İsrailli professor AzMİU-da seminar keçib
İsrailli alim, professor Mark Applebaum Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "Tədrisdə süni intellekt: Funksional alətlərdən pedaqoji tərəfdaşlığa doğru" mövzusunda elmi seminarla çıxış edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, AZMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Nigar Aslanova açılış nitqi ilə çıxış edərək bildirib ki, təhsil sistemində süni intellekt texnologiyalarının tətbiqi alternativə yox, zərurətə çevrilib. O qeyd edib ki, AzMİU-da innovativ yanaşmaların təşviqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi, müəllim–tələbə münasibətlərində yeni pedaqoji modellərin formalaşdırılması universitet rəhbərliyinin əsas prioritetlərindəndir.
Prorektor onu da vurğulayıb ki, belə elmi seminarlar akademik mühitdə müasir trendlərin öyrənilməsi və qabaqcıl təcrübələrin paylaşılması baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra çıxış edən professor Mark Applebaum təqdimatında süni intellektin ali təhsildə yalnız texniki yardımçı vasitə kimi yox, eyni zamanda pedaqoji tərəfdaş kimi çıxış etməsinin mümkünlüyündən danışıb. Alim süni intellekt əsaslı platformaların fərdiləşdirilmiş tədris və interaktiv öyrənmə mühitinin yaradılmasında oynadığı rolu konkret nümunələr əsasında izah edib.
Seminar zamanı müəllim və tədqiqatçılar süni intellektin etik aspektləri, akademik dürüstlük, müəllimin dəyişən rolu və gələcək tədris modelləri ilə bağlı suallar səsləndiriblər. Müzakirələr interaktiv formatda davam edib.
Tədbirdə AZMİU-nun professor və müəllim heyəti ilə yanaşı, digər universitetlərin akademik heyəti də iştirak edib.
Qeyd edək ki, Mark Applebaum riyaziyyat təhsili sahəsində tanınmış ekspertdir. 7 dildə 100-dən çox məqaləsi dərc olunan alimin elmi fəaliyyəti və təcrübəsi əsasən istedadlı şagirdlərin təhsili, yaradıcı və tənqidi düşüncə, riyaziyyat müsabiqələri və STEM pedaqogikasına yönəlib. O, 30-dan çox beynəlxalq konfransda iştirak edib və çoxsaylı qlobal tədbirlərdə əsas məruzəçi kimi rol alıb.
Hazırda “Kangaroo Israel Math Contest”in rəhbəri vəzifəsində çalışır və 2023-cü ildən etibarən “Kaye Academic College of Education”da “Integrative STEM Education” proqramına rəhbərlik edir.



