İkili diplom və əlavəsi leqallaşdırılmalıdırmı? – TKTA-dan cavab 

28 Avqust, 2026 - 17:35
İkili diplom və əlavəsi leqallaşdırılmalıdırmı? – TKTA-dan cavab 

Son illərdə beynəlxalq ikili diplom proqramları tələbələrə təhsillərini müxtəlif ölkələrin ali məktəbləri ilə əməkdaşlıq çərçivəsində davam etdirmək və bir neçə ölkədə tanınan diplom əldə etmək imkanı yaradır. Lakin belə proqramları başa vuran məzunlar üçün diplomun və diploma əlavənin rəsmiləşdirilməsi ilə bağlı bir sıra suallar da ortaya çıxır.

Bəs beynəlxalq ikili diplom proqramı çərçivəsində əldə edilən diplom və onun əlavəsi leqallaşdırılmalıdırmı?

“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsildə Keyfiyyətin Təminatı Agentliyi mövzuya aydınlıq gətirib.

Bildirilib ki, tanınma üçün təqdim olunan, xarici ölkələrin müvafiq rəsmi strukturları tərəfindən verilmiş diplomlar və transkriptlər "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Haaqa Konvensiya"sına uyğun olaraq sənədi verən ölkənin səlahiyyətli qurumu tərəfindən "apostil" şəhadətnaməsi/möhürü ilə leqallaşdırılmalıdır.

Azərbaycan gənclərinin dövlət proqramları, Elm və Təhsil Nazirliyi ilə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları, dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları, o cümlədən beynəlxalq müqavilələr çərçivəsində Azərbaycanda fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş kvalifikasiyalar üzrə təhsil almış şəxslərin ali təhsil haqqında sənədlərinin leqallaşdırılmasına və ya həmin sənədlərə apostil şəhadətnaməsinin (apostil möhürünün) əlavə edilməsinə ehtiyac yoxdur.

Nəticə etibarilə, Azərbaycan Prezidentinin 711 nömrəli 2018-ci il, 16 noyabr tarixli Sərəncamı təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq yalnız aşağıda qeyd olunan 6 beynəlxalq ikili diplom proqramı (2 bakalavriat, 4 magistratura təhsil səviyyəsi üzrə) çərçivəsində təhsil almış şəxslərin tanınma üçün təqdim edəcəyi sənədlərin leqallaşdırılmasına zərurət yoxdur.
Bunlar ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təhsil və İnsan kapitalının inkişafı" ixtisası üzrə magistratura səviyyəsində, Corc Vaşinqton Universiteti ilə ADA Universitetinin "Kompüter elmləri və verilənlərin təhlili" və "Elektrik və elektroenergetika mühəndisliyi" ixtisası üzrə magistratura səviyyəsində, Cənubi Koreya Respublikasının INHA Universiteti ilə Bakı Mühəndislik Universitetinin "İnşaat mühəndisliyi", "Elektrik mühəndisliyi", "Elektronika mühəndisliyi", "İnformasiya texnologiyaları" ixtisasları üzrə bakalavriat səviyyəsində, Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqronomluq", "Aqromühəndislik", "Bitki mühafizəsi" və "İqtisadiyyat" ixtisasları üzrə bakalavriat səviyyəsində, İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) ilə Bakı Dövlət Universitetinin "Biotexnologiya" ixtisası üzrə magistratura səviyyəsində, İngiltərənin Vorvik Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Bərpa olunan enerji mənbələri" İxtisası üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramlarıdır.