Həyəcan, göz yaşları və sevinc - Qızıl medalçılar danışırlar
Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadası (MRİO2026) çərçivəsində cüdo yarışları Abşeron Olimpiya Kompleksində təşkil olunub. Yarış medallar uğrunda gərgin mübarizə, çətin anlar, böyük həyəcanlar, məyusluq, göz yaşları və sevinc dolu qələbələrlə yekunlaşıb.
Qalibiyyət sevinci yerə-göyə sığmayan qızıl medalçılar həyəcanlı anlarını "Azərbaycan müəllimi" ilə bölüşüblər.
"Bütün vaxtımı idmana həsr edirdim, bəhrəsini gördüm"
Ayla Həsənova Gəncə şəhəri 1 nömrəli UGİŞM-in yetirməsidir və 63 kq çəki dərəcəsində yarışlara qatılaraq I yerin qalibi olub. Gəncə şəhər 1 nömrəli tam orta məktəbin 16 yaşlı məzunu 4 ildir bu idman növü ilə məşğuldur:
"Bu olimpiadada qalibiyyətim mənim ilk böyük uğurumdur. 4 il yarışlara qatılsam da məğlub olurdum. Son dövrlər gərgin məşqlər edirdim, öz üzərimdə çox çalışırdım, hər günümü, bütün vaxtımı idmana həsr edirdim və nəhayət, bəhrəsini gördüm. Görüşlər çox çətin keçdi, 5 görüşdə iştirak etdim və hamısında qalib gəldim. Olimpiadadan çox gözəl təəssüratlar aldım. Məşqçim Samir İsmayılovu, valideynlərimi sevindirdiyimə görə çox qürurluyam".
"Şagirdlərə tövsiyə edərdim ki, həm dərslərini oxusunlar, həm də idmanla məşğul olsunlar"
Nərmin Məmmədli Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayon UGİŞM-in yetirməsidir və 40 kq çəki dərəcəsində yarışaraq qızıl medala layiq görülüb. Nərmin Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəbin şagirdidir. Qeyd edir ki, 13 yaşından cüdo ilə məşğul olur:
"Həm çox həyəcanlı, həm də çox sevincliyəm. Birinci yerə çıxacağımı gözləyirdim, çünki çox yaxşı hazırlaşmışdım. Məşqçim Vüsal İbrahimova dərin təşəkkür edirəm, qələbəmdə böyük zəhməti var. Olimpiada mənə sevincli anlar, yeni dostlar bəxş etdi. Şagirdlərə tövsiyə edərdim ki, həm dərslərini oxusunlar, həm də idmanla məşğul olsunlar".
"Bu mənim ilk qızıl medalımdır və hədsiz qürurluyam"
Əkbər Qədirli Sumqayıt şəhəri İOEUGİM-in yetirməsidir və 50 kq çəki dərəcəsində yarışaraq olimpiadanın qalibi olub. O, Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbin 10-cu sinfinə keçib. Bildirir ki, cüdo ilə 7 ildir ki, məşğul olur:
"Keçən il cüdo üzrə Respublika çempionatında üçüncü yerin qalibi olmuşam, Türkiyədə keçirilən Avropa kubokunda bürünc medal qazanmışam. Bu, mənim ilk qızıl medalımdır və hədsiz qürurluyam. Arzum gələcəkdə dünya çempionu olmaq, bayrağımızı ucaltmaqdır".
"Bu olimpiadada ilk dəfə iştirak edərək qızıl medal aldığım üçün çox sevinirəm"
Əli Əliyev Siyəzən rayonu "Neftçi" İdman Klubunun yetirməsi olaraq 73 kq çəki dərəcəsində yarışa qatılıb. Siyəzən şəhər C.Cabbarlı adına 1 nömrəli tam orta məktəbin şagirdi qızıl medal almasına, olimpiada qalibi olmasına görə məşqçisi Zaur Həmzəyevə və valideynlərinə təşəkkür edir:
"Yarışlar çox ağır keçdi, rəqiblərim çox təcrübəli idilər. 5 rəqiblə yarışaraq hamısına qalib gəldim. Bu məni çox sevindirir və qürurlandırır. Mən 2023-cü ildə Respublika çempionatında gümüş, 2024-cü ildə isə qızıl medal qazanmışam. Bu olimpiadada ilk dəfə iştirak edərək qızıl medal aldığım üçün çox sevinirəm. 11-ci sinfə keçmişəm. Gələcək arzum idman karyeramı davam etdirmək, idman üzrə ali təhsil almaqdır".
"Olimpiadanın keçirilməsi bizə çox xoş təsir bağışlayır və yeni nailiyyətlərə ruhlandırır"

60 kq çəki dərəcəsində I yerin qalibi Sinan Qənbərli Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ-nin yetirməsidir. O, Bakı şəhəri 322 nömrəli tam orta məktəbin 11-ci sinfinə keçib və bildirir ki, olimpiada elan olunduğu tarixdən gərgin məşq edir:
"Məşqçim Elvin İsmayılovun dəstəyi ilə bu gün qızıl medal qazana bildim. Bunun üçün müəllimimə minnətdaram. Respublikamızda və Qazaxıstanda keçirilən cüdo üzrə çempionatların qalibi olmuşam. Olimpiadanın keçirilməsi bizə çox xoş təsir bağışlayır və yeni nailiyyətlərə ruhlandırır".




