“Hər kəsin içində özünəməxsus bir güc var” – Qax birincisi olan şagird
Hər bir uğurlu şagirdin arxasında həm bir ailə, həm bir məktəb, həm də bir müəllim dayanır. Bu gün uğurlu gələcək naminə çalışan, kitabdan və bilikdən güc alan gənclərin sayı artmaqdadır. Onlardan biri də elə Çiçək Hümətlidir.
11-ci siniflər üzrə builki buraxılış imtahanında 297.5 balla Qax rayonu üzrə ən yüksək nəticə göstərən Çiçək Hümətli N.Allahverdiyev adına 2 nömrəli tam orta məktəb-liseyin şagirdidir. Çiçəyin nailiyyəti sadəcə yüksək nəticə deyil, illərlə davam edən səbrin, zəhmətin və təhsilə olan dərin inamın bəhrəsidir.
Uşaqlıq arzusu: Hüquqşünas olmaq
Çiçək uşaqlıqdan böyük arzular quraraq böyüyüb. Sosial şəbəkələrdən uzaq, intellektual mühitə yaxın bir həyat seçib. Məqsədini isə həmişə aydın ifadə edib: hüquqşünas olmaq. Bugünkü uğuru da məhz həmin məqsədə doğru atılan ardıcıl və düşünülmüş addımlarının nəticəsidir.
Hədəfimə doğru
“Həmişə inanmışam ki, hər kəsin içində özünəməxsus bir güc var. Mənim gücüm məqsədimə olan inamımdır. Uşaqlıqdan hüquqşünas olmaq istəyirdim və bunun üçün oxumaq, araşdırmaq, çalışmaq lazım olduğunu bilirdim.
Sosial şəbəkələrdən uzaq qalmaq qərarım təsadüfi deyildi. Mən zamanımı boş yerə sərf etməmək üçün bu yolu seçdim. Dərslərimlə yanaşı, şahmatla məşğul olmağım məni həm daha düşüncəli, həm də səbirli etdi. Hər uğurum yeni bir motivasiya, yeni bir üfüq idi”, - deyir Çiçək..jpeg)
Nəticələr zəhmətin bəhrəsidir
Çiçək əlavə edir ki, ötən illər ərzində bir çox intellektual və fənn müsabiqələrində, şahmat turnirlərində iştirak edib. O, “Heydər Əliyevin məktəblilərin gözü ilə” müsabiqəsində 1-ci,
“Kim çox kitab oxuyub?” müsabiqəsində 2-ci, 28 May – Respublika Gününə həsr olunmuş şahmat turnirində 1-ci, region üzrə şahmat birinciliklərində dəfələrlə 1-ci yer, Heydər Əliyevin 93 və 100 illik yubileylərinə həsr olunmuş şahmat yarışlarında 2 və 3-cü, “Zəfər Günü”nə həsr olunmuş intellektual yarışda 2-ci, ədəbiyyat üzrə UNEC olimpiadasında 1-ci yeri tutub:
“Bu nəticələr mənim üçün sadəcə bir siyahı deyil. Onlar zəhmətimə verilən qiymətdir. Ən böyük uğurum isə müəllimlərimin və ailəmin gözlərindəki qüruru görməkdir. Bu gün əldə etdiyim bal uzun bir yolun nəticəsidir, amma əminəm ki, daha uzun və məsuliyyətli bir yol məni qarşıda gözləyir”.
Çiçəyin uğuru bir fərdi nailiyyət olmaqla yanaşı, Qax təhsilinin, müəllim əməyinin və valideyn dəstəyinin parlaq göstəricisidir. Onun timsalında görürük ki, doğru yönləndirilmiş bir şagird, doğru dəyərlərlə böyüyən bir gənc cəmiyyət üçün böyük qazanc ola bilər.
Təhsil yalnız dərs kitabı oxumaqdan ibarət deyil, o, həm də şəxsiyyətin formalaşmasıdır. Çiçək bu gün elə bir zirvədə dayanır ki, oraya ancaq zəhmətlə, əzmlə və inamla çatmaq mümkündür.



