Heydər Əliyev və Azərbaycanda milli təhsilin inkişafı

10 May, 2026 - 12:06
Heydər Əliyev və Azərbaycanda milli təhsilin inkişafı

Sivil dünyanın inkişafında təhsil sistemi həlledici rol oynayır. Xalqın intellektual potensialı, milli şüurun formalaşması və gələcək nəsillərin yetişdirilməsi birbaşa təhsilin səviyyəsindən asılıdır. Ulu Öndər Heydər Əliyevin təbirincə demiş olsaq, “Təhsil hər bir dövlətin, hər bir cəmiyyətin həyatının ən vacib sahəsidir... Təhsil sistemi milli əsaslar üzərində qurulmalı, xalqımızın milli-mənəvi dəyərlərinə uyğun olmalıdır”. Azərbaycan təhsili yarandığı gündən inkişaf etmiş, zaman-zaman milli xüsusiyyətlərini inkişaf etdirmişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoymuşdur. Bu dövrdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində təhsil yalnız bilik verən sistem deyil, həm də milli kimliyin qorunması və inkişaf etdirilməsinin əsas vasitəsinə çevrilmişdir.  Heydər Əliyev təhsili ölkənin gələcəyini müəyyən edən əsas amil kimi qiymətləndirirdi, bu sahəyə xüsusi diqqət və qayğı göstərilməsini qeyd edirdi: “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”. Heydər Əliyevin təşəbbüsü ilə görülən işlər Azərbaycanın intellektual potensialının güclənməsinə, yüksək ixtisaslı milli kadrların hazırlanmasına və təhsilin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə səbəb olmuşdur. Bu baxımdan, Heydər Əliyevin təhsil siyasəti yalnız bir dövr üçün deyil, bütövlükdə müasir Azərbaycanın inkişaf konsepsiyasını əhatə edən strateji xətt kimi dəyərləndirilir.

Xatırlama

Azərbaycanda təhsil sisteminin formalaşdırılması həmişə ictimai düşüncənin mərkəsində olmuşdur. Bütün zamanlarda bu problem bu və ya digər dərəcədə aktuallıq kəsb etmiş, strateji addımların atılmasında əsas rolunu oynamışdır. Və nəticədə təhsil quruculuğu sahəsində tədbirlər həyata kecirilmişdir. Məlum olduğu kimi, Azərbaycan XX əsrin böyük bir hissəsində SSRİ-nin tərkibində fəaliyyət göstərən təhsil sistemi olaraq ümumittifaq modelinə uyğun şəkildə qurulmuşdu. Bu sistem müəyyən dərəcədə savadlılıq səviyyəsinin yüksəlməsinə xidmət etsə də, milli xüsusiyyətlərin və dəyərlərin qorunması baxımından ciddi məhdudiyyətlərlə üzləşmişdir.

Məlum olduğu kimi, sovet ideologiyası çərçivəsində təhsil, əsasən, vahid mərkəzdən idarə olunur, proqramlar və dərsliklər ittifaq səviyyəsində müəyyən edilirdi. Bu isə yerli xalqların tarixinin, ədəbiyyatının və mədəniyyətinin dərindən öyrənilməsini ikinci plana keçirirdi. Təhsilin Azərbaycan dilində mövcudluğuna baxmayaraq, ali və texniki təhsil müəssisələrində rus dili üstünlük təşkil edirdi. Nəticə olaraq yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında milli dil faktoru zəifləyirdi.

Bununla yanaşı, milli kadrların hazırlanması məsələsi də xüsusi aktuallıq kəsb edirdi. Bütün ixtisaslar üzrə kadr hazırlığında cətinliklər meydana çıxırdı. Xüsusilə Azərbaycandan olan gənclərin böyük sənaye, elm və idarəetmə sahələrində təmsil olunmasında məhdudiyyətlər baş verirdi.

Eyni zamanda, təhsil infrastrukturu baxımından da müəyyən çatışmazlıqlar mövcud idi. Regionlarda məktəblərin maddi-texniki bazasında zəiflik özünü göstərir, müasir avadanlıq və ixtisaslı müəllim çatışmazlığı hiss olunurdu. Bu isə təhsilin keyfiyyətinə birbaşa təsir göstərirdi və şəhər ilə kənd arasında fərqlərin yaranmasına səbəb olurdu.

Belə bir mürəkkəb və ziddiyyətli şəraitdə milli təhsilin inkişafı üçün məqsədyönlü və uzaqgörən siyasətə ehtiyac yaranmışdı. Məhz bu tarixi mərhələdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda  rəhbərliyə gəlməsi böyük bir ictimai hadisəyə çevrildi və ölkəmizin həyatına həm iqtisadi, siyasi, həm də mədəni sahələrdə yeniliklər gətirdi. O, həmcinin  təhsil sahəsində köklü dəyişikliklərin əsasını qoydu.


Heydər Əliyevin təhsil siyasəti 

1969-cu ildə Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəldikdən sonra respublikanın ictimai-siyasi və iqtisadi həyatında olduğu kimi, təhsil sahəsində də mühüm dönüş baş verdi. 70-ci illərdə qəbul olunmuş qərarların icrası istiqamətində ciddi dəyişikliklər baş verdi. Respublikada orta məktəb şəbəkəsi genişləndirildi, əsaslı keyfiyyət dəyişikliyinə nail olundu. Həmçinin məktəblərin dərsliklərlə təminatı problemi həll edildi və 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsinə başlanıldı. 

Bu dövrdə respublikada yeni ümumtəhsil məktəblərinin tikintisi geniş vüsət aldı, mövcud məktəblərin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Xüsusilə kənd və ucqar bölgələrdə məktəb şəbəkəsinin genişləndirilməsi təhsilə çıxış imkanlarını artırdı. Bu addımlar regionlararası təhsil fərqlərinin azalmasına və savadlılıq səviyyəsinin yüksəlməsinə şərait yaratdı.
Heydər Əliyevin təhsil siyasətində ali və orta ixtisas təhsilinin inkişafı xüsusi yer tuturdu. Bu məqsədlə yeni ali təhsil müəssisələri yaradıldı, mövcud universitet və institutların fəaliyyəti genişləndirildi. Eyni zamanda, sənaye və iqtisadiyyatın tələblərinə uyğun kadr hazırlığına üstünlük verildi. Bu yanaşma ölkənin gələcək inkişafı üçün zəruri olan peşəkar mütəxəssis bazasının formalaşmasına xidmət edirdi.

Xüsusi olaraq Ulu Öndəri düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərin orduya hazırlanması və vətənin müdafiəsi naminə hərbi məktəblərə cəlb edilməsi idi. Onun təşəbbüsünün və uzaqgörənliyinin nəticəsi olaraq 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Hərbi məktəbdə yüzlərlə Azərbaycan vətəndaşı təhsil almağa başladı. Və bu uğurlu başlanğıc bu gün də müvəffəqiyyətlə davam etməkdədir.

Diqqətəlayiq məqamlardan biri də azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi idi. Bu təşəbbüs nəticəsində minlərlə gənc Moskva, Leninqrad və digər böyük elmi mərkəzlərdə yüksək səviyyəli təhsil alaraq vətənə qayıdır, müxtəlif sahələrdə aparıcı mövqelər tuturdular. Bu isə milli kadr potensialının güclənməsinə və idarəetmədə yerli mütəxəssislərin rolunun artmasına səbəb oldu.

Bununla yanaşı, təhsilin məzmununa da xüsusi diqqət yetirilirdi. Azərbaycan dilinin və milli-mədəni dəyərlərin qorunması istiqamətində mühüm addımlar atılır, humanitar fənlərin tədrisinə daha geniş yer verilirdi. Bu, gənc nəslin milli ruhda formalaşmasına və öz kimliyini dərk etməsinə mühüm təsir göstərirdi.

Ümumilikdə, 1969-1982-ci illərdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda təhsil sistemi daha sistemli, əlçatan və milli maraqlara uyğun şəkildə inkişaf etməyə başladı. Bu dövr sonrakı mərhələlər üçün möhkəm təməl rolunu oynadı.

Müstəqillik dövründə təhsil islahatları

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin bütün sahələrində olduğu kimi, təhsil sistemində də köklü dəyişikliklərin həyata keçirilməsi zərurəti yarandı. Sovet modelindən miras qalan təhsil sistemi yeni ictimai-siyasi reallıqlara cavab vermirdi və milli dövlət quruculuğu baxımından yenidən formalaşdırılmağa möhtac idi.

Bu mürəkkəb keçid dövründə təhsil sahəsində vahid strategiyanın müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edirdi. 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Onun rəhbərliyi ilə təhsil sisteminin milli əsaslar üzərində yenidən qurulmasına start verildi.

İlk növbədə, təhsilin hüquqi bazasının yaradılması istiqamətində mühüm addımlar atıldı. Yeni qanunlar və normativ sənədlər qəbul edilərək təhsil sisteminin fəaliyyəti müasir tələblərə uyğunlaşdırıldı. Bu sənədlər təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi və dünya standartlarına inteqrasiyası kimi əsas prinsipləri özündə ehtiva edirdi.

Müstəqillik dövründə həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də milli-mənəvi dəyərlərin təhsil prosesinə inteqrasiyası idi. Odur ki, Azərbaycan tarixi, dili və ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirildi, dərsliklər yenidən işlənərək milli məzmunla zənginləşdirildi. Bu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına mühüm təsir göstərdi.

Eyni zamanda, beynəlxalq əməkdaşlıq sahəsində də əhəmiyyətli addımlar atıldı. Azərbaycan bir sıra beynəlxalq təhsil proqramlarına qoşuldu, xarici ölkələrlə tələbə və müəllim mübadiləsi genişləndirildi. Bu proses yerli təhsil sisteminin dünya təhsil məkanına inteqrasiyasına və qabaqcıl təcrübələrin mənimsənilməsinə şərait yaratdı.

Təhsil infrastrukturunun yenilənməsi də diqqət mərkəzində idi. Yeni məktəblərin tikintisi, mövcud təhsil müəssisələrinin təmiri və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Bu, təhsilin keyfiyyətinin yüksəldilməsinə və daha əlçatan olmasına şərait yaratdı.

Beləliklə, müstəqilliyin ilk illərində üzləşilən çətinliklərə baxmayaraq, Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil siyasəti Azərbaycanın milli təhsil sisteminin formalaşması və inkişafı üçün əsas oldu.

Milli təhsilin inkişafında strateji addımlar

Azərbaycanın milli təhsil sisteminin formalaşdırılması və davamlı inkişafının təmin olunması üçün Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji istiqamətlər kompleks xarakter daşıyırdı. Bu siyasət yalnız cari problemlərin həllinə deyil, həm də uzunmüddətli perspektivdə ölkənin intellektual potensialının gücləndirilməsinə hesablanmışdı.

Ən mühüm addımlardan biri Azərbaycan dilinin təhsil sistemində aparıcı mövqeyinin möhkəmləndirilməsi oldu. Ana dilində tədrisin genişləndirilməsi yalnız pedaqoji məsələ deyil, həm də milli kimliyin qorunması və inkişafı baxımından strateji əhəmiyyət daşıyırdı. Bu siyasət nəticəsində Azərbaycan dili bütün təhsil pillələrində əsas ünsiyyət və tədris vasitəsinə çevrildi.

Digər mühüm istiqamət müasir təhsil standartlarının tətbiqi ilə bağlı idi. Heydər Əliyev milli standartların yaradılmasını dövlət quruculuğunun və müstəqilliyin möhkəmləndirilməsinin əsas istiqamətlərindən biri kimi qiymətləndirirdi. O, ölkədə vahid standartların tətbiqini vacib sayırdı.  Qeyd edirdi  ki, milli standartların yaradılması yalnız texniki məsələ deyil, həm də siyasi və ideoloji əhəmiyyət daşıyır. Bu standartlar ölkənin müstəqil inkişaf yolunu təmin edən əsas mexanizmlərdən biridir. Hər bir sahədə qəbul olunan standartlar xalqın milli-mənəvi dəyərlərinə, tarixinə və ənənələrinə uyğun olmalıdır. Həmçinin dünya təcrübəsi də nəzərə alınmalıdır. Xüsusilə təhsil sistemində milli kurikulumun formalaşdırılması prioritetlərdən idi. Ulu Öndərin çıxış və nitqlərində bu məsələ, xüsusilə təhsil, dil, iqtisadiyyat və idarəetmə sahələrində ön plana çəkilirdi.

Standartların yaradılması, tədris proqramlarının yenilənməsi, dərsliklərin müasir tələblərə uyğun hazırlanması və innovativ təlim metodlarının tətbiqi təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edirdi. Bu yanaşma şagird və tələbələrin yalnız nəzəri biliklərlə deyil, həm də praktik bacarıqlarla təmin olunmasına imkan yaratdı.

Təhsil infrastrukturunun inkişafı da strateji siyasətin ayrılmaz hissəsi idi. Yeni məktəblərin tikilməsi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri və onların müasir avadanlıqlarla təchiz olunması təhsil mühitinin yaxşılaşdırılmasına gətirib çıxardı. Xüsusilə informasiya-kommunikasiya texnologiyalarının tədris prosesinə tətbiqi təhsilin daha effektiv və interaktiv olmasını təmin etdi.
Bununla yanaşı, müəllim kadrlarının hazırlanması və peşəkarlıq səviyyəsinin artırılması məsələsi də diqqət mərkəzində saxlanılırdı. Ümummilli lider deyirdi ki, “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”.  O həmişə müəllim əməyini yüksək qiymətləndirir, onlara böyük hörmətlə yanaşır, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalırdı. Eyni zamanda, müəllimlərin ixtisasartırma kurslarına cəlb olunması, onların sosial vəziyyətinin yaxşılaşdırılması və cəmiyyətdə nüfuzunun artırılması istiqamətində tədbirlər həyata keçirilirdi. Bu isə keyfiyyətli təhsilin müəllim peçəkarlığının yüksək olması ilə bağlılığından irəli gəlirdi.

Strateji yanaşmanın digər vacib elementi təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması idi. Azərbaycan təhsil sisteminin qlobal təhsil məkanına inteqrasiyası üçün müxtəlif proqramlar həyata keçirilir, qabaqcıl ölkələrin təcrübəsi öyrənilərək tətbiq olunurdu. Bu isə ölkənin rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına mühüm töhfə verirdi.

Nəticə olaraq, həyata keçirilən bu strateji addımlar Azərbaycanın milli təhsil sisteminin müasir, çevik və dayanıqlı model əsasında inkişaf etməsinə zəmin yaratdı.

Heydər Əliyev siyasətinin davamlılığı

Azərbaycanın milli təhsil strategiyası təkcə müəyyən bir dövrü əhatə etməmişdir. Ardıcıl və davamlı inkişaf edən bir xətti kimi formalaşmışdır. Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və yeni məzmunla zənginləşdirilmişdir. Onun fikrinə görə, Ulu Öndərin müəyyən etdiyi təhsil strategiyası Azərbaycanın uzunmüddətli inkişafına hesablanmışdır və müasir dövrün tələblərinə uyğun şəkildə yenilənərək həyata keçirilir. O, həmçinin vurğulayır ki, gənclərin milli ruhda, yüksək bilik və bacarıqlarla yetişdirilməsi Heydər Əliyev ideyalarının əsas tərkib hissəsidir və bu xətt ardıcıl şəkildə davam etdirilir.

Müasir dövrdə təhsil sahəsində həyata keçirilən islahatlar daha çox innovasiya, rəqəmsallaşma və qlobal inteqrasiya prinsiplərinə əsaslanır. Yeni texnologiyaların tədris prosesinə tətbiqi, elektron təhsil resurslarının yaradılması və distant təhsil imkanlarının genişləndirilməsi bu siyasətin mühüm istiqamətlərindən biridir. Bu yanaşma təhsilin əlçatanlığını artırmaqla yanaşı, onun keyfiyyətini də yüksəldir.

Son illərdə ölkədə məktəb tikintisi və əsaslı təmir layihələri geniş miqyas almışdır. Müasir standartlara cavab verən təhsil müəssisələrinin istifadəyə verilməsi şagirdlərin daha yaxşı şəraitdə təhsil almasına imkan yaradır. Bununla yanaşı, regionlarda təhsil infrastrukturunun inkişafı sosial bərabərliyin təmin olunmasına xidmət edir.

Ali təhsil sahəsində də mühüm dəyişikliklər müşahidə olunur. Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə yer alması, xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın genişlənməsi və ikili diplom proqramlarının tətbiqi ölkənin təhsil sisteminin qlobal rəqabət qabiliyyətini artırır.

Eyni zamanda, insan kapitalının inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilmişdir. Gənclərin xaricdə təhsil alması üçün dövlət proqramlarının həyata keçirilməsi, istedadlı tələbələrin dəstəklənməsi və elmi-tədqiqat fəaliyyətinin təşviqi bu istiqamətdə atılan mühüm addımlardır.

Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil strategiyası bu gün də aktual olaraq qalır və müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir. Bu davamlılıq Azərbaycanın təhsil sahəsində əldə etdiyi nailiyyətlərin əsasını təşkil edir və gələcək inkişaf üçün möhkəm zəmin yaradır.

Azərbaycanın milli təhsil sisteminin inkişaf tarixinə nəzər saldıqda aydın şəkildə görünür ki, bu sahədə əldə olunan uğurlar təsadüfi deyil, məqsədyönlü və uzaqgörən dövlət siyasətinin nəticəsidir. Bu siyasətin formalaşmasında və həyata keçirilməsində Ulu Öndər Heydər Əliyev müstəsna rol oynamışdır.

Onun rəhbərliyi ilə təhsil sahəsində atılan addımlar Azərbaycanın intellektual potensialının güclənməsinə, milli kadrların yetişdirilməsinə və təhsilin müasir tələblərə uyğun inkişafına təkan vermişdir. Ən əsası isə təhsil milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından strateji sahə kimi qiymətləndirilmişdir.

Bu gün Azərbaycanın təhsil sistemi məhz həmin siyasətin davamı olaraq yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar nəticəsində təhsil sahəsində mühüm nailiyyətlər əldə olunmuş, ölkənin beynəlxalq təhsil məkanında mövqeyi daha da möhkəmlənmişdir.

Müasir dövrün tələbləri - rəqəmsallaşma, qloballaşma və innovasiya təhsil sistemi qarşısında yeni vəzifələr qoysa da, Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu çağırışlara cavab vermək üçün etibarlı əsas olaraq qalmaqdaır. Bu isə Azərbaycanın gələcək inkişafının bilik və təhsil üzərində qurulduğunu bir daha təsdiqləyir. Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti yalnız bir tarixi mərhələnin deyil, bütövlükdə Azərbaycanın davamlı inkişaf modelinin ayrılmaz hissəsidir. Bu irs bu gün də yaşayır və gələcək nəsillərin daha savadlı, dünyagörüşlü və vətənpərvər ruhda yetişməsinə xidmət edir.

Ənvər Abbasov,
Bakı Slavyan Universitetində rektorun məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim