Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 11 mühüm elmi nəticə əldə olunub – Hesabat
Elm və Təhsil Nazirliyinin akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 2025-ci ildə 3 problem üzrə aparılan elmi-tədqiqat işləri nəticəsində 11 mühüm elmi nəticə əldə edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə institutun Elmi Şurasında cari ilin yekunlarına həsr olunmuş iclasda bildirilib.
Hesabata əsasən, bu ilin 11 ayı ərzində institut əməkdaşlarının 130 məqaləsi “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda dərc olunub ki, bu məqalələrin 13-ü Q1 və 13-ü Q2 kvartilli jurnallardadır. Bunlardan “Polyhedron”, “Journal of Molecular Structure”, “Journal of Chemical Thermodynamics”, “Journal of Materials Science”, “Solid State Communications”, “Journal of Alloys and Compounds”, “Chemical Thermodynamics and Thermal Analysis”, “Journal of Electrochemical Science and Engineering” və s. kimi Q1 və Q2 kateqoriyalarına daxil olan yüksək impakt faktorlu jurnalları göstərmək olar.
Bundan əlavə, cari ildə institut əməkdaşları tərəfindən 7 patent alınıb. Həmçinin patent almaq üçün 2 iddia sənədi Əqli Mülkiyyət Agentlyinə təqdim edilərək ilkin ekspertizanın müsbət rəyi alınıb. Cari ildə institutda 1 qrant çərçivəsində tədqiqatlar davam etdirilərək sona çatıb, 1 layihə isə mobillik qrant müsabiqəsinin qalibi olub. İnstitut əməkdaşları tərəfindən il ərzində 15 monoqrafiya, kitab və dərslik nəşr edilib.
2025-cı ilin 11 ayı ərzində institutda aparılan tədqiqatların nəticəsi olaraq 153 məqalə (53 Respublika, 100 xarici jurnallarda, 38 – “Web of Science”, 92- “Scopus”), 215 tezis (onlardan 63 xarici ölkələrdə) çap olunub.
İnstitutda 2 elmi jurnal - Azərbaycan Kimya Jurnalı və Kimya Problemləri nəşr olunur. Hər iki jurnal “Scopus” bazasında indekslənir. Sevindirici haldır ki, bu il hər iki jurnalın impakt faktoru artıb (Azərbaycan Kimya Jurnalı – CiteScore 0,7; Kimya problemləri jurnalı – CiteScore1,1).
Hazırda institutun doktorantura və dissertanturasında ümumilikdə 49 nəfər (elmlər doktoru elmi dərəcəsi almaq üçün 17 nəfər, fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 32) təhsil alır.



