Kənan Kərimzadə: Təhsil infrastrukturunun təxminən 90 faizi yenilənib  

4 Mart, 2026 - 11:26
Kənan Kərimzadə: Təhsil infrastrukturunun təxminən 90 faizi yenilənib  

“Son 20 il ərzində Azərbaycan təhsilində bir çox məsələlər öz həllini tapıb. Ölkə başçısının birbaşa diqqət və qayğısı, dövlət strategiyaları və dövlət proqramları nəticəsində Azərbaycanda 3600-dən çox məktəb tikilib və əsaslı təmir olunub”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə səsləndirib.

Nazir müavinin sözlərinə görə, təhsil infrastrukturun təxminən 90 faizi yenilənib və görülən bu işlərin nəticəsində 1,3 milyondan çox şagirdin təlim və tədris şəraiti yaxşılaşıb:

“İkinci vacib istiqamət kimi son illərdə təhsil işçilərinin rifahının artırılması ilə bağlı görülən işləri qeyd etmək istərdim. 80 mindən çox müəllimimizin sertifikatlaşdırılmasını həyata keçirmişik. Bu müəllimlərin bir hissəsinin əməkhaqqına 35 faiz, digər hissəsinin isə 10 faiz əlavələr edilib. Bütövlükdə, istər peşə təhsili olsun, istər ali təhsil olsun, hər iki təhsil pilləsində əhatəliliyin artımını müşahidə edirik. Qəbul nəticələrimiz yaxşılaşır. Ali təhsil müəssisələrinin timsalında Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə nəticələri yaxşılaşıb. Azərbaycan peşə təhsilində artıq yeni, müasir infrastrukturlu müəssisələr istifadəyə verilir”, – deyə o qeyd edib.