İbtidai siniflərdə dərsləri kim keçməlidir: Sinif, yoxsa ixtisas müəllimi?
İbtidai siniflərdə dərslərin yalnız bir müəllim tərəfindən keçirilməsi məsələsi son günlərdə geniş müzakirə olunur.
Artıq 1-ci siniflərdə informatika, ingilis dili, musiqi kimi fənlər ixtisas müəllimləri tərəfindən tədris edilir. Bu isə ibtidai mərhələdə çox müəllimli modelə keçidin mümkün olduğunu göstərir. Beynəlxalq təcrübədə də ibtidai siniflərdə dərslərin iki və ya daha çox müəllim arasında bölündüyü modellər tətbiq edilir. Lakin bəzi suallar ortaya çıxır: Bu model necə qurulmalı, hansı fənlər ixtisas müəllimlərinə verilməlidir? İbtidai sinif anlayışı dəyişmədən fənlərin bölünməsi mümkündürmü? Uşaqların psixoloji adaptasiyası necə təmin olunmalıdır? Bir müəllimin zəif olduğu fənni başqa müəllim keçsə, keyfiyyət yüksələrmi?
“İbtidai sinif müəllimlərinin bilik səviyyəsi fənlər üzrə kəskin fərqlənir”
Məsələ ilə bağlı təhsil mütəxəssisi Kamran Əsədov “Azərbaycan müəllimi”nə bildirib ki, ibtidai siniflərdə “bir müəllim – çox fənn” modelinin tətbiqi real məktəb nəticələri, müəllim hazırlığının səviyyəsi və milli qiymətləndirmələrin göstəriciləri ilə uzlaşmır:
“Son illərdə aparılan sertifikasiya imtahanlarının nəticələri bu uyğunsuzluğu statistik olaraq üzə çıxarır: ibtidai sinif müəllimlərinin bilik səviyyəsi fənlər üzrə kəskin fərqlənir, bəzi fənlərdə yüksək nəticə göstərən müəllim eyni zamanda digər sahələrdə çox zəif performans nümayiş etdirə bilir. Elm və Təhsil Nazirliyinin açıqladığı rəqəmlər göstərir ki, sertifikasiyada iştirak edən ibtidai sinif müəllimlərinin 40%-ə qədəri riyazi məntiq və tətbiqi riyaziyyat blokunda aşağı nəticələr göstərib, 30 faizdən çox müəllim isə nitq mədəniyyəti və dil strukturu üzrə suallarda çətinlik yaşayıb. Bu statistika onu göstərir ki, ibtidai sinif müəlliminin hər bir fənni eyni keyfiyyətdə tədris etməsi faktiki olaraq mümkün deyil və bu, tədrisin keyfiyyətinə birbaşa təsir edir.
“Təhsil haqqında” Qanuna görə, ibtidai təhsilin əsas məqsədi uşaqda oxu, yazı, riyazi düşünmə, sosial bacarıqlar formalaşdırmaqdır. Bu məqsədin reallaşması üçün isə keyfiyyətli müəllim profili əsas şərtdir. Lakin qanunun özündə də göstərilir ki, təhsil sistemində “müasir tələblərə cavab verən pedaqoji hazırlıq, fənn üzrə kompetensiya və tədris prosesinin təşkilində səmərəlilik” təmin edilməlidir. Əgər bir müəllimin bütün fənlər üzrə eyni kompetensiyanı daşıması mümkün deyilsə, onda ixtisas müəllimlərinin ibtidai mərhələyə daxil edilməsi və yenidən dizayn olunmaqla tədrisin inkişaf etdirilməsi daha yaxşı addım olar”.
Ölkələrin çoxunda ibtidai səviyyədə “tam mono-müəllim” sistemi mövcud deyil
Onun fikrincə, dünya təcrübəsi də göstərir ki, inkişaf etmiş təhsil sistemləri ibtidai səviyyədə belə “komanda modeli” tətbiq edir: “Finlandiyada ibtidai sinif müəllimi şagird üçün əsas fiqurdur, lakin musiqi, idman, xarici dil kimi fənlərdə mütləq ixtisas müəllimi dərsə daxil olur. Estoniyada 3-cü sinifdən başlayaraq xarici dil və informatika üzrə ixtisas müəllimlərinin sayı artırılır, çünki təcrübə göstərir ki, bazanın düzgün qoyulması yuxarı sinif nailiyyətlərinə 15–20% təsir edir. Almaniyanın “Grundschule” modelində isə sinif müəllimi magistratura səviyyəsində 2 fənn üzrə ixtisaslaşır, digər fənlər isə ayrıca müəllim tərəfindən tədris olunur. Dünya ölkələrinin çoxunda ibtidai səviyyədə “tam mono-müəllim” sistemi artıq mövcud deyil və bu dəyişikliyin səbəbi də məhz keyfiyyət diferensiasiyasıdır. Azərbaycanda da artıq bir neçə fənnin ingilis dili, informatika, musiqi və bədən tərbiyəsinin – ixtisas müəllimləri tərəfindən tədrisi tətbiq olunur. Bu addım Elm və Təhsil Nazirliyinin son illərdə ibtidai təhsildə keyfiyyət problemini aradan qaldırmaq üçün atdığı müsbət və rasional addımlardan biridir. Nazirliyin “məktəblərdə diferensiallaşdırılmış tədris modelinə keçid” yanaşması məhz ibtidai səviyyədə baza savadının daha güclü formalaşmasına xidmət edir. Bu islahatlar göstərir ki, nazirlik ibtidai təhsilin yükünü yüngülləşdirmək və müəllim kompetensiyasına uyğun dərs bölgüsü aparmaqla fənn biliklərinin keyfiyyətini artırmağa çalışır”.
“İdeal modeldə əsas sinif müəllimi mərkəzi fiqur olaraq qalmalı, ixtisas müəllimləri ona dəstək verməlidir”
Təhsil mütəxəssisin fikrincə, məsələnin psixoloji tərəfi də diqqətə alınmalıdır: “İbtidai sinif yaş dövrü, xüsusilə 1–2-ci siniflərdə, uşağın məktəbə adaptasiyasında sabit müəllim fiqurunun olması mühümdür. Tədqiqatlar göstərir ki, 6–7 yaşlı şagirdin emosional təhlükəsizlik ehtiyacı yüksəkdir və bu ehtiyacın təmin olunması öyrənmənin sürətinə orta hesabla 12–15% təsir göstərir. Ona görə də ideal modeldə əsas sinif müəllimi mərkəzi fiqur olaraq qalmalı, lakin ona ixtisas müəllimləri dəstək verməlidir. Burada məqsəd sinif müəllimini oyundan çıxarmaq deyil, onu gücləndirməkdir. İbtidai siniflərdə fənlərin bölünməsi həm pedaqoji, həm psixoloji, həm də struktur baxımından yaranan ehtiyacdan doğur. Mənfi tərəf odur ki, bu keçid düzgün planlaşdırılmasa, ibtidai sinif şagirdi birdən-birə çoxsaylı müəllimlə üzləşə, bu isə emosional yüklənmə yarada bilər. Həmçinin məktəblərdə kadr çatışmazlığı, xüsusilə musiqi, informatika və ingilis dili müəllimlərinin bəzi regionlarda azlığı tətbiqi çətinləşdirə bilər. Müsbət tərəf ondan ibarətdir ki, bu model ibtidai siniflərdə öyrənmənin keyfiyyətini artırır, fənn üzrə nəticələri sabitləşdirir, müəllimləri öz güclü tərəfləri üzrə ixtisaslaşmağa yönəldir və Azərbaycanın təhsil sistemini dünya təcrübəsinə yaxınlaşdırır. Hazırkı şəraitdə ibtidai təhsil üçün ideal model “bir əsas müəllim + bir neçə ixtisas müəllimi” prinsipi üzərində qurulmalıdır. Azərbaycan dili, oxu-yazı, Həyat bilgisi, riyaziyyatı (1–2-ci siniflərdə) mütləq sinif müəllimi keçməli, ingilis dili, musiqi, təsviri incəsənət, bədən tərbiyəsi və informatika isə ixtisas müəllimlərinə verilməlidir. 3–4-cü siniflərdə isə dünya təcrübəsinə uyğun olaraq, riyaziyyatın müəyyən mövzularının keçirilməsində ixtisas müəllimindən dəstək alına bilər. Bu model həm psixoloji ardıcıllığı pozmur, həm də fənn üzrə keyfiyyət fərqlərini aradan qaldırır”.
K.Əsədovun qənaətincə, ibtidai sinif müəllimlərinin sertifikasiya nəticələrinin göstərdiyi real mənzərə, beynəlxalq təcrübənin istiqaməti və milli qanunvericiliyin tələbləri bir yerdə göstərir ki, ibtidai təhsildə fənn bölgüsünə keçid təkcə məqsədəuyğun deyil, həm də strateji zərurətdir: “Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar – fənn diferensiasiyası, müəllim hazırlığının gücləndirilməsi, sertifikasiya mexanizminin tətbiqi sistemin keyfiyyət mərkəzli inkişafı üçün vacibdir və ibtidai təhsildə daha balanslı, daha səmərəli və daha müasir modelin formalaşmasına real zəmin yaradır”.
“Bir müəllim – çox fənn” modeli artıq pedaqoji baxımdan müəyyən çətinliklər yaradır
Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın katibi Günay Əkbərova isə bildirib ki, ibtidai siniflərdə dərslərin yalnız bir müəllim tərəfindən tədris olunması uzun illər tətbiq olunan ənənəvi modeldir. Bu modelin üstün cəhətləri çoxdur. Amma müasir tələblər göstərir ki, bu yük bir müəllim üçün həddən artıq ağırdır: “Bir müəllimin 10-dan çox fərqli fənni eyni səviyyədə bilməsi və onları yüksək keyfiyyətdə tədris etməsi təbii olaraq çətindir. Bu səbəbdən “bir müəllim – çox fənn” modeli artıq pedaqoji baxımdan müəyyən çətinliklər yaradır.
Dəyişiklik tələbi əslində iki məqsədə xidmət edir: birincisi, ibtidai sinif müəllimlərinin üzərindəki çoxşaxəli yükü azaltmaq, ikincisi isə şagirdlərin əsas bilik və bacarıqlarda daha möhkəm baza formalaşdırmasına şərait yaratmaq. Çünki müəllimin, məsələn, riyaziyyatda zəif olması bütün sinfin nəticələrinə birbaşa təsir göstərir. Əgər həmin fənni ixtisas müəllimi tədris etsə, təbii ki, biliklərin keyfiyyəti artır, çünki ixtisaslaşma həm bilik səviyyəsini, həm də metodikanı daha dəqiq qurmağa imkan verir”.
”Şagird həm əsas müəllimlə emosional bağını qoruyub saxlasın, həm də ixtisas müəllimlərdən bilik alsın”
O vurğulayıb ki, beynəlxalq təcrübədə bu yanaşma geniş yayılıb. Finlandiya, Kanada, Sinqapur, Koreya, Estoniya kimi ölkələrdə ibtidai siniflərdə bəzi əsas fənlər sinif müəllimi tərəfindən tədris olunsa da, riyaziyyat, xarici dil, incəsənət, musiqi, informatika kimi fənlər çox vaxt ixtisas müəllimlərinə verilir: “Məqsəd həm müəllimlərin güclü tərəflərindən istifadə etmək, həm də şagirdlərə daha keyfiyyətli, müxtəlif yanaşmalarla qurulmuş dərslər təqdim etməkdir. Üstəlik, bu model uşaqların erkən yaşdan daha çox müəllimlə ünsiyyət qurmasına, sosial adaptasiyasına və özünəinamının formalaşmasına müsbət təsir göstərir.
Azərbaycanda bu yanaşma artıq müəyyən qədər tətbiq olunur: informatika, ingilis dili, musiqi, təsviri incəsənət kimi fənləri ixtisas müəllimləri tədris edir. Bu təcrübə genişləndirilə bilər. Lakin burada əsas məsələ sistemi düzgün qurmaqdır: hansı fənlər ixtisas müəlliminə verilməlidir, hansı fənlər isə əsas sinif müəlliminin üzərində qalmalıdır? Mənim fikrimcə, sinfin əsas dayağı olan dil və oxu-yazma bacarıqlarını, habelə həyat bilgisi kimi formalaşdırıcı fənləri yenə sinif müəllimi keçməlidir. Amma riyaziyyat, ingilis dili, musiqi, təsviri incəsənət, informatika kimi fənlər üzrə ixtisaslı müəllimlərin dərs deməsi həm şagirdlər üçün daha faydalıdır, həm də ibtidai sinif müəlliminin yükünü ciddi şəkildə azaldır.
Bizim üçün ideal model elə bir model olar ki, şagird həm bir əsas müəllimlə emosional bağını qoruyub saxlasın, həm də ixtisas sahələrində daha güclü müəllimlərdən bilik alsın. Yəni “tam bölünmüş model” yox, “balanslaşdırılmış hibrid model”. Bu həm şagirdin psixoloji rahatlığını təmin edir, həm də bilik keyfiyyətini yüksəldir. Üstəlik, bu dəyişiklik gələcək sertifikasiya modellərinə də müsbət təsir edə bilər. Müəllimlər güclü olduqları istiqaməti seçərək imtahana daxil olsalar, nəticələr də daha obyektiv olar.
Nəticə etibarilə, ibtidai siniflərdə bir neçə müəllimin iştirakı həm dünya təcrübəsinə uyğundur, həm də yerli təhsilimizin inkişafına real töhfə verə bilər. Əsas odur ki, bu keçid sistemli, mərhələli və pedaqoji baxımdan düşünülmüş şəkildə həyata keçirilsin”.



