Hazır cavab vermək, yoxsa yol göstərmək? – Mentorlar gənclərə düzgün istiqamət göstərdilər

6 Oktyabr, 2026 - 10:43
Hazır cavab vermək, yoxsa yol göstərmək?

Mentor olmaq nə deməkdir? Gəncə işin qaydalarını öyrətmək, çətinlik çəkəndə köməyinə çatmaq, yoxsa bir addım geri çəkilib ona həll yolu tapmasına imkan vermək? Elm və Təhsil Nazirliyində keçirilən “Effektiv mentorluq: Potensialın aşkarlanması və inkişafı” adlı təlimdə də məhz bu suallara cavab axtarılıb.

Bu sualın cavabını axtaranlar isə sadəcə kənardan mentorluq haqqında danışanlar deyildi. Təlimin keçirildiyi zalda “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə dörd ay ərzində işləyəcək mentorlar əyləşmişdilər. Onların arasında proqramın əvvəlki iştirakçıları, yəni bir vaxtlar özləri “Maarifçi” kimi bu təcrübədən keçən və indi başqalarının inkişafına dəstək verməyə hazırlaşan şəxslər də vardı. Bir sözlə, söhbət yalnız mentorun necə olmalı olduğundan getmirdi. Söhbət bir gəncin nəzəri bilikdən real iş mühitinə keçdiyi həmin ilk mərhələdə ona necə yol göstərməkdən gedirdi.

Təlimdə əvvəlcə Elm və Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə sektorunun məsləhətçisi, “Maarifçi” tələbə-məzun proqramının İşçi qrupunun katibi Tünzalə Vəliyeva proqramın məqsədi, iştirakçılara yaratdığı imkanlar və mentorların bu prosesdəki rolu barədə danışıb.

T.Vəliyevanın sözlərinə görə, “Maarifçi” tələbə-məzun proqramı insan resursları potensialının inkişafına, yeni təşəbbüslərin dəstəklənməsinə və gələcək kadrların yetişdirilməsinə xidmət edir: “Burada əsas məqsəd tələbə və yeni məzunların nəzəri biliklərini real iş şəraitində tətbiq etmələrinə imkan yaratmaq, onların peşəkar inkişafını dəstəkləmək və nazirlik sistemi üçün potensial kadrların formalaşmasına töhfə verməkdir. “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları üçün bu prosesin əhəmiyyəti yalnız iş təcrübəsi qazanmaqla bitmir. Proqram çərçivəsində təşkil olunan müxtəlif tədbir və təlimlər onların yumşaq bacarıqlarının inkişafına, ünsiyyət və komanda ilə işləmək vərdişlərinin formalaşmasına da kömək edir. Gənclərin peşəkar mühitlə tanış olması proqramın onlara verdiyi ən böyük təcrübələrdən biridir”.

Bəs bu müddətdə mentorun üzərinə hansı məsuliyyət düşür?

Bu suala aydınlıq gətirən T.Vəliyeva bildirib ki, mentor “Maarifçi” proqramında dörd ay boyunca “Maarifçi”ni izləyən, onun bütün fəaliyyətlərinə rəhbərlik edən, onu öyrədən, peşəkar inkişafına şərait yaradan şəxsdir: “Mentorun işi yalnız iştirakçının tapşırıqlarını yerinə yetirməsinə nəzarət etməkdən ibarət deyil. O, gəncin iş prosesini mənimsəməsinə, nəzəri biliklərini praktikada tətbiq etməsinə və peşəkar inkişaf istiqamətlərini müəyyənləşdirməsinə dəstək olur. Buna görə də mentorların müəyyənləşdirilməsi zamanı müvafiq qayda və prinsiplərə əməl olunur”.

Mentorluğun mahiyyətini isə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirova öz çıxışında izah edib. Onun sözlərinə görə, bu prosesdə təcrübəli əməkdaş öz bilik və bacarıqlarını bölüşür, gəncin peşəkar və şəxsi inkişafına dəstək olur, amma onun əvəzinə düşünmür və qərar vermir: “Biz istəmirik ki, siz onların yerinə səhvləri düzəldəsiniz. Onlar həmin səhvləri düzəltməyi öyrənməlidirlər. Proqram iştirakçıları hələ karyeralarının ilk pillələrindədirlər. Onlar üçün iş mühitinin tələblərini anlamaq, tapşırıqları müstəqil yerinə yetirmək, çətinliklər qarşısında həll yolu tapmaq yeni təcrübədir. Mentorun vəzifəsi də bu mərhələdə gəncin ehtiyaclarını müəyyənləşdirmək, ona düzgün istiqamət göstərmək və zamanla daha müstəqil işləməsinə şərait yaratmaqdır”.

Xanım Daşdəmirova mentorla menti arasında gözləntilərin aydınlaşdırılmasının vacibliyinə də toxunub. Çünki mentorun gəncdən gözlədikləri ilə gəncin mentordan gözləntiləri fərqli ola bilər. Bu fərqləri anlamaq, qarşılıqlı ünsiyyəti düzgün qurmaq və fəaliyyəti obyektiv qiymətləndirmək mentorluq prosesinin mühüm hissəsidir.

“Maarifçi” tələbə-məzun proqramının iştirakçılarını gələcək kadrlar kimi gördüklərini bildirən X.Daşdəmirova onların həm texniki biliklərinin, həm də yumşaq bacarıqlarının inkişafına diqqət yetirilməli olduğunu qeyd edib: “Proqram boyunca fərdi və qrup şəklində təşkil olunan təlimlər də bu məqsədə xidmət edir. Komanda işi, ünsiyyət və əməkdaşlıq bacarıqları gənclərin gələcək peşəkar fəaliyyətində mühüm rol oynayır. Mentorluq prosesi mentorun özü üçün də inkişaf imkanları yaradır. O, təcrübəsini bölüşməklə yanaşı, rəhbərlik və ünsiyyət bacarıqlarını inkişaf etdirir, mentisinin yanaşmalarından da öyrənir. Beləliklə, bu münasibət yalnız bir tərəfin digərinə bilik ötürməsi ilə məhdudlaşmır, qarşılıqlı öyrənmə üçün də şərait yaradır”.

Təlimin praktiki hissəsində mentorlar nümunələr əsasında öz mentilərinin fəaliyyətini necə qiymətləndirəcəklərini müzakirə ediblər. İştirakçılar konkret situasiyalar üzərində işləyərək qiymətləndirmə meyarlarını tətbiq edib, fərqli hallara münasibətlərini bölüşüblər. 
Qiymətləndirmə meyarlarını real situasiyalar üzərində tətbiq edən və öz mentisinə ən yüksək balı verən mentorlar arasında Elm və Təhsil Nazirliyinin Audit şöbəsinin əməkdaşı Rauf Feyzullayev də var. O hesab edir ki, “Maarifçi”lər, ilk növbədə, real situasiyalar əsasında və obyektiv şəkildə qiymətləndirilməlidirlər: “Düşünürəm ki, hər şey real situasiyada dəyərləndirilməlidir. Hətta “Maarifçi” hansısa çətinliklə qarşılaşırsa belə, bunun səbəbləri araşdırılmalıdır. Onlar müstəqil düşünməyi öyrənməlidirlər. Müstəqil düşünməyi öyrənən hər kəs irəli gedə bilər”, – deyə R.Feyzullayev bildirib.

Onun sözlərinə görə, mentorların təcrübə keçən gənclərə münasibəti də obyektiv olmalı, eyni zamanda onları inkişaf etməyə və daha çox çalışmağa həvəsləndirməlidir. Mentor öz mentisini müstəqil şəkildə qiymətləndirməli, onun güclü və inkişaf etdirməli olduğu tərəfləri düzgün müəyyənləşdirməlidir: “Bizim “Maarifçi”miz hüquqşünasdır və qanunların təsbit olunmasında bizə çox kömək edir. Biz birgə iş görürük. O da öz fikir və təşəbbüslərini bizimlə bölüşür”, - deyə o qeyd edib.

Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin əməkdaşı Günel Seyidova isə təlimin mentorlar üçün faydalı olduğunu vurğulayıb. Onun fikrincə, təlim bir tərəfdən mentorların bildiklərini yenidən xatırlamasına, digər tərəfdən isə bilmədiklərini öyrənib daha yaxşı anlamasına imkan yaradıb: “Bugünkü təlim çox məhsuldar keçdi. Bizə bildiklərimizi xatırlatdı, bilmədiklərimizi yenidən öyrənməyə və anlamağa kömək etdi. Mentorluğun mahiyyəti yalnız öz təcrübəsini gəncə ötürməkdən ibarət deyil. Mentor eyni zamanda təcrübə keçən şəxsin özünü tapmasına, potensialını görməsinə və kompetensiyalarını inkişaf etdirməsinə şərait yaratmalıdır.

Mentor təcrübə keçən şəxsin suallarına hazır cavablar verməməli, fikir və təkliflərini sərbəst bildirməyə şərait yaratmalı, onu daha çox “özümü necə inkişaf etdirə bilərəm?” deyə düşünməyə vadar etməlidir”, – deyə G.Seyidova bildirib.
Növbəti müsahibimiz isə Elm və Təhsil Nazirliyinin Protokol sektorunun əməkdaşı Arzu Abdullayevadır. O, artıq ikinci dəfə mentor kimi fəaliyyət göstərir və hazırda “Maarifçi” Asiman Əhmədovun mentorudur.

Arzu Abdullayeva üçün təlimdə ən diqqətçəkən məqamlardan biri qiymətləndirmə ilə bağlı praktiki hissə olub. Onun sözlərinə görə, təlimdə əldə etdiyi yanaşmalar gələcək mentorluq fəaliyyətində də ona fayda verəcək: “Bir mentor olaraq mentimə ilk növbədə iş prosesini daha yaxşı anlaması və praktiki biliklər qazanması üçün istiqamət verirəm. Onun suallarını cavablandırır, qarşılaşdığı çətinliklərin həllində dəstək olur, gördüyü işlərlə bağlı mütəmadi rəy və tövsiyələr verirəm”, – deyə o bildirib.

Onun fikrincə, proqram çərçivəsində keçirilən müxtəlif təlimlər, rəhbərlərlə görüşlər və iştirakçıların fəaliyyət göstərdikləri şöbə və ya sektorda iş prosesinə cəlb olunması onların hazırlıq səviyyəsinin yüksəlməsinə kömək edir: ““Maarifçi” tələbə-məzun proqramı gənclərin peşəkar inkişafı və praktiki biliklərinin artırılması baxımından əhəmiyyətlidir. Proqram iştirakçılarına iş mühitini yaxından tanımaq, müxtəlif istiqamətlərdə özlərini sınamaq və peşəkar hazırlıqlarını gücləndirmək imkanı verir”, – deyə o bildirib.