Kimya İnstitutu ilə Fırat Universiteti arasında əməkdaşlıq müzakirə edilib

28 Oktyabr, 2026 - 15:38
Kimya İnstitutu ilə Fırat Universiteti arasında əməkdaşlıq müzakirə edilib

Türkiyənin Fırat Universitetinin Metallurgiya və Materialşünaslıq fakültəsinin professorları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu ilə tanış olublar.

İnstitutdan "Azərbaycan müəllimi"nə bildirilib ki, direktor vəzifələrini icra edən professor Əfsun Sucayev qonaqlara müəssisənin fəaliyyəti, elmi-tədqiqat istiqamətləri və laboratoriyaların imkanları barədə məlumat verib. O, institutda fundamental və innovativ tədqiqatların aparıldığını qeyd edib. Bildirib ki, rəhbərlik etdiyi elmi müəssisənin Qara və əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasında fundamental araşdırmalarla yanaşı, ölkə iqtisadiyyatının inkişafına töhfə verən tətbiqi əhəmiyyət daşıyan tədqiqatlar aparılır və mühüm elmi nəticələr əldə olunur. Əfsun Sucayev institutun qarşısında duran əsas vəzifələrdən birinin beynəlxalq əməkdaşlıqların genişləndirilməsi olduğunu vurğulayıb. O, gənc alimlərə tədqiqatlarda daha çox sərbəstlik verilməsinin vacibliyini qeyd edib. Professor Türkiyənin nüfuzlu universitetləri ilə xüsusilə qeyri-üzvi materialşünaslıq sahəsində əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb. O, Fırat Universiteti ilə əlaqələrin davamlı inkişafına inamını ifadə edib və tərəflərin gənc tədqiqatçıların birgə tədqiqatlara cəlb olunmasının məqsədəuyğun olduğunu vurğulayıb.

Fırat Universitetinin Metallurgiya və Materialşünaslıq fakültəsinin professoru Mehmet Deniz Turan Kimya İnstitutunun Qara və əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasının elmi işçisi Pərvanə Babayeva ilə birgə apardıqları tədqiqatların uğurla davam etdiyini bildirib. Onun sözlərinə görə, hazırda işlər elmi məqalənin hazırlanması istiqamətində davam etdirilir. Mehmet Deniz Turan təmsil etdiyi universitetin elmi-tədqiqat fəaliyyəti barədə məlumat verərək, Türkiyənin nüfuzlu universitetləri sırasında yer aldığını vurğulayıb. O, universitetin beynəlxalq əməkdaşlıqların genişləndirilməsində maraqlı olduğunu, bu istiqamətdə danışıqların aparıldığını qeyd edib. Professor Azərbaycandan elmə maraq göstərən gənclərin birgə layihələrə cəlb olunmasını və tərəflərin ortaq tədqiqatlar həyata keçirməsini vacib hesab edib.

Qonaq Türkiyə tərəfinin Kimya İnstitutuna laboratoriya və layihələr çərçivəsində dəstək göstərməyə hazır olduğunu da diqqətə çatdırıb. Professor “ADEP” layihəsi çərçivəsində əməkdaşlığın davam etdiyini və layihənin beynəlxalq səviyyəyə çıxarıldığını qeyd edib. Pərvanə Babayevanın da həmin tədqiqatda iştirak etdiyini vurğulayan Mehmet Deniz Turan bu təşəbbüsü ilk dəfə Azərbaycanla həyata keçirdiklərini bildirib.

Laboratoriya müdiri kimya elmləri doktoru, professor Arif Heydərov laboratoriyada əsas tədqiqat istiqamətinin mineral xammalın emalı olduğunu qeyd edib. O, tədqiqatlar zamanı Türkiyə tərəfinin təcrübəsindən faydalandıqlarını bildirib.

Görüşün sonunda universitet-institut əməkdaşlığının konkret layihələrlə davam etdirilməsinin vacibliyi bir daha vurğulanaraq, gələcəkdə daha çox birgə tədqiqatların həyata keçirilməsi təklif olunub. Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsini özündə əks etdirəcək memorandumun imzalanmasının da mümkünlüyünü ifadə ediblər.

Kimya İnstitutu ilə Fırat Universiteti arasında əməkdaşlıq müzakirə edilib
Kimya İnstitutu ilə Fırat Universiteti arasında əməkdaşlıq müzakirə edilib
Kimya İnstitutu ilə Fırat Universiteti arasında əməkdaşlıq müzakirə edilib