Kibertəhlükəsizlik layihələrində işə qəbul göstəricisi 90 faizə çatır - Fərid Osmanov

16 Fevral, 2026 - 11:25
Kibertəhlükəsizlik layihələrində işə qəbul göstəricisi 90 faizə çatır - Fərid Osmanov

“Rəqəmsallaşma yalnız texnoloji infrastrukturun qurulması və ya hər hansı bir tətbiqin hazırlanması deyil, onları uğurla yaratmaq, inkişaf etdirmək və davamlı dəstəklənməsini təmin etmək məhz insan kapitalının üzərinə düşür”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov “IT SkillSprint” təhsil proqramının açılış mərasimində səsləndirib.

Onun sözlərinə görə, insan kapitalı bugünkü gündə ən fundamental elementlərdən biridir: “”IT SkillsSprint” proqramı məhz ali təhsillə əmək bazarı arasında qurduğumuz sıx bağlantının və intensiv təlim və təhsil proqramının bir modeli, nümunəsidir. Ölkə başçısının 11 fevral tarixində rəqəmsallaşma və rəqəmsallaşmanın önəmi, ümumiyyətlə, rəqəmsal mühit üzrə yeni arxitekturanın müzakirəsinə həsr olunmuş müşavirədə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin quruculuğu istiqamətində önəmli tapşırıqları olmuşdur. Strateji yol xəritəsində məhz insan kapitalı — bilikli, bacarıqlı və yüksək ixtisaslı insan kapitalının olması çox vacib bir elementdir”.

F.Osmanov qeyd edib ki, agentlik tərəfindən həyata keçirilən layihələr nəticəsində 10 mindən artıq tələbə təlim və təhsil proqramlarına cəlb edilib və əmək bazarına təqdim olunub: “Xüsusilə kibertəhlükəsizlik istiqamətində həyata keçirilən layihələrdə işə qəbul göstəricisi artıq 90 faizə çatmaqdadır. Qeyd olunmalıdır ki, bugünkü proqram çərçivəsində də “Ironhack” beynəlxalq şirkəti ilə birgə bu proqrama başlayırıq. “Ironhack” şirkəti dünyada qlobal IT təlim və bootcamp layihələrinin həyata keçirilməsində tanınmış qurumlardandır və tələbələr üçün geniş imkanlar yaradır. Bu minvalla buradakı tələbələr nəinki Azərbaycan əmək bazarına töhfə vermək, eyni zamanda xarici dövlətlərdə və şirkətlərdə işləmək imkanları da əldə edəcəklər”.