Mahirə Hüseynova: Tarixi toponimlərin araşdırılması vacibdir
“Azərbaycan dili dünyanın inkişaf etmiş və zəngin dillərindən biridir. Bu dil bizim ana dilimizdir. İnsanı bəsləyən, yaşadan, milli kimliyini formalaşdıran məhz dildir. Dil dövlət atributlarından biridir və milli varlığımızın əsas göstəricisidir. İnanıram ki, gələcəkdə dillə bağlı mövcud problemlərin həlli məhz gənc tədqiqatçıların araşdırmaları və elmi fəaliyyəti sayəsində mümkün olacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova ADPU-da keçirilən “Ana dili: kimlik və gələcək” respublika konfransında səsləndirib.
Prorektor bildirib ki, tarixi toponimlərin araşdırılması mühüm əhəmiyyət daşıyır. Heç bir yer adı təsadüfi yaranmır: “Hər toponimin arxasında tarix, yaddaş və milli kimlik dayanır. Göyçə kimi qədim adlarımızın yaşadılması və onların etimoloji baxımdan araşdırılması vacibdir”.
M.Hüseynova dialektizmlərin bədii dildəki roluna toxunaraq bildirib ki, bəzi sözləri başqa heç nə ilə əvəz etmək olmur. Belə sözləri yenidən dilə, poeziyaya, nəsrə gətirmək lazımdır.



