Bütün universitetlər tədqiqatla məşğul olmalıdırmı? 

24 Sentyabr, 2026 - 17:36
Bütün universitetlər tədqiqatla məşğul olmalıdırmı? 

Müasir ali təhsil müəssisəsinin elmi tədqiqat aparmaq, yeni ideyalar yaratmaq, mövcud problemlərə elmi əsaslarla yanaşmaq imkanına malik olması da onun fəaliyyətinin mühüm göstəricilərindən sayılır. Ali məktəbin elmi potensialının gücləndirilməsi həm akademik mühitin, həm də müəllim və tələbələrin inkişafında, universitetin nüfuzunun artmasında mühüm rol oynaya bilər.

Amma bütün universitetlər tədqiqat yönümlü olmalıdılarmı? Tədris yönümlü universitetlərdən hansı səviyyədə tədqiqat fəaliyyəti gözlənilməlidir?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan tədqiqatçı Murad Əliyev bildirib ki,  universitet tədqiqat aparmalıdır, amma hər universitet tədqiqat universiteti olmalı deyil:

“Universitet yalnız tələbəyə hazır bilikləri öyrədən bir müəssisə deyil. Məsələn, müəllim hazırlayan universitet məktəblərdə müəllimlərin hansı problemlərlə qarşılaşdığını araşdırmasa, müəllim hazırlığı proqramının məktəblərin ehtiyaclarına cavab verib-vermədiyini necə müəyyənləşdirə bilər?!

Mühəndislik universiteti yeni texnologiyaları sınaqdan keçirməsə, sənayenin dəyişən tələblərinə uyğun proqramları necə yeniləyə bilər?! Tibb universitetində yeni müalicə və diaqnostika üsulları araşdırılmasa, tələbələr yalnız mövcud dərsliklərdəki məlumatlarla kifayətlənməli olarlar. Bu nümunələr göstərir ki, tədqiqat universitet üçün yalnız məqalə və qrant əldə etmək vasitəsi deyil; onun tədris etdiyi bilikləri yeniləməsinin və real problemlərlə əlaqəsini qorumasının yollarından biridir. Ancaq bu, bütün universitetlərin böyük tədqiqat laboratoriyalarına və beynəlxalq nəşr portfelinə malik olmasının vacib olduğu demək deyil”.

Tədqiqatçı qeyd edib ki, məhz burada “bütün universitetlər elmi tədqiqatla məşğul olmalıdırmı?” sualı bir qədər mürəkkəbləşir:

“Çünki bütün universitetlərin missiyası eyni deyil. Bir universitet fundamental elmə, digəri müəllim hazırlığına, başqa biri mühəndislik və tətbiqi sahələrə daha çox diqqət yetirə bilər. Son onillikdə aparılan araşdırmalar ali təhsil sistemlərində tədris və tədqiqatın çəkisinin universitetdən universitetə və sistemdən sistemə dəyişdiyini göstərir. Buna görə hər universitet üçün eyni tədqiqat modelini tətbiq etmək nə praktik, nə də akademik baxımdan əsaslandırılmış yanaşmadır. Amma universitetin əsas fəaliyyətinin tədris olması tədqiqatdan uzaq qalması üçün kifayət qədər səbəb deyil. Müəllim öz sahəsində baş verən yeni dəyişiklikləri izləmirsə, bir müddət sonra dərsdə verdiyi biliklə həmin sahənin real vəziyyəti arasında məsafə yaranır. Xüsusilə sürətlə dəyişən sahələrdə bu məsafə çox tez böyüyür. Süni intellekt, rəqəmsal təhsil, biotexnologiya, hətta müəllim hazırlığı kimi sahələrdə bir neçə il əvvəl aktual olan yanaşmalar bu gün artıq yenidən nəzərdən keçirilə bilər”.

M.Əliyev vurğulayıb ki, universitet müəllimləri mövcud məlumatı tələbəyə ötürməklə yanaşı, həmin məlumatın necə əldə edildiyini və nə dərəcədə etibarlı olduğunu da müzakirə edə bilirlər:

“Tələbə üçün bunun əhəmiyyəti böyükdür. O, hazır cavabı əzbərləmək əvəzinə cavabın arxasındakı sübutu görməyə başlayır. Qeyd edim ki, tədqiqat və tədrisin əlaqələndirilməsinin tələbənin öyrənməsinə bu istiqamətdə fayda verə biləcəyi artıq müxtəlif tədqiqatçılar tərəfindən öz təsdiqini tapıb.

Burada başqa bir məsələ ortaya çıxır. Tədqiqat aparan müəllim avtomatik olaraq daha yaxşı müəllim olmur. Elmi məqalələrinin sayı çox olan bir professorun dərsi zəif ola bilər. Eyni zamanda çox yaxşı müəllim olan bir akademikin böyük beynəlxalq tədqiqat portfeli olmaya bilər. Buna görə tədqiqatı tədrisin keyfiyyətinin birbaşa göstəricisi kimi qəbul etmək düzgün deyil. Tədqiqatın tədrisə təsiri onun dərsə necə daxil edilməsindən asılıdır.

Tələbənin tədqiqatla birbaşa qarşılaşması isə daha fərqli nəticə yaradır. Tələbə müəllimin apardığı araşdırmanın sadəcə nəticəsini eşitmir, məlumat toplama, mənbələri müqayisə etmə, metod seçmə və nəticə çıxarma prosesini öyrənir.

Universitet üçün tədqiqatın başqa bir nəticəsi müəllim heyətinin peşəkar inkişafıdır. Aktiv tədqiqat aparan müəllim yeni metodlarla işləməyə, məlumat toplamağa, nəticələri müdafiə etməyə və həmkarlarının tənqidinə cavab verməyə məcbur olur. Bu proses onun yalnız tədqiqatçı kimi deyil, akademik kimi inkişafına təsir edə bilər. Lakin bunun baş verməsi üçün universitetin müəllimə vaxt, maliyyə, məlumat bazaları və elmi əməkdaşlıq imkanları yaratması lazımdır. Müəllimdən yalnız “məqalə yaz” tələb etməklə tədqiqat mədəniyyəti yaratmaq mümkün deyil”.

Müsahibimizin sözlərinə görə, son illərdə universitetlərdə başqa bir tendensiya da güclənib:

“Bu tendensiya tədqiqatın keyfiyyətindən çox onun sayılmasıdır. Neçə məqalə dərc edildi? Neçə istinad alındı? Hansı kvartildə nəşr olundu? Nə qədər qrant gətirdi? Bu göstəricilər müəyyən qədər lazımdır, çünki universitetin elmi fəaliyyətini qiymətləndirmək üçün ölçülə bilən meyarlar olmalıdır. 
İqtisadi inkişaf məsələsində də tədqiqatın təsirini avtomatik qəbul etmək olmaz. Universitetin güclü tədqiqat potensialına malik olması region üçün imkan yaradır, amma bu imkanın iqtisadi nəticəyə çevrilməsi ayrıca prosesdir. Bonander və onun həmkarlarının 2016-cı ildə İsveçdə apardığı araşdırma bunu konkret şəkildə göstərir. Tədqiqatçılar üç regionda universitetlərə tədqiqat universiteti statusunun verilməsindən sonra həmin regionların inkişaf göstəricilərində baş verən dəyişiklikləri müqayisə ediblər. Onlar yalnız universitetlərin elmi fəaliyyətinə deyil, yeni firmaların yaranması, patent fəaliyyəti və regional iqtisadi artım kimi nəticələrə də baxıblar. Universitetlərin tədqiqat potensialında müəyyən artım müşahidə olunsa da, bu dəyişikliklərin regional iqtisadiyyatda nəzərəçarpacaq nəticələr yaratdığına dair güclü sübut tapılmayıb. Xüsusilə patentlər və yeni şirkətlərin yaranması baxımından gözlənilən təsir görünməyib. Bu nəticə universitetlərin iqtisadi əhəmiyyətini inkar etmir. Əksinə, universitetlə iqtisadiyyat arasındakı əlaqənin necə qurulduğunu ayrıca düşünməyə məcbur edir. Universitetdə yaxşı tədqiqatçıların olması, laboratoriyaların yaradılması və elmi qrantların alınması hələ həmin biliyin şirkətə, yeni məhsula və ya yeni biznesə çevrilməsi demək deyil. Bunun üçün sənaye ilə əməkdaşlıq, texnologiya transferi, sahibkarlıq infrastrukturu, investisiya və dövlət siyasəti kimi başqa mexanizmlər də lazımdır. Universitetin tədqiqat gücü başlanğıc nöqtəsi ola bilər, amma nəticənin özü deyil”.

Tədqiqatçı qeyd edib ki, bu tədqiqat universitetin tədqiqat potensialının öz-özünə iqtisadi nəticə yaratmadığını göstərməsi baxımından xüsusilə diqqətəlayiqdir:

“Tədqiqatın dəyərini yalnız universitetin daxilində yaranan nəticələrlə ölçmək kifayət etmir, amma universitetdən kənarda yaranan hər bir nəticəni də birbaşa universitetin hesabına yazmaq olmaz. Məsələn, universitet yeni bir texnologiya hazırlaya bilər, lakin onun istifadəyə verilməsi üçün şirkətin, dövlət qurumunun və ya başqa tərəfdaşların iştirakı lazım ola bilər. Eyni şəkildə, müəllim təhsili üzrə aparılan bir tədqiqat yaxşı nəticə verə bilər, amma həmin nəticənin məktəblərdə tətbiqi üçün təhsil siyasətində və məktəb idarəçiliyində dəyişikliyin tələb olunması mümkündür.

Ona görə də universitetin tədqiqat fəaliyyətini yalnız məqalələrin, patentlərin və qrantların sayı ilə qiymətləndirmək düzgün olmaz. Bu göstəricilər vacibdir, amma tədqiqatın əhəmiyyətini tam göstərmir. Araşdırmanın hansı problemi həll etməyə yönəldiyi, nəticələrindən kimlərin faydalandığı və həmin nəticələrin praktikada tətbiq olunub-olunmadığı da nəzərə alınmalıdır. Beləliklə, bütün universitetlərin “tədqiqat universiteti” olmasına çalışmaq əvəzinə, universitetlərin hansı sahədə və hansı səviyyədə tədqiqat aparmalı olduğunu müəyyənləşdirmək daha məntiqlidir. Tədqiqat universitetində əsas gözlənti yeni elmi bilik yaratmaq ola bilər. Müəllim hazırlayan universitetdə isə tədqiqat daha çox tədris proqramlarının yenilənməsinə, məktəblərin problemlərinin araşdırılmasına və müəllimlərin peşəkar inkişafına xidmət edə bilər. Tətbiqi yönümlü universitet üçün sənaye problemlərinin həlli daha vacib ola bilər".