İlk dəfə bağçaya gedən uşaq niyə ağlayır?
Uşağın bağçaya ilk gəlişi həm valideynlər, həm də tərbiyəçi-müəllimlər üçün ən həssas və diqqət tələb edən dövrlərdən biridir. Bu mərhələdə bir çox uşaqlar ağlaya, narahat ola, valideynindən ayrılmaqda çətinlik çəkə və davranışlarında müvəqqəti dəyişiklik göstərə bilərlər. Bu vəziyyət problem deyil, uşağın yeni mühitə uyğunlaşma prosesinin təbii bir hissəsidir. Uşaqlar üçün ayrılma narahatlığı tamamilə normaldır və təhlükəsiz bağlanma prosesi düzgün qurulduqda zamanla azalır.
İnglis psixoanalisti Con Boulbinin bağlanma nəzəriyyəsinə görə, uşağın əsas baxıcısından ayrıldıqda narahatlıq hiss etməsi bioloji və psixoloji olaraq normaldır. Uşaq tanımadığı mühitə daxil olanda özünü təhlükəsiz hiss etməyə bilər və buna ağlama ilə reaksiya verə bilər. Yeni mühitə daxil olan uşaq yalnız təhlükəsizlik hiss etdikdə sakitləşir.
Evdə uşağın bütün oyuncaqları özünə aid olur, diqqət tam olaraq ona yönəlir, sərbəst seçim azadlığı daha yüksəkdir. Bağçada isə oyuncaqlar paylaşılır, tərbiyəçi-müəllim diqqəti bütün uşaqlar arasında bölür, qrup qaydaları tətbiq olunur. Bu dəyişiklik uşağın komfort zonasından çıxmasına səbəb olur ki, bu da ağlama, etiraz, çəkinmə kimi reaksiyalar yarada bilir.
Bəzi uşaqlar isə bağçaya gələrkən ilk günlər sakit görünə bilər, lakin bir neçə gün sonra bağçanın müvəqqəti deyil, davamlı bir mühit olduğunu anlayanda ağlamağa başlayır. Digər tərəfdən fəaliyyətlərin uşağın maraqlarına uyğun olmaması, adaptasiya prosesinin düzgün aparılmaması, tərbiyəçi-müəllimin ünsiyyət tərzi və soyuqluğu, uşağın özünü təhlükəsiz hiss etməməsi kimi səbəblər də uşağın davamlı ağlamasına gətirib çıxara bilər.
Tərbiyəçi-müəllim bu dövrdə nə etməlidir?
Uyğunlaşma, yəni adaptasiya dövrünün uğurlu keçməsi, əsasən, tərbiyəçi-müəllimin davranışından asılıdır. Tədqiqatlara görə, tərbiyəçi-müəllimin empatik və dəstəkləyici münasibəti uşaqda ağlamanı əhəmiyyətli dərəcədə azaldır. Uşaq ağladıqda "Qorxma, heç nə yoxdur" demək onun duyğusunu inkar etmək deməkdir. Bunun əvəzinə, “səni başa düşürəm, anadan ayrılmaq çətindir. Mən buradayam, sənə kömək edəcəyəm” kimi empatik ifadələr uşağın özünü anlaşılmış hiss etməsinə səbəb olur. Uyğunlaşma dövründə böyüklərin fiziki və emosional yaxınlığı uşağa güvən hissi verir.
Bağça uşağın sosial bacarıqlarının formalaşdığı ilk mühitdir. Tərbiyəçi-müəllim uşağa paylaşma, növbə gözləmə, əməkdaşlıq kimi davranışları model olaraq öyrədir. Uşağın bağçaya həvəslə gəlməsi üçün mühitin təhlükəsiz, estetik, cəlbedici və uşaqyönümlü olması vacibdir. Əgər oyunlar monoton olar, fəaliyyətlər uşağın yaşına uyğun olmazsa, oyun materialları çatışmazsa, tərbiyəçi-müəllim və ya uşaqla ünsiyyətdə olan digər şəxslər sərt və ya laqeyd olarsa, uşaqda bağçaya qarşı mənfi münasibət formalaşa bilər. Bu da uşağın bağçaya uyğunlaşmasını ləngidər.
“Mən öz övladımın müəllimi olmaq istəyərdimmi?” sualı hər bir tərbiyəçi-müəllimin peşə fəaliyyətində özünə yönəltməli olduğu ən vacib refleksiya nümunələrindən biridir. Bu sual müəllimin uşağa yanaşmasını, məsuliyyət hissini, etik davranışını və peşəkarlıq səviyyəsini dəyərləndirmək üçün güclü göstəricidir.
Tərbiyəçi-müəllim sadəcə uşaqlara nəzarət edən şəxs deyil. O onların gündəlik həyatında ən vacib modellərdən biridir. Uşaq tərbiyəçi-müəllimin davranışını müşahidə etməklə mərhəmət, empatiya, ədalət, səbr, şiddətdən uzaq durma, hamıya bərabər və hörmətlə yanaşma, ünsiyyət mədəniyyəti kimi sosial-emosional dəyərləri mənimsəyir. Bu səbəbdən tərbiyəçi-müəllimin hər sözü, jesti və münasibəti uşağın şəxsiyyət kimi formalaşmasına birbaşa təsir edir. Bu yanaşma tərbiyəçi-müəllimi yalnız pedaqoq deyil, həm də uşağın həyatına istiqamət verən qayğıkeş, məsuliyyətli və nümunəvi bir şəxs olmağa çağırır.
Beləliklə, uşağın bağçaya gələrkən ağlaması tamamilə təbii uyğunlaşma reaksiyasıdır. Bu, davranış problemi deyil, uşağın yeni mühitə uyğunlaşmaq üçün keçdiyi psixoloji mərhələdir.
Uyğunlaşmanın uğurlu olması üçün ən vacib üç amil:
– Tərbiyəçi-müəllimin sevgi, empatiya və səbirli yanaşması
– Valideynlə tərbiyəçi-müəllim arasında əməkdaşlıq və etimad
– Bağçada təhlükəsiz və cəlbedici mühitin yaradılması
Uşaq özünü güvəndə hiss etdikcə, bağçada sevgi və diqqət gördükcə ağlama azalacaq, davranış sabitləşəcək və o, bağçaya sevə-sevə gələcək.
Laləzar MƏMMƏDOVA
Bakı şəhəri 318 nömrəli körpələr evi-uşaq bağçasının müdiri


