Laçın məktəbliləri payız tətilini birgə keçirirlər
İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən məktəblərimizdə payız tətili şagirdlər üçün həm öyrədici, həm də əyləncəli şəkildə təşkil olunur.
"Azərbaycan müəllimi" xəbər verir ki, tətil günlərinin səmərəli keçirilməsi məqsədilə müxtəlif ekskursiyalar, maarifləndirici görüşlər və yaradıcı fəaliyyətlər həyata keçirilir.
Laçın rayonu Sus kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri Qarabağ ərazisində fəaliyyətə başlayan ilk peşəkar incəsənət məkanı olan “Yurd” qalereyasına və “Gilabi Ceramics” yaradıcılıq mərkəzinə ekskursiya ediblər. Şagirdlər burada həm incəsənət nümunələri ilə tanış olub, həm də yaradıcı proseslərdə fəal iştirak ediblər.
Şagirdlər həmçinin Laçının müxtəlif ərazilərinə maarifləndirici səfərlər edib, təbiət qoynunda müəllimləri ilə birlikdə faydalı vaxt keçiriblər. Onlara bölgənin təbiəti, biomüxtəlifliyi və ekologiyası barədə maraqlı məlumatlar verilib.
Bu fəaliyyətlər şagirdlərin dünyagörüşünün formalaşmasına, yaradıcı düşüncələrinin inkişafına, həmçinin sağlam və aktiv istirahətinə töhfə verir.



