Layihə rəhbəri: Ən çox tələbat aşpazlıq və xidmət sahəsinə aid ixtisaslaradır
“Əvvəlki illərlə müqayisədə “Peşə təmayüllü siniflər” layihəsində peşə ixtisaslarının sayı artırılıb, ixtisas çeşidləri genişləndirilib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə “Peşə təmayüllü siniflər” layihəsinin rəhbəri Arif Pənahov Təhsil TV-nin qonağı olarkən məlumat verib.
O qeyd edib ki, hazırda şagirdlər 16 peşə ixtisası üzrə təhsil alırlar. Cari tədris ilindən isə pilot olaraq fəaliyyətə başlayan bir məktəbdə tikiş sahəsi üzrə tədrisə başlanılıb və bununla da ümumi ixtisasların sayı 17-yə çatdırılıb.
Arif Pənahov bildirib ki, bu il peşə ixtisaslarının hamısı 4 əsas profil üzrə birləşdirilib. İstehsalat emalatxanalarının quruluşu da məhz bu profillərə uyğun şəkildə formalaşdırılır. Həmin profillər təmir-tikinti, xidmət, kənd təsərrüfatı və İKT istiqamətlərini əhatə edir.
Layihə rəhbərinin sözlərinə görə, ölkə üzrə mövcud statistikaya əsasən, ən çox tələbat aşpazlıq və xidmət sahəsinə aid ixtisaslaradır. Eyni zamanda İKT profili üzrə qrafik dizayn, kompüter avadanlıqları və elektron dizayn kimi ixtisaslara da maraq və tələbat yüksəkdi.



