“Layihə məhz qızlarımızın inkişafına dəstək üçün həyata keçirilir” - Nicat Məmmədli
“Qızların Təhsilinə Dəstək” layihəsinin əsas məqsədi hansı ailədə və sosial şəraitdə böyüməsindən asılı olmayaraq, qızların istedadlarını üzə çıxarmaq, təhsil və inkişaf imkanlarını genişləndirməkdir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təşkil olunan təltifetmə mərasimində Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib.
O, Azərbaycanın ilk qadın opera müğənnisi Şövkət Məmmədovanın həyat yolunu nümunə göstərərək istedadlı qızların təhsilinə dəstəyin əhəmiyyətindən danışıb.
N.Məmmədli xatırladıb ki, 1897-ci ildə Tiflisdə sadə ailədə dünyaya gələn Şövkət Məmmədovanın musiqi istedadı erkən yaşlarından üzə çıxıb. O, 1911-ci ildə Hacı Zeynalabdin Tağıyevin və həyat yoldaşı Sona xanımın maliyyə dəstəyi ilə 14 yaşında İtaliyanın Milan şəhərinə musiqi təhsili almağa göndərilib. Sonralar Azərbaycanın ilk qadın opera müğənnisi kimi tanınan Şövkət Məmmədova ölkədə musiqi təhsilinin inkişafına və peşəkar ifaçıların yetişməsinə mühüm töhfələr verib.
“Bu hekayə bir başlanğıcın hekayəsidir. Biz hansı ailədə doğulduğumuzu özümüz seçmirik. Amma istedadları görüb onlara kömək etməyi özümüz seçə bilirik. Layihəmiz də məhz qızlarımızın istedadlarını üzə çıxarmaq, onların gələcək inkişafına dəstək olmaq üçün həyata keçirilir”.
TİF sədri bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən layihəyə dəstək vermək fond üçün qürurvericidir.
N.Məmmədli layihə iştirakçılarına müraciət edərək gələcəkdə onların da digər istedadlı qızlara dəstək göstərəcəklərinə inandığını ifadə edib:
“Əminik ki, sizlər də maarifçi qadınlarımızın və xeyriyyəçilərimizin yolunu davam etdirərək gələcəkdə istedadları görəcək, onlara dəstək olacaq, inkişaflarına kömək edəcəksiniz”.
N.Məmmədli gənclərin bilik və bacarıqları ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcəklərinə əminliyini bildirib, ölkənin növbəti uğurlarının qazanılmasında elm və təhsilin rolunu vurğulayıb.




