Kənan Kərimzadə: Azərbaycan təhsili yeni transformasiya mərhələsinə qədəm qoyub

28 Fevral, 2026 - 14:18
Kənan Kərimzadə: Azərbaycan təhsili yeni transformasiya mərhələsinə qədəm qoyub

“Son illərdə istər peşə, istər yeni ali təhsil müəssisələrinin istifadəyə verilməsi olsun, bütövlükdə ölkədə təhsilində əlçatanlığın artırılması istiqamətində xeyli işlər görülüb”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "Təhsildə yeni çağırışlar: keyfiyyətə baxış" regional konfransında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, ölkədə şagirdlərin 80 faizə yaxını artıq yüksək sürətli fiber-optik internetlə təmin olunub. 2020-ci ildə ölkə məktəblərində 36 şagirdə bir kompüter düşürdüsə, bu gün 7 şagirdə bir kompüter düşür. Məhz süni intellektin, yeni texnologiyaların tətbiqi rəqəmsal infrastruktur quruculuğu tətbiq edir. 

Nazir müavini əlavə edib ki, müəllimlərin peşəkar inkişafı, təlimi istiqamətində müasir metodik xidmət artıq ölkədə 400-dən çox məktəbi əhatə edir. Yeni məzmunun tətbiqi sahəsində ölkədə 500 mindən çox STEAM layihəsi 300 minə yaxın şagirdi, "Rəqəmsal bacarıqlar" platforması təxminən 500 mindən çox şagirdi əhatə edir". 

Kənan Kərimzadə qeyd edib ki, Azərbaycan təhsili yeni transformasiya mərhələsinə qədəm qoyub. "Hesab edirəm ki, bu işin mərkəzində məhz Azərbaycan müəllimi durur. Mənə görə, müəllimlər ən böyük memarlar, mühəndislər, qurucular, insan formalaşdıran, ənənələri özündən sonrakı müəllimlərə və nəsillərə ötürən şəxslərdir”.