Kimlər sertifikatlaşdırmadan azad ediləcək? – Nazirdən açıqlama
“Ümumilikdə 3000-ə yaxın müəllimin sertifikatlaşdırmanın ikinci mərhələsinə cəlb olunması nəzərdə tutulur”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövrü ilə bağlı keçirilən brifinqdə təhsil naziri Elxan Nəcəfov məlumat verib.
Nazir qeyd edib ki, prosesdə 2021-ci ildə sertifikatlaşdırmada uğur qazanan müəllimlər, eləcə də 2021–2022-ci illərdə sertifikatlaşdırmada uğur qazana bilməyən təhsilverənlər iştirak edəcəklər.
Elxan Nəcəfov deyib ki, sosial həssaslıq və əmək qanunvericiliyinin tələbləri nəzərə alınaraq hamilə qadınlar sertifikatlaşdırmanın II dövründə iştirakdan azad olunurlar.
Uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət başa çatdıqdan sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar, eləcə də uşağını təkbaşına böyüdən kişilər də sertifikatlaşdırma prosesinin bu mərhələsindən azad ediləcəklər.



