İlham Əliyev: Dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır
"Bilirsiniz ki, biz artıq struktur dəyişiklikləri də etdik, Elm və Təhsil Nazirliyi yaradıldı. Nə üçün? Çünki faktiki olaraq elm dövlət strukturlarından kənarda qalmışdı".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, Elmlər Akademiyası təbii ki, artıq uzun illərdir fəaliyyət göstərir və mən də yubiley tədbirlərində iştirak etmişəm. Amma, eyni zamanda, dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır:
"Çünki inkişaf etmiş ölkələrin təcrübəsini bilirik. Orada elm daha çox ali məktəblərlə bərabər, yaxud da ki, onların nəzdində inkişaf edir və biz də bu modeli seçmişik. İndi struktur islahatları gedir. Bir çox elmi-tədqiqat institutları bir-biri ilə birləşdirilir. Struktur islahatları ilə paralel olaraq, kadr islahatları da gedir, daha müasir, daha gənc kadrlar önə çəkilir. Burada keyfiyyət əmsalını da tapmaq o qədər də çətin deyil. Bu, dünya təcrübəsində var. Sənin elmi əsərlərin hansı elmi jurnallarda, hansı dərgilərdə nə qədər çap olunub və sənin elmi potensialın bugünkü reallıqlara nə dərəcədə uyğundur".
Prezident İlham Əliyev bildirib ki, əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik. Bu, qaçılmazdır:
"Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. Çünki mən bunu dəfələrlə demişəm, bir daha deyirəm tam şüurlu şəkildə, inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin və inkişaf etmiş ölkələrin vəziyyətinə. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var, çox deyil, amma var. Onların texnologiyaları haradan gəlir? Onlar özləri onları icad edir? Yox, o, beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir. Ona görə də biz bu istiqamətdə fəal işləməliyik".


