Kollec tələbələrinin hərbi xidməti ilə bağlı TƏKLİF - Möhlət verilə bilər?
Azərbaycanda ali təhsil müəssisələrinin tələbələri üçün tətbiq olunan hərbi xidmətdən möhlət hüququnun gələcəkdə kollec tələbələrinə də şamil edilməsi ilə bağlı təkliflər zaman-zaman ictimai müzakirələrə səbəb olur. Bu təşəbbüs kollec təhsilinin cəlbediciliyinin artırılması, tələbələrin təhsilini fasiləsiz davam etdirməsi və ixtisaslı kadr hazırlığının gücləndirilməsi baxımından diqqətçəkən məsələlərdən biri hesab edilir. Digər tərəfdən, belə bir dəyişiklik müdafiə siyasəti, əmək bazarı və təhsil sistemi baxımından da müxtəlif yanaşmalar doğurur. Bəs kollec tələbələrinə hərbi xidmətdən möhlətin verilməsi nə dərəcədə məqsədəuyğun hesab olunur və bunun hansı müsbət və mənfi tərəfləri ola bilər?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən “Azərbaycan müəlliminə”bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında“ Qanunun 21-ci maddəsinə əsasən, əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla), orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 21 yaşınadək möhlət verilir.
Mövzu ilə bağlı bağlı “Azərbaycan müəllimi”nə danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev qeyd edib ki, nəzəri olaraq gələcəkdə belə bir dəyişiklik edilə bilər:
“Bu, hüquqi baxımdan mümkündür. Lakin bunun baş verib-verməyəcəyi dövlətin əmək bazarı və müdafiə sisteminin prioritetlərindən asılıdır. Hazırda Azərbaycanda kollec tələbələrinə yalnız kollecə qəbul olduqları üçün ümumi hərbi xidmətdən möhlətin verilməsi nəzərdə tutulmur. Möhlətin verilməsinin lehinə bir sıra arqumentlər mövcuddur. Birinci növbədə, bu, kollec təhsilinin nüfuzunu artıra və ona marağı yüksəldə bilər. İkinci önəmli məsələ tələbələr təhsillərini yarımçıq qoymadan bitirə bilərlər. Əmək bazarında xüsusilə texniki və orta ixtisaslı kadrlara olan tələbatın ödənilməsinə kömək edə bilər. Kollecdən sonra ali təhsilə davam etmək istəyənlər üçün daha ardıcıl təhsil yolu yarada bilər”.
Millət vəkili qeyd edib ki, kollec tələbələrinə hərbi xidmətdən möhlət hüququnun verilməsinin əleyhinə olan arqumentlər də az deyil:
“Birinci növbədə belə bir addım nəticə etibarilə hərbi xidmətə çağırılanların sayında müvəqqəti azalma yarada bilər. İkincisi bəzi gənclər möhlət almaq məqsədi ilə kolleclərə formal şəkildə qəbul ola bilərlər. Ali və orta ixtisas təhsili arasında yeni balans məsələləri yarada bilər. Hesab edirəm ki, ən məqsədəuyğun variant şərti möhlətin verilməsi ola bilər. Burada möhlət yalnız əyani formada təhsil alanlara şamil edilsin. Akademik borcu və ya davamiyyət problemİ olan tələbələr möhlət hüququnu itirsinlər, möhlət yalnız ilk orta ixtisas təhsili alan şəxslərə verilsin, təhsili başa çatdıqdan sonra hərbi xidmətə çağırış həyata keçirilsin. Bu yanaşma həm sui-istifadə riskini azaldar, həm də həqiqətən təhsil almaq istəyən tələbələri birmənalı olaraq dəstəkləyər”.
S.Vəliyevin sözlərinə görə, belə bir addım birmənalı olaraq kolleclərə marağı artırar:
“Bu addım kolleclərə marağı artırar, lakin bu, təbii ki, yeganə amil olmaz. Kolleclərə marağa təsir edən əsas faktorlar ondan ibarətdir ki, məzunların iş tapmaq imkanları, əməkhaqqı perspektivləri, tədrisin keyfiyyəti, məsələnin bu günə uyğun maddi-texniki bazası, hərbi xidmətdən möhlət kollecin nüfuzunun artırılmasına təsir edə biləcək əsas səbəblərdəndir. Əgər yalnız möhlət hüququ verilsə, kolleclərə marağın artması nəticəsində kollec tələbələrinin sayının artmasına da öz təsirini göstərər. Ancaq bu artımın uzunmüddətli və dayanıqlı olması üçün kolleclərin əmək bazarı ilə əlaqələrinin gücləndirilməsi, müasir ixtisasların açılması və məzunların məşğulluq göstəricilərinin yüksəlməsi də çox vacib amildir. Nəticə etibarilə hesab edirəm ki, belə bir qanun dəyişikliyi həm təhsil siyasəti, həm də əmək bazarının ehtiyacları baxımından müzakirə oluna bilinəcək bir variantdır. Lakin onun uğurlu olması üçün möhlət hüququnun aydın meyarlarla tənzimlənməsi və digər təhsil islahatları ilə birlikdə tətbiq edilməsi daha məqsədəuyğun görünür”.




