Həm idmanda, həm təhsildə fərqlənir: İdmançı müəllim 58 bal topladı
İdmanda uğur qazanmaq üçün tək istedad kifayət etmir. Daim məşq etmək, öz üzərində işləmək və intizamlı olmaq lazımdır. Eyni prinsiplər müəllimlik peşəsində də keçərlidir. Bakı şəhəri 99 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Şamxal Əsgərov da sertifikatlaşdırma imtahanından 58 bal toplayaraq bunu bir daha təsdiqləyir.
Şamxal müəllim 2023-cü ildə müəllimlərin işə qəbulu müsabiqəsində 63 bal toplayaraq müəllimlik fəaliyyətinə başlayıb. Bununla yanaşı, o, 2007-ci ildən kikboksinq idman növü ilə məşğul olur. Uzun illər həm məşqçi-müəllim, həm də aktiv idmançı kimi fəaliyyət göstərib və hələ də idmandan ayrılmayıb. DİN-in İdman Cəmiyyətinin idmançısıdır.
Bu gün isə o, sertifikatlaşdırma imtahanında 58 bal toplayaraq növbəti uğuruna imza atıb.
“İmtahan çox şəffaf şəkildə təşkil olunmuşdu. Suallar tamamilə mövzu və proqram çərçivəsində idi. Düşünürəm ki, öz üzərində çalışan hər bir müəllim bu sualları rahatlıqla cavablandıra bilərdi”.
Şamxal müəllim uğurlu nəticənin təsadüfi olmadığını deyir. Onun sözlərinə görə, imtahana hazırlığa aylar öncədən başlayıb: “Ümumiyyətlə, daim öz üzərimdə çalışıram. Bununla yanaşı, yanvar ayından həm metodika, həm də ixtisas üzrə mövzuları yenidən təkrarlamışdım. Biliklərimi sistemli şəkildə təzələmişdim və bunun da nəticəsini gördüm”.
Fiziki tərbiyə müəllimi hesab edir ki, sertifikatlaşdırma həm də onun şagirdlər qarşısındakı nüfuzuna müsbət təsir göstərir: “Əlbəttə ki, hər şagird müəlliminə nümunə kimi baxır və müəyyən mənada ona bənzəməyə çalışır. Müəllim şagird üçün örnək şəxsdir. Ona görə də düşünürəm ki, mən də müəllim olaraq əldə etdiyim nəticələrlə şagirdlərimə yaxşı nümunə ola bilərəm”.
Onun fikrincə, əldə olunan nəticə eyni zamanda şagirdlərin müəllimə olan etimadını da möhkəmləndirir:
“Bu cür nəticələr müəllimin özünəinamını artırdığı kimi, şagirdlərin də müəllimə olan etimadını daha da gücləndirir”.




