Hədəfimiz TAU-nu regional mərkəzə çevirməkdir – Vilayət Vəliyev

14 Yanvar, 2026 - 17:08
Hədəfimiz TAU-nu regional mərkəzə çevirməkdir

"Strateji hədəfimiz ondan ibarətdir ki, TAU mərhələli şəkildə beynəlxalq tələbə portfeli olan, çoxmədəniyyətli və çoxdilli akademik mühitə malik regional ali təhsil mərkəzinə çevrilsin".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru vəzifəsini icra edən Vilayət Vəliyev "Xalq" qəzetinə müsahibəsində deyib.

Rektor bildirib ki, bu, Azərbaycanın elm və təhsil sistemini qlobal dövriyyəyə daxil etmək baxımından mühüm əhəmiyyət daşıyır: "Bu yalnız universitetin nüfuzunu artırmaq deyil, həm də Azərbaycanın elm və təhsil sistemini qlobal dövriyyəyə daxil etmək, ölkəmizi Cənubi Qafqaz və Avrasiya məkanında təhsil mərkəzinə çevirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 sentyabr 2024-cü il tarixli “Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncamı TAU-nun gələcək inkişaf xəttini aydın müəyyən edir: bu universitet yerli deyil, beynəlxalq səviyyəli akademik platforma kimi qurulur və xarici tələbələrin cəlb edilməsi bu strategiyanın ayrılmaz hissəsidir".