Kimi sevindi, kimi heyifsiləndi: Müəllimlərin böyük sınaqdan sonrakı anları – REPORTAJ
Bu gün yüzlərlə müəllim sertifikatlaşdırma imtahanında iştirak edərək peşəkar bilik və bacarıqlarını növbəti dəfə sınadı. Saatlarla davam edən imtahandan çıxan müəllimlərin üzündə fərqli duyğular vardı. Kimi nəticəsindən məmnun idi, aylarla davam edən hazırlığın bəhrəsini görməyin sevincini yaşayırdı, kimi isə gözlədiyindən zəif nəticə topladığı üçün bir qədər heyifsilənirdi.
“Çalışan insan üçün suallar həmişə daha rahat olur”
Müəllimlərlə söhbət zamanı sertifikatlaşdırma ilə bağlı müxtəlif fikirlər eşitdik. Onların cavablarında isə bir ortaq məqam vardı: uğurlu nəticənin arxasında davamlı öyrənmək və öz üzərində işləmək dayanır.
63 nömrəli tam orta məktəbin rus dili müəllimi Aysel Qurbanova sertifikatlaşdırmada ilk dəfə iştirak edib. Cəmi 4 illik pedaqoji staja malik müəllim imtahanda 55 bal toplayıb.
“İmtahan çox şəffaf keçdi. Burada iştirak edə bildiyim üçün çox məmnun oldum”, – deyə o bildirib.
Aysel müəllim sualların məzmununu da müsbət qiymətləndirib: “Suallar çox yaxşı idi. Çalışan insan üçün suallar həmişə daha rahat olur”.
Onun sözlərinə görə, sertifikatlaşdırma müəllimlərin biliklərini yeniləməsinə və özlərini inkişaf etdirməsinə imkan yaradır: “Bəzi mövzular zaman keçdikcə unudulur. İnsan onları yenidən təkrar edir və nəticədə daha da təkmilləşir. Təbii ki, bu da müəllim üçün motivasiyadır”.
“Bu nəticəni gözləyirdim”
72 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Məhsəti Yusifova da imtahanda 54 bal toplayıb. O, sualların müxtəlif çətinlik səviyyələrini əhatə etdiyini qeyd edib: “Suallar rahat idi. Kifayət qədər düşündürücü suallar da var idi. Həm çətin, həm asan, həm də orta səviyyəli suallarla qarşılaşdıq”.
Topladığı nəticənin onun üçün gözlənilən olduğunu deyən müəllim bunun səbəbini davamlı özünüinkişafda görür: “Bu nəticəni gözləyirdim. Daim öz üzərimdə işləyirəm”.
Güllə qarşılanan müəllim
161 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ülviyyə İslamova üçün imtahan günü həm topladığı yüksək nəticə ilə, həm də həmkarlarının göstərdiyi dəstəklə yadda qalıb. İmtahandan çıxan müəllimi məktəbdəki həmkarları əlində gül ilə qarşılayırdı. Bu mənzərə müəllimlərin bir-birinin uğuruna necə sevindiyini və həmrəylik nümayiş etdirdiyini göstərirdi.
Müəllim imtahanda 54 bal toplayıb və nəticəsindən məmnun qaldığını bildirib.
Onun sözlərinə görə, imtahan sualları düşündürücü olub və uğurlu nəticə əldə etmək üçün ciddi hazırlıq tələb edib. Həmçinin bu nəticəni əvvəlcədən gözlədiyini də gizlətmədi:
“Suallar düşündürücü idi. Hazırlaşmaq lazım idi. Həqiqətən də çox çalışmışdıq və ciddi şəkildə hazırlaşmışdıq. Bu nəticəni gözləyirdim. Çox hazırlaşmışdım”.
Hədəfi 50 idi, 52 bal topladı
Akademik Zərifə Əliyeva adına liseyin müəllimi Səbuhi Hüseynov imtahan suallarını xüsusilə rus bölməsi müəllimləri üçün kifayət qədər çətin hesab edir.
“Rus bölməsi müəllimləri üçün sualları kifayət qədər çətin hesab etmək olar. Heç bir halda asan suallar deyildi. Nisbətən çətin suallar idi”, – deyə o bildirib.
Buna baxmayaraq, müəllim qarşısına qoyduğu məqsədə çataraq 52 bal toplayıb: “Mənim üçün əsas hədəf 50 baldan yuxarı nəticə göstərmək idi. 52 bal toplamışam və bu nəticə məni qane edir”.
25 illik pedaqoji təcrübəyə malik olan Səbuhi Hüseynov imtahana görə xüsusi hazırlıq keçmədiyini, sualları illər ərzində qazandığı bilik və təcrübə əsasında cavablandırdığını deyir. Onun fikrincə, sertifikatlaşdırmanın əsas üstünlüyü müəllimləri daim öz üzərində işləməyə təşviq etməsidir:
“Bu proses müəllimin daim inkişaf etməsini, peşəkar formada ayıq və hazırlıqlı qalmasını tələb edir”.
Müəllimlərlə söhbətlərdən görünürdü ki, sertifikatlaşdırma onlar üçün illərlə qazanılmış təcrübənin qiymətləndirilməsi, həm də yeni biliklər əldə etmək və peşəkar inkişafı davam etdirmək üçün bir fürsət kimi qəbul olunur.




