İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin qənnadıçıları birinci oldu

18 Dekabr, 2025 - 16:53
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin qənnadıçıları birinci oldu

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin qənnadıçı komandası qalib olub. "Paxlava" mövzusunda keçirilən müsabiqəyə qatılan komanda çeşid müxtəlifliyi, dad və dekoruna görə fərqlənib. 

Qənnadıçıların yarışında peşə təhsili müəssisələrinin tələbələri də vardı

“Azərbaycan müəllimi” xəbər verir ki, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin şirniyyatçıları Azərbaycan Milli Kulinariya Assosiasiyasının 40 illik yubileyi münasibətilə bu gün keçirilən "Təhsil alan Gənc Kulinarların VI Respublika Çempionat"ında yarışıblar. Qənnadıçılıq istiqamətində tədris aparan müəssisələr və eyni zamanda peşə təhsili müəssisələri arasında keçirilən çempionata mərkəz 5 tələbədən ibarət komanda ilə qatılıb. Mərkəz “Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə təhsil alan Kəmalə Qurbanova, Əsmər Qəhrəmanova, Röya Bağıyeva və Şirin Nuriyev ilə təmsil olunub. Komandaya çempionatda “Qənnadıçı-şirniyyatçı” ixtisas qrupunun istehsalat təlimi ustası Ayan Novruzlu və baş usta Tacəddin İbadov rəhbərlik edib. 

Əvvəlcə şirniyyatların şəkilləri qiymətləndirilib

Çempionatda tələbələr əvvəlcə məhsullarının şəkilləri ilə yarışıblar. Belə ki, müsabiqə şərtlərinə görə bütün şirniyyatların şəkilləri öncədən təqdim edilib. Münsiflər öncədən bu hissəni ayrıca dəyərləndiriblər.

Ədviyyatlı çay ilə çoxçeşidli paxlavalar könül oxşadı

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin təmsilçisi Tacəddin İbadov “Azərbaycan müəllimi”nə deyib ki, yarışa 2 gün hazırlaşıblar: “Çempionata 4 çeşid paxlava (kokoslu paxlava, milli paxlava, türk paxlavası, soçi paxlavası) və İsmayıllı rayonuna məxsus şirniyyatlar – Lahıc səməni halvası, Lahıc şəkərçörəyi, kəpəkli çörək, yarpızlı çörək, hilbəli çörək, yağlı fəsəli və Qarabağ kətəsi ilə qatıldıq. Eyni zamanda rəngli karamellər, şəkər xəmirindən müxtəlif gül çeşidlərinin hazırlanması, kəsmikli piroq, xurmalı kurasan (yeni şirniyyat növü tələbələrin yaradıcılıq olaraq hazırladığı şirniyatdı), yağlı biskivit tortu, ədviyyatlı çay növləri təqdim etdik”.

Bu tədris ili üzrə təhsil alan tələbələr üçün ilk təcrübə olsa da, komanda üçün çempionat ilk təcrübə olmayıb. Odur ki, qalib olmaq üçün nə etmək lazım olduğunu biliblər: “Festivalda bütün iştirakçılara nəzər salanda bizim mətbəximizin fərqi aydın görünürdü. Paxlava zənginliyi könül oxşayırdı. Çox məhsuldar bir çempionat oldu. Hər bir detal münsiflər heyəti tərəfindən qiymətləndirildi və yaradıcılıq üzrə I yerə layiq görüldük”.

Baş usta deyir ki, paxlava festivalında iştirak İsmayıllı Dövlət Peşə Tədris Mərkəzinin kulinariya istiqaməti üzrə potensialını nümayiş etdirməklə yanaşı, istehsalat təliminin praktik nəticələrinin real peşə mühitində təqdim olunması baxımından mühüm əhəmiyyət daşıdı.

İstehsalat təlimi ustası Ayan Novruzlunun fikrincə, festival zamanı tələbələrin hazırlıq prosesi, texniki bacarıqları və milli şirniyyatlara yaradıcı yanaşması bir daha göstərdi ki, peşə təhsilində praktiki təlim düzgün istiqamətdə qurulub və öz bəhrəsini verir.

Tələbələr üçün çempionat özlərini daha da təkmilləşdirməyə stimul yaradıb

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin təmsilçiləri - Kəmalə Qurbanova, Əsmər Qəhrəmanova, Röya Bağıyeva və Şirin Nuriyev qazandıqları birincilikdən çox xoşbəxt görünürlər.
“Bu festival bizə öz bacarıqlarımızı nümayiş etdirməyə və digər təhsil müəssisələrinin işləri ilə tanış olmağa imkan yaratdı”, - deyən Kəmalə Qurbanova növbəti yarışları həvəslə gözləyir.
Əsmər Qəhrəmanovanın fikrincə, paxlava çeşidlərinin hazırlanması zamanı öyrəndiyi bilikləri real müsabiqə mühitində tətbiq etmək dəyərli təcrübə olub.
Komanda üzvü Röya Bağıyeva festivalda ustad aşpazların və münsiflərin rəylərini maraqla dinləyib: “Onların fikirləri gələcək peşəkar inkişafımız üçün motivasiya verdi”.
Komandanın yeganə oğlanı Şirin Nuriyev isə hesab edir ki, belə tədbirlər milli mətbəximizi daha dərindən öyrənməyə və bu sahədə özlərini daha da təkmilləşdirməyə stimul yaradır.