I sinfə qəbulda prioritetlə bağlı ən çox verilən suallara CAVABLAR

20 İyun, 2025 - 14:51
I sinfə qəbulda prioritetlə bağlı ən çox verilən suallara CAVABLAR
I sinfə qəbulda prioritetlə bağlı ən çox verilən suallara CAVABLAR

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu 1 may tarixindən etibarən başlayıb və proses 12 sentyabr tarixinə qədər davam edəcək.

“Azərbaycan müəllimi” 2025–2026-cı tədris ili üzrə ümumtəhsil müəssisələrinin I siniflərinə şagird qəbulu ilə bağlı üstünlük hüququna (prioritetə) dair ən çox verilən sualların cavablarını təqdim edir.

– Prioritet əsasında məktəb seçimi dedikdə nə nəzərdə tutulur?

Prioritet əsaslı məktəb dedikdə müəyyən edilmiş meyarlara uyğun olaraq valideynlərin üstünlük əsasında seçim imkanı əldə etdiyi məktəblər nəzərdə tutulur.

– Bakı, Sumqayıt və Gəncə şəhərlərində hansı hallarda prioritet hüququ tətbiq olunur?
•  Uşağın bacı və ya qardaşının həmin məktəbdə təhsil alması;
•  Valideynlərdən birinin həmin məktəbdə çalışması;
•  Məktəbin yerləşdiyi ünvanın vətəndaşın qeydiyyatda olduğu ünvana uyğun olması.

– Abşeron rayonu üzrə prioritet hüququ nə zaman tətbiq olunur?
• Uşağın bacı və ya qardaşının həmin məktəbdə təhsil alması;
• Valideynlərdən birinin həmin məktəbdə çalışması.

– Prioritet sorğuları neçə müddət ərzində cavablandırılır?

– Prioritet meyarlarına əsasən yerləşdirilən sorğulara 5 (beş) iş günü ərzində təsdiq və ya imtina cavabı verilir.

– Hansı hallarda imtina verilir?

Əgər təqdim edilən sorğu prioritet meyarlarına uyğun deyilsə, sistem tərəfindən imtina verilir.

– İmtina cavabı alan valideynlər nə etməlidirlər?
• Digər ümumi təhsil müəssisələrinə sorğu yerləşdirə bilərlər.
• 17 iyul 2025-ci il saat 11:00-dan etibarən isə imtina aldıqları məktəblərə sərbəst formada yenidən sorğu yerləşdirə bilərlər (bu mərhələdə artıq prioritet meyarları tələb olunmur).