Müəllimlərin texniki bacarıqlarının azlığı əsas çətinliklərdəndir – Mütəxəssis
Müasir təhsil sistemində inklüzivlik artıq alternativ yanaşma deyil, əsas prinsip kimi qəbul olunur. Fərqli ehtiyacları, bacarıqları və imkanları olan uşaqların eyni təhsil mühitində birlikdə inkişafı cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. İnklüziv təhsilin hədəfi yalnız xüsusi ehtiyaclı uşaqlar üçün deyil, bütün şagirdlər üçün bərabər imkanlar yaratmaqdır.
Bəs inklüziv sinifdə dərs keçən müəllimlər hansı məsuliyyətləri üzərinə götürür və hansı yanaşmaları tətbiq etməlidirlər?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, inklüziv təhsil üzrə mütəxəssis Gülşən Eminova bildirib ki, “inklüziv” anlayışı “daxil etmək” mənasını verir və bu, düşüncədə bir neçə vacib sual yaradır: kimi daxil edirik, nələri daxil edirik və bu proses hansı çərçivədə baş verir?
“İnklüziv təhsil dilindən, dinindən, irqindən, cinsindən, sosial mənsubiyyətindən, əlilliyindən və ya mədəni fərqliliyindən asılı olmayaraq, bütün uşaqların cəmiyyətin bir hissəsi olan məktəblərdə birlikdə təhsil almasını nəzərdə tutur. İnklüziv təhsilin əsas məqsədi uşaqlar arasında ayrı-seçkiliyi aradan qaldırmaq, bərabər imkanlar yaratmaq və bu imkanları hər kəs üçün əlçatan etməkdir. Bu sistemdə müxtəlifliyə hörmət prinsipi əsas götürülür və sosial inteqrasiya təşviq olunur. Bütün uşaqlar sinif və məktəb həyatında iştirak edir, yaşıdları ilə ünsiyyət qurur və özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss edirlər”.
İnklüziv sinifdə müəllimin rolu nə dərəcədə dəyişir?
Pedaqoqun fikrincə, inklüziv təhsildə müəllimin rolu köklü şəkildə dəyişir. Müəllim yalnız bilik verən şəxs deyil, daim öz üzərində işləyən, yeni metodik yanaşmaları öyrənən və hər bir şagirdin potensialını üzə çıxaran şəxsə çevrilir: “Burada yanaşma yalnız münasibət üzərində qurulmur. Əsas məqsəd şagirdin bacarıqlarını müəyyən etmək və onu düzgün istiqamətləndirməkdir. İnklüziv siniflərdə tədris ənənəvi siniflərdən ciddi şəkildə fərqlənir. Müəllim bu siniflərdə mütləq xüsusi təlimlərdən keçməli və inklüziv təhsil üzrə səriştələrə yiyələnməlidir.
İnklüziv siniflərdə diferensial yanaşma əsas götürülür və hər bir şagird üçün fərdi tədris planı hazırlanır. Bu siniflərdə əlilliyi olan uşaqlarla yanaşı, öyrənmə çətinliyi yaşayan, sosial və mədəni fərqliliyi olan, eləcə də xüsusi istedadlı şagirdlər də təhsil alır”.
İnklüziv təhsildə hansı əsas yanaşmalar tətbiq olunur?
O qeyd edib ki, inklüziv təhsil üç əsas yanaşmaya əsaslanır: “Differensiyasiya dərsin şagirdlərin ehtiyaclarına uyğunlaşdırılması; modifikasiya tədris materialının sadələşdirilməsi və dəyişdirilməsi; akomodasiya sinif mühitinin fiziki və psixoloji baxımdan uyğunlaşdırılması. Bu yanaşmalar dərsin bütün şagirdlər üçün əlçatan olmasını təmin edir”.
Əlilliyi olan uşaqlarla işləyərkən hansı metodlardan istifadə olunur?
Pedaqoq bildirib ki, metodika əlillik növünə görə dəyişir. Məsələn, gözdən əlilliyi olan şagirdlər üçün səsli materiallardan, elektron oxu sistemlərindən istifadə edilir, müəllim lövhədə yazdıqlarını eyni zamanda şifahi şəkildə də izah edir: “Eşitmə əlilliyi olan uşaqlarla işləyərkən müəllimin üzünü şagirdə tutaraq danışması, mimika və bədən dilindən istifadə etməsi, altyazılı videomaterialların təqdim olunması vacib hesab edilir. Fiziki məhdudiyyətləri olan şagirdlər üçün isə sinif mühitinin sərbəst hərəkətə uyğunlaşdırılması əsas şərtlərdən biridir”.
İnklüziv tədris prosesində hansı çətinliklər yaranır?
Pedaqoqun sözlərinə görə, inklüziv təhsildə əsas çətinliklərdən biri müəllimlərin texniki bacarıqlarının yetərli olmamasıdır: “Xüsusilə video və rəqəmsal resurslardan istifadə zamanı bu problem özünü göstərir. Lakin bu çətinliklərin aradan qaldırılması mümkündür. Müəllimlərin öz üzərində işləməsi, İKT bacarıqlarını artırması və həmkarlarla əməkdaşlıq etməsi bu baxımdan mühüm rol oynayır. Sinifdə vizual, audial və qrup işinə meyilli şagirdlər olur. Müəllim dərsi bu müxtəlif öyrənmə tiplərinə uyğun şəkildə qurmalıdır. Şəkillər, videolar, qrup müzakirələri, yaradıcı tapşırıqlar və praktik fəaliyyətlər şagirdlərin dərsdə iştirakını və motivasiyasını artırır”.
İnklüziv təhsildə praktiki fəaliyyətlərin rolu
Pedaqoq qeyd edib ki, inklüziv yanaşma yalnız nəzəri biliklərlə məhdudlaşmamalı, praktiki fəaliyyətlərlə dəstəklənməlidir: “Layihələr, oyun əsaslı fəaliyyətlər, ekskursiyalar və sosial tədbirlər uşaqların sosial və yaradıcılıq bacarıqlarının inkişafına mühüm töhfə verir. Bu cür fəaliyyətlər tələbələrdə empatiya və uyğunlaşdırma bacarığını formalaşdırır. İnklüziv siniflərin fəaliyyət göstərdiyi məktəblər dövlət səviyyəsində yaradılmış dəstək mexanizmləri ilə əhatə olunur. Təhsil şöbələri, regional təhsil idarələri və aidiyyəti qurumlar bu prosesə nəzarət və dəstək göstərir.
Psixoloq, loqoped, inklüziv təhsil üzrə mütəxəssislər, eləcə də QHT-lər və sosial tərəfdaşlıqlar bu sistemin əsas dayaqlarındandır. Nəticə etibarilə, inklüziv təhsilin uğuru yalnız müəllimin deyil, bütövlükdə məktəbin və cəmiyyətin birgə əməkdaşlığından asılıdır. Bu yanaşma hər bir uşağın potensialının üzə çıxarılmasına və cəmiyyətdə bərabər imkanların yaradılmasına xidmət edir”.



