Hacı Zeynalabdin Tağıyev təqaüdünü alan qızların sayı 100-ə çatdırılacaq
“Bu il Hacı Zeynalabdin Tağıyev adına yeni təqaüd təsis edilib və 22 qız həmin təqaüdü qazanıb. Qarşıdakı il üçün əsas hədəfimiz təqaüd alanların sayını ən azı 100 nəfərə çatdırmaqdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təşkil olunan təltifetmə mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova bildirib.
Komitə sədri qeyd edib ki, ilkin mərhələdə 14 qızın təhsilinə dəstək göstərilməsi ilə başlayan layihədən ötən müddətdə 730 nəfər yararlanıb.
“İlk müraciətimizə qadın sahibkarlar cavab verdilər. Onların hər biri bir qızın təhsilinə dəstək göstərməyi öhdəsinə götürərək bir il ərzində aylıq təqaüdlərini ödədilər. Daha sonra çağırışımıza ilk cavab verənlərdən biri elm və təhsil naziri Emin Əmrullayev oldu. O, ilk gündən layihənin yanında olub”.
B.Muradova bildirib ki, növbəti ildən təşəbbüs daha sistemli layihəyə çevrilib və Təhsilin İnkişafı Fondunun ilk layihəsi kimi davam etdirilib.
Komitə sədri Hacı Zeynalabdin Tağıyev adına təqaüd proqramının əhatəsinin genişləndirilməsi məqsədilə neft sənayesində fəaliyyət göstərən şirkətlərə də çağırış edib:
“Hacı Zeynalabdin Tağıyev neftdən əldə etdiyi vəsait hesabına təhsilə böyük dəstək göstərirdi. Bu gün də neft sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətləri layihəmizə qoşulmağa dəvət edirəm. Məqsədimiz gələn il bu təqaüddən yararlanan qızların sayını 100 nəfərə çatdırmaqdır”.
B.Muradova layihənin qızların təhsilinə dəstək olmaqla yanaşı, bu prosesdə cəmiyyətin iştirakını genişləndirdiyini vurğulayıb. O, layihəyə dəstək göstərən sahibkarlara, müxtəlif fondlara və Təhsilin İnkişafı Fonduna təşəkkürünü bildirib.




