İsmayıllıda tələbələr fərqli geyim dizaynları yaratdılar

11 Dekabr, 2025 - 11:13
İsmayıllıda tələbələr fərqli geyim dizaynları yaratdılar

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Geyim üzrə dizayner” qrupunda “açıq dərs” təşkil edilib. “Çiyin geyimlərinin hazırlanması” modulunda keçirilən "açıq dərs"də maraqlı geyimlər ortaya çıxıb. 3 illik “Geyim üzrə dizayner” ixtisası üzrə II kurs tələbələrinin hazırladığı geyimlər dərsin qonaqlarının da xoşuna gəlib.

Həyəcanverici “açıq dərs”

Texniki peşə təhsili alan qrupda 10 tələbə təhsil alır. IX sinifdən peşə təhsilinə gələn tələbələr bu modul üzrə dərslərə maraq göstərdiklərini bildiriblər. Humay Ağayevanın sözlərinə görə, o bu dərsdə öz stili barədə maraqlı məlumatlar əldə edib: “Bu dərsdə müxtəlif geyim üslubları ilə tanış oldum, hətta öz stilimi müəyyən edə bildim. Adətən idman üslubunda geyinirəm. Bu üsluba dair çox maraqlı biliklər əldə etdim”.

Bəyaz Abdıyeva deyir ki, “açıq dərs”də həyəcanlı anlar yaşayıb: “Dərsimizdə qonaqlarımız vardı. Bu məni bir az da həyəcanlandırdı. Üstəlik, klassik üslubda geyim eskizini qurarkən çətinlik çəkdim. Nəticədə daha çox stres keçirdim. Yaxşı ki, müəllimimiz yanımızdaydı, mənə kömək etdi”.

“Belə dərslər bizi həyəcanlandırdığı qədər də həvəsləndirir”

Dərsdə ixtisas fənn müəllimi Ülkər Məmmədova müxtəlif növ qadın geyimləri mövzusunda təqdimat edib. O, “Azərbaycan müəllimi”nə bildirib ki, komanda yoldaşları qarşısında dərs təşkil etmək nəinki tələbələri, elə onun özü üçün də həyəcanlı olub:

“Belə dərslər bizi həyəcanlandırdığı qədər də həvəsləndirir. “Açıq dərs”in təlim nəticələri üzrə məqsədi tələbələrin nəzəri biliklərini praktiki fəaliyyətlərlə birləşdirərək çiyin xətti olan geyimlərin konstruksiya və tikiliş xüsusiyyətlərini öyrətmək idi. Düşünürəm ki, biz buna nail olduq. “Açıq dərs”in strukturu üzrə çiyin xəttinin quruluşu və ölçülərin düzgün götürülməsini izah etdim. Qadın geyimlərində çiyin kəsimi, formaları və modelləri praktik şəkildə nümayiş etdirdik. Tələbələr özlərinin seçdikləri model üzrə çiyin hissəsinin hazırlanmasını və tikiş mərhələlərini həyata keçirdilər”.

Dərsdə modellərin eskizləri, nümunələr və konstruksiya sxemləri vizual vəsait kimi istifadə olunub. Ülkər Məmmədovanın sözlərinə görə, dərsin mövzusu da tələbələr üçün maraqlı olub: “Müxtəlif növ qadın paltarları” mövzusunda “açıq dərs”də qrupdakı tələbələrin hamısı iştirak etdi. Əyani şəkildə maneken üzərində geyim növləri nümayiş edərək tələbələrə qruplar şəklində tapşırıqlar verdim. Hər qrup öz tapşırığına uyğun təqdimat hazırladı və geyim modelləri üzərində nümayiş etdirdilər. Uşaqlara verdiyim suallara maraqlı cavablar aldım”.  

“Açıq dərs”i yüksək qiymətləndirdim”

Dərsin qonaqlarından biri, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Keyfiyyət təminatı üzrə mütəxəssisi Hədiyyə Osmanovanın fikrincə, rollu oyunlarla mövzu tələbələrə daha aydın mənimsədildi: “Mən “açıq dərs”i yüksək qiymətləndirdim. Müəllimimiz peşəkar rəssam-dizaynerdir. Müəssisəmizin nümunəvi, öz fərqini ortaya qoyan müəllimlərindəndir. Müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərərək müəssisəmizə qəbul olunub. Bu “açıq dərs”i maraqla izlədik, sonra müzakirə etdik. Müəllimimizə öz tövsiyələrimizi verdik”.