İsa Həbibbəyli: Qarabağ və Şərqi Zəngəzura dair tədqiqatlar genişləndirilib
“Prezidentin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi proqram xarakterli çıxış Azərbaycan elmi üçün yol xəritəsi müəyyənləşdirib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyanın elmi təşkilatlarının və ali təhsil müəssisələrinin 2025-ci ildəki fəaliyyətinə həsr edilmiş Ümumi Yığıncaqda deyib.
Onun sözlərinə görə, dövlət başçısının ana dili siyasəti istiqamətində çağırışlarına uyğun olaraq Dil Korpusunun yaradılması, “Orfoqrafiya” lüğətinin yeni nəşrinin hazırlanması, ilk dəfə “Orfoepiya” lüğətinin tərtibi və “Şəxs adları soraq-məlumat kitabı”nın hazırlanması mühüm elmi nəticələr kimi dəyərləndirilib.
Akademiya rəhbəri qeyd edib ki, 2025-ci ildə rəqəmsallaşma və süni intellekt istiqamətində mühüm addımlar atılıb, “Elektron xidmətlər” şöbələrinin adı “Rəqəmsal elm sahəsi və süni intellekt” olaraq dəyişdirilib, elektron kitabxana hərəkatı genişləndirilib və ilk dəfə “Elektron arxiv” proqramına start verilib.
Tarix sahəsində əsas elmi nəticələrdən biri kimi Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı Azad Zeynalovun Xocavənd rayonundakı Tağlar mağarasında apardığı qazıntılar zamanı 80 min il əvvələ aid neandertal insan qalığının aşkarlanması göstərilib. Həmçinin Tarix və Etnologiya İnstitutunda Atropatena dövlətinə dair yeni tədqiqatın aparılması və Azərbaycan Respublikasının çoxcildlik tarixinin yazılması istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb.
Qarabağ və Şərqi Zəngəzura dair tədqiqatların genişləndirildiyini deyən AMEA prezidenti Botanika İnstitutunun “Qarabağ Florası ensiklopediyası”nı, Geologiya İnstitutunun isə ikicildlik “Qarabağ və Şərqi Zəngəzur Geologiya və Mineral resurslar Atlası”nı 2025-ci ilin mühüm elmi nəticələri sırasında göstərib.
Bildirilib ki, Akademiyada beynəlxalq əməkdaşlıq da genişlənib. Bolqarıstan və Gürcüstan elmi qurumları ilə birgə layihələr icra olunub, bir sıra ortaq nəşrlər işıq üzü görüb.



