HP IDEA təlimlərinin ikinci mərhələsi yekunlaşıb
Müəllimlərin peşəkar inkişafını və innovativ tədris yanaşmalarının tətbiqini təşviq etmək üçün Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə HP IDEA-nın (HP İnnovasiya və Rəqəmsal Təhsil Akademiyası) əməkdaşlığı çərçivəsində həyata keçirilən proqramın ikinci mərhələsi başa çatıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu beynəlxalq proqram müəllimlərə texnologiya, innovasiya və pedaqogikanı birləşdirən qabaqcıl təlim imkanları təqdim edir. Proqramda hazırda müxtəlif regionlarda yerləşən 31 məktəbdən 125 müəllim iştirak edir.
Təhsilverənlər proqramın birinci mərhələsi zamanı hazırladıqları layihələri rəylər əsasında təkmilləşdirərək onları kiçikmiqyaslı təcrübədən genişmiqyaslı məktəb strategiyalarına çevirmək üçün yol xəritələri hazırlayıblar. Bundan başqa, iştirakçılar daxili təlimlərin planlaşdırılması üçün androqogika və təlim dizaynı prinsiplərini tətbiq etmiş, "Damon Centola"nın dəyişikliklərin qəbul edilməsi ilə bağlı tədqiqatlarını araşdırmış və “Fəaliyyət nəzəriyyəsi” modelini tətbiq edərək, tədris prosesinə təsir edən kəmiyyət və keyfiyyət göstəricilərini geniş şəkildə analiz ediblər.
Proqramda iştirak etmiş məktəblər HP IDEA plakatı, təlimləri uğurla başa vuran müəllimlər isə HP IDEA məzunu sertifikatı ilə təltif ediləcək.
Proqramın məzunları qlobal şəbəkəyə qoşularaq beynəlxalq əməkdaşlıq imkanlarından faydalanacaqdır.
Proqramın növbəti mərhələsinə fevral ayında start veriləcək.



