haqqında" Qanuna dəyişikliklər Təhsil və Elm Nazirliyi tərəfindən hazırlanıb. Nazirliyin məlumatına görə, yeni qanun qərar qəbuletmə prosesini sürətləndirəcək, institusional sabitliyi artıracaq və elmi siyasətin həyata keçirilməsini daha effektiv şəkildə əlaqələndirəcək.

Bundan əlavə, Gürcüstanda abituriyentlər 2026-cı ildən başlayaraq ali məktəbə daxil olmadıqları təqdirdə təhsillərini kolleclərdə davam etdirə biləcəklər. Abituriyentlər, seçdikləri universitetdən əlavə, proqramda əlavə olaraq özlərini sığortalamaq üçün daha 3 peşə Kolleci və ya proqram təyin edə, məktəbdən sonra kollec təhsilini davam etdirə biləcəklər. "Arzu edirik ki, gənclər ali məktəbə qəbula sənəd verərkən müraciətlərində  üç kolleci və ya peşə proqramını qeyd etmək imkanına sahib olsunlar, universitetə daxil olmamaqdan özlərini sığortalasınlar, təhsil prosesindən kənarda qalmasınlar. Gənclər peşəkar bir proqram seçə biləcəklər. Sizə deyə bilərəm ki, bu qərar qəbul edilib. Heç bir məhdudiyyət planlaşdırılmır," - deyə nazir müavini Zviad Qabisoniya bildirib.