Köçürmə, yoxsa şəxsi yanaşma - Tələbələr diplom işini necə yazırlar?
SDU-da akademik dürüstlüyə necə əməl olunur? – Araşdırma
Müasir dövrdə bütün dünyada ali təhsilin sütunu akademik dürüstlük hesab edilir. Məlumatın saxtalaşdırılması, tədqiqat nəticələrinin qəsdən dəyişdirilməsi və uydurulması elmi araşdırmaların etibarlılığına ciddi zərər vurur. Elmi dürüstlüyü qorumaq baxımından ali təhsil müəssisələrində plagiat hallarının qarşısının alınması olduqca önəmlidir. Akademik dürüstlük və plagiat problemi ali təhsil sisteminin bütövlüyünü və cəmiyyətin elmə olan etimadını aşağı salır.
Tələbələr arasında akademik dürüstlüyə nə dərəcədə əməl olunması, diplom işlərinin və magistr dissertasiyalarının yazılması, plagiat işlərinin necə araşdırılmasını öyrənmək məqsədilə “Azərbaycan müəllimi” olaraq Sumqayıt Dövlət Universitetinin (SDU) müəllim və tələbələri ilə söhbət etdik.
“Dissertasiya işi “Plagiat.pl” proqramından keçmirsə, müdafiəyə buraxılmır”
SDU-nun Magistratura, doktorantura və elm şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent, qabaqcıl təhsil işçisi Samir Orucov qeyd edir ki, ölkəmizin digər ali təhsil müəssisələri kimi SDU 2019-cu ildən “Plagiat.pl” şirkəti ilə müqavilə imzalayıb. Universitetdə təqdim olunan bütün tədqiqat işləri - məqalələr, tezislər, dissertasiyaların hər biri plagiatla yoxlanılır: “Dissertasiya müdafiəsinə qədər magistrların ən azı 2 tezisi və məqaləsi olmalıdır. Magistrlar öz elmi işləri ilə konfranslara qatılır, məqalələrini elmi jurnallara təqdim edirlər. Belə olan halda onların məqalə və tezisləri tərəfimizdən yoxlanılır. Plagiatı yoxlayanda 3 oxşarlıq əmsalı nəzərə alınır. 1-ci əmsal 2 söz oxşarlığı, 3-cü əmsal özünəistinaddır. Ən çətini, təhlükəlisi 2-ci əmsaldır ki, haradasa 1 abzas, 5 cümlə başqa bir yazıdan mənimsəməkdir. Ali Attestasiya Komissiyası oxşarlıq əmsalını 5 faiz civarında qoyur. Plagiat anlayışı tam şəkildə kiminsə fikrini götürmək, oğurlamaq, özünününküləşdirməkdir. Bu faktlarla biz qarşılaşmamışıq. Sadəcə oxşarlıq əmsalının bir qədər yüksək olduğu müşahidə olunduğundan işlər geri qaytarılıb. Magistr dissertasiyası üzərində yenidən işləməli olub. Dissertasiya işi “Plagiat.pl” şirkətinin proqramından keçmirsə, müdafiəyə buraxılmır”.
Şöbə müdiri əlavə edir ki, SDU-da multidissiplinarlıq prinsipinə əsasən sosial-humanitar, eləcə də təbiət-texnika elmləri üzrə magistrlar var və pnların tədqiqat işləri fərqlidir. Təbiət-texnika fundamental elm olduğu üçün laboratoriya, elmi-tədqiqat institutlarında araşdırma olmalıdır. Sosial-humanitar sahə üzrə daha çox ədəbiyyat, kitablar, arxiv-sənədlər üzərində işləyirlər və ixtisasdan asılı olaraq yanaşma müxtəlifdir. “Magistrın dissertasiya işi ümumi kafedranın hər hansı bir tədqiqat mövzusunun bir hissəsidir. Bu baxımdan, kənardan müdaxilə mümkün deyil. Biz tələbəyə şərt qoymuruq ki, böyük bir ixtira eləsin. Həmin mərhələdə magistr ən azı özü hər hansı ədəbiyyat xülasəsini aparmağı öyrənir, elmi rəhbər ona son tədqiqat metodlarını, üsullarını öyrədir. Tələbələrimizin böyük əksəriyyəti xarici dili bilir. Elm elə bir anlayışdır ki, lokal ola bilməz və elmdə hər hansı problem də lokal ola bilməz”.
“Tələbəyə çatdırmağa çalışırıq ki, diplom işini özü yazmalı, öz sözünü deməli, ifadə etməyi bacarmalıdır”
Sumqayıt Dövlət Universitetinin Tədris Metodiki Mərkəzinin direktoru Elnarə Məmmədova bildirir ki, bakalavr səviyyəsində magistr dissertasiyaları ilə müqayisədə plagiat yoxlanılmır. Lakin universitetin daxili proqramları ilə diplom işləri yoxlamadan keçirilir:
“Universitetimiz tərəfindən hazırlanmış metodiki vəsaitdə bütün buraxılış işlərinin yazılma qaydaları yer alıb. Müəllimlər dərsdə, dərsdənkənar davamlı olaraq tələbələrə mövzunun seçilməsində, işlənməsində köməklik göstərirlər. Çalışırıq ki, mövzular müasir dövrün tələblərinə cavab versin, təkrarlanan mövzulara yol verilməsin. Əvvəlki illərin alimlərinin fikirlərindən çox son 5 ilin ədəbiyyatına, xarici ədəbiyyatlara istinad edilməsi tövsiyə olunur. Daha sonra elmi rəhbərlə bərabər fəsillər seçilir. Birinci fəsildə adətən nəzəri fikirlər, araşdırmalar, tarixi mənbələr, yaxud digər ölkələrlə müqayisə prinsipi olur. İkinci fəsil buraxılış işinin ən vacib hissəsidir, orada müqayisə, təhlil, diaqramlar, statistika, hesablamalar və s. yer alır, yəni problemin araşdırılması üzərində qurulur. Üçüncü fəsildə tələbə yaradıcı formada yanaşmalı, təklifləri olmalı, problemin mənfi və müsbət tərəflərini göstərməlidir”.
Mərkəz direktoru vurğulayır ki, aşağı kurslardan tələbələr ədəbiyyatlarla işləməyi, yerli və xarici ədəbiyyatları araşdırmağı, rəsmi xəbərlərə, elanlara, qanunlara istinad etməyi öyrənir. “Tələbələrimiz var ki, müəssisələrdə təcrübə işləri aparır, real olaraq prosesi görür və buraxılış işində təqdim edirlər. Təbii ki, o burada öz əməyini nümayiş etdirir, bununla belə ədəbiyyatlardan, internet resurslarından istifadə edir. Yekunda isə nəticələri, təklifləri yer alır. Metodik vəsaitimizdə qeyd olunur ki, 100 ballıq sistemdən 40 bal problemin tədqiqatına, 30 bal məzmununa, 20 bal tələbənin araşdırmasına, təhlilinə, 10 bal isə işin orijinallığına verilir. Yəni müdafiə zamanı tələbənin təqdimatı böyük rol oynayır, təqdimat edə bilmirsə, ona qiymət yazılmır.Modellərin qurulmasında istinadların sayı, elektron resurslara istinadlar, linklər mütləq şəkildə nəzərə alınır. Diplom müdafiəsi zamanı nəticənin üstündə daha çox dayanırıq, çünki tələbələrin çıxardığı nəticə heç bir kitabda, ədəbiyyatda yoxdur. Tələbəyə çatdırmağa çalışırıq ki, diplom işini özü yazmalı, öz sözünü deməli, ifadə etməyi bacarmalıdır. Günün istənilən vaxtında tələbəyə dəstək olmağa hazırıq, yetər ki, onlar özləri işləsinlər. Yazdırılmış işlər keçməyəndə tələbələr başa düşür ki, işlərinin cavabdehliyini özləri daşımalıdır. Tələbələrin diplom işlərinin 60-70 faizi bizi qane edir. Buraxılış işlərinin müdafiəsində görürük ki, tələbələrdə yaradıcı fikirlər formalaşıb. Zəif tələbələri isə gözdən qoymuruq, onlarla daha çox işləyirik, köməklik göstəririk”.
Tələbələrin “akademik dürüstlük” anlayışı
Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları kafedrasının II kurs magistr tələbəsi Nübar Osmanovanın sözlərinə görə, artıq birinci kursdan elmi rəhbərinin köməyi ilə mövzu seçib, tarixşünaslıq, mənbəşünaslıq bazası toplayıb, tədqiqat işinin məqsəd və vəzifələrini öncədən qeyd edib və tədqiqat işinə başlayıb, müxtəlif arxiv mənbələri əldə edib, araşdıraraq bir sıra nəticələrə gəlib: “Mən tədqiqat işimdə alimlərimizin, professorlarımızın, tarixçilərimizin əsərlərinə müraciət və istinad edirəm. İstinad mədəniyyətinin olması mənə görə təkcə qaydalara riayət etmək deyil, müəlliflik hüququnun qorunmasına, etikaya əməl edilməsidir. Bizim uğurumuz üçün plagiatın olması yolverilməz haldır. Çalışırıq mənbələrlə təhlil edilmiş düzgün iş ortaya qoyaq. Magistratura elə bir səviyyədir ki, elmi fəaliyyətini davam etdirmək istəyən şəxslər bura üz tutur. Mənim də arzum gələcəkdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq, elmi biliklərimi təkmilləşdirmək, daha çox biliklərə yiyələnməkdir. Bu baxımdan, ətrafımdakı magistrların hər biri dissertasiyalarını özləri yazır və digər yollara əl atdıqlarının şahidi olmamışam”.
Mühəndislik fakültəsinin “Kompüter mühəndisliyi” ixtisasının II kurs magistr tələbəsi Günel Əlizadə bildirir ki, birinci kursun 1-ci semestrindən elmi rəhbərlə paralel şəkildə məlumatlar toplayır, təhlil və müqayisə edir: “Müxtəlif kitablardan, elmi məqalələrdən, yerli və xarici ədəbiyyatlardan məlumatlar əldə edirik. Elmi rəhbərim ilk gündən mənə çox kömək olur, istehsalatda proseslə tanış olduğuna görə bilik və bacarıqlarını mənimlə bölüşür. Mən daha çox internet resurslarından, xarici mənbələrdən yararlanıram. İngilis dilindən tərcümə edərək mənə lazım olan materiallardan istifadə edirəm, mütləq şəxsi yanaşmamı qeyd edirəm. Hər məlumata uyğun dissertasiyamda istinadlar verirəm. Elmi-tədqiqat işimi davam etdirib doktorantura təhsili almaq arzusundayam, gələcəkdə kafedramızda müəllim olaraq fəaliyyətimi davam etdirmək istərdim. Magistr yoldaşlarım bakalavr səviyyəsində diplom işi yazdıqlarına görə prosesdən xəbərdardırlar, araşdırma apara bilirlər və bu bacarıqlara sahib olduqları üçün işlərini özləri hazırlayırlar”.
Mühəndislik fakültəsinin “Kimya mühəndisliyi” ixtisasının IV kurs tələbəsi Əsli Qasımova deyir ki, diplom işinin mövzusunu özü seçib. Elmi-tədqiqat işini “SOCAR Polymer” zavodunda aparır. “Elmi rəhbərim həmin zavodun laboratoriya bölməsinin baş direktoru Elvira Babayevadır. Elmi rəhbərimlə iki görüşümüz olub, istehsalatla tanış olmuşam, elmi işimlə bağlı plan qurmuşuq və artıq işləməyə başlamışam. İşimdə dərsliklərdən, elmi və istehsalat mənbələrindən istifadə etməyə çalışıram. Xarici mənbələrdə araşdırmalar daha geniş olduğu üçün onlara daha çox üstünlük verirəm və mütləq istinad edirəm. Elmi iş hər bir tələbənin üzərinə düşən məsuliyyətdir. Biz diplom işimizi sonradan müdafiə edəcəyik, bunun üçün hər bir tələbə özü yazmalıdır. Sonuncu kurs tələbəsi olaraq bu məsuliyyəti başa düşürük”.
Tarix-coğrafiya fakültəsinin “Sosial iş” ixtisasının IV kurs tələbəsi Orxan Baloğlanlı söyləyir ki, elmi rəhbərlər təyin olunduqdan sonra mütəmadi olaraq mühazirə və seminarlar zamanı tələbələrlə müzakirələr aparılır. İstinad edilməli ədəbiyyat, plagiat, tədqiqat, nəzəri, təcrübi hissə və s. haqqında geniş məlumat verilir: “Sosial iş” ixtisası ölkəmizdə 2005-ci ildən etibarən tədris olunur və yerli mənbələrin sayı kifayət qədər azdır. Mən xüsusilə Oksford və Harvard universitetlərinin buraxdığı məqalələr üzrə araşdırma aparmağa üstünlük verirəm. Akademik dürüstlüyü köçürmənin az olması, daha çox şəxsi fikirlərimizə yer verilməsi, söz zənginliyi kimi başa düşürəm və iş prosesində bütün bu qaydalara əməl edəcəyəm. Məqsədim ixtisasım üzrə təhsilimi davam etdirib ikinci magistr təhsilini Hamburq Universitetində almaq, daha da təkmilləşməkdir”.
Səid Əliyev Mühəndislik fakültəsinin “Ekologiya mühəndisliyi” ixtisasının IV kursunda oxuyur. Xəzər dənizində çirklənməyə aid layihə üzərində işləyib, sonradan torpaq üzrə tətbiq etməyi düşünüb və diplom işinin mövzusunu seçib: “Süni intellektdə bir-birinə birləşdirərək müəyyən alqoritm formalaşdırıram və bu alqoritm vasitəsilə lazım olan məlumatlar düzgün, dolğun şəkildə akademik olaraq tərtib edilir. Sadə bir sistem quracam və onunla işimi yazacam. Sİ lazım olan mənbələri araşdırır və onları göstərməklə alqoritmik şəkildə yazır. Müdafiə zamanı da mənə rahat olacaq, çünki mövzunu laboratoriya şəraitində işləyəcəm, bütün detalları biləcəm, sadəcə süni intellektlə sadələşmiş versiyanı öyrənmək mənim üçün daha rahat olacaq. Təbii ki, xarici mənbələrə daha çox istinad edəcəyəm. Mənim ətrafımdakı tələbələrin bir çoxu süni intellektlə yazmağın tərəfdarıdır”.
Hüseyn Aydınov Kimya mühəndisliyi və ekologiya fakültəsinin “Neft-qaz mühəndisliyi” ixtisasının IV kurs tələbəsidir. Diplom işinin mövzusunu özü seçib və çox az bir hissəsini işləyib: “Səbəb ondadır ki, “SOCAR”da qazma sahəsində təcrübə keçməli olduğuma görə diplom işi üzərində həmin ərəfədə işləyəcəm, gördüklərimi, öyrəndiklərimi yazacam. İş prosesində birinci kursdan öyrəndiyimiz kitablardan, xarici ədəbiyyatlardan istifadə etməyi düşünürəm. Hazırda magistratura imtahanına hazırlaşıram. Akademik dürüstlük universitetimizin tələbələri arasında bir prinsipdir. İstifadə edəcəyim bütün mənbələri dürüstlüklə qeyd edəcəm, istinadlara geniş yer verəcəm. Diplom müdafiəsini əsasən slaydlar üzərində quracam. Təcrübə zamanı xüsusi şəkillər, videolar yer alacaq və müdafiənin daha effektli, canlı olmasına çalışacam. Tələbə yoldaşlarımın 99 faizi diplom işlərini özləri yazır və hətta bir yerdə çalışdığımız mövzular var”.
İlkin Səlimov İqtisadiyyat və idarəetmə fakültəsinin “Turizm işinin təşkili” ixtisası üzrə IV kurs tələbəsidir. Qeyd edir ki, diplom işini artıq fəsillərə, planlara bölüb və müəyyən ədəbiyyat siyahısı toplayıb: “Mövzum “Azərbaycanda davamlı turizm” olduğu üçün daha çox yerli mənbələrdən, Dövlət Turizm Agentliyinin statistik məlumatlarından istifadə edirəm. Beynəlxalq təcrübəni öyrənmək məqsədilə Ümumdünya Turizm Təşkilatının, BMT-nin konvensiyalarından, qəbul etdiyi qanunlardan istifadə etməyi planlaşdırıram. İxtisasımız universitetdə yenidir, ilk tələbələrik. Kitabxanada bu sahə ilə bağlı kitablar çox olmasa belə olanlardan istifadə edirik. Başqasının işini öz işi kimi göstərmək akademik dürüstlük hesab olunmur. İşi başqasına yazdırmaq da dürüstlüyü pozur. Müdafiəmdə statistik məlumatlara, cədvəllərə üstünlük verəcəm ki, məni dinləyən şəxslər işi vizual olaraq görmüş olsun. Problemi həll etmək üçün təkliflər vermək, onun haqqında danışmaq ən vacib nüansdır. Müəllimlərimiz tələbələrin işlərini yazması üçün lazımi dəstək göstərir. Arzum universitetdə müəllim kimi fəaliyyətimi davam etdirməkdir”.
Rasim Ələsgərov Riyaziyyat fakültəsinin “Riyaziyyat” ixtisası üzrə IV kurs tələbəsidir. Birinci ali təhsilini BDU-nun fizika fakültəsində alıb. “Mənə verilən mövzunun adını dəyişərək araşdırmalara başlamışam. Bilinən məsələdir ki, Azərbaycan dilində mənbə demək olar ki, yoxdur. Riyaziyyat olduğuna görə bizdə daha çox rus, həmçinin alman, ingilis ədəbiyyatına istinadlar olur. Yerli ədəbiyyatın, kitabların azlığı bir yana, onların biz tələbələrə verilməsi də problemdir. İnternetdən MIT, Kembric, Oksfordun kitablarını PDF olaraq əldə edə bilirik. Bəzi məqalələr var ki, istifadə etmək üçün ödəniş etməliyik. Azərbaycan dilində olan kitabları elektron versiyada təqdim edə bilərlər. Niyə etmirlər, o da maraqlı mövzudur. Hesab edirəm ki, ingilis, alman, ruslar kimi öz dilimizdə araşdırma apararaq terminlərin yaradılması, inkişafı istiqamətində eyni anlayışı biz də tətbiq etsək, yerli ədəbiyyatların sayı çoxalar”.
Akademik dürüstlük anlayışı haqqında tələbə düşüncələrini belə ifadə edir: “İnsan mənfəətçi varlıq olduğuna görə ona nə üçün akademik dürüst olmalıdır anlayışını mahiyyətcə çatdırmaq lazımdır. Mahiyyəti çatdırılsa, artıq insanlara dürüst ol deyilməz, insanlar avtomatik olaraq dürüstlüyə yönələr. Yəni insanlar görsələr ki, bu istiqamətdə irəliləyənlərə həqiqətən dəyər verilir, dürüst olmaq üçün əlindən gələni edərlər. Hesab edirəm ki, insanın yaradıcılıq potensialını öldürməmək şərtilə süni intellektdən, istənilən resurslardan istifadə etmək olar. İnsanlar var ki, çoxlu kitab oxuyub, danışdığı ancaq alimlərdən sitat gətirməkdir, öz fikri yoxdur. Çünki analitik qabiliyyəti formalaşmayıb. Adam da var oxuduğu bir səhifədən də yaradıcı fikirlər, suallar çıxara bilər. Yəni əsas savadlılığa deyil, analitik qabiliyyətə üstünlük verilməlidir. Bu gün bütün məlumatlar əlimizin altındadır, bunun üçün hər şeyi əzbərləməyə ehtiyac duyulmur. Əsas məsələ əlimizdə olan məlumatları analiz etmə qabiliyyətini formalaşdırmaqdır”.



