LDU-da “Süni intellektlə gələcəyə baxış” adlı forum keçirilib
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə LDU-nun Böyük akt zalında “Süni intellektlə gələcəyə baxış” adlı forum keçirilib.
LDU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 mart 2025-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin icrası ilə əlaqədar keçirilən tədbirin panel sessiyasında gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov, LDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev, LDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dos. Ramiz Şəmmədov, LDU-nun Aqrar və mühəndislik fakültəsinin sosial məsələlər üzrə dekan müavini dos. Vüsalə Muradova spiker qismində çıxış edərək süni intellekt üzrə informasiya texnologiyaları və onların idarə edilməsi mexanizmləri, süni intellektin və müasir texnologiyanın yaratdığı imkanlar, gələcəyin perspektivli peşələri, biznes və sahibkarlıq mühitinin yaradılması sahəsində süni intellekt texnologiyalarının tətbiqi, iş bazarında tələb, süni intellekt texnologiyalarına əsaslanan innovativ startapların inkişaf etdirilməsi, gənclər üçün bu sahədə mövcud imkanlar mövzularında iştirakçılara ətraflı məlumat veriblər.
Tədbirin ikinci mərhələsi sual-cavab, diskussiya formatında təşkil edilib, tiştirakçıları maraqlandıran suallar cavablandırılıb. Süni intellektin düzgün, məsuliyyətli və etik süni intellekt sistemlərinin tətbiqi, bu sahə üzrə tədqiqatların həyata keçirilməsi, beynəlxalq təcrübə, eləcə də gənclərin bu sahəyə marağının artırılması ilə bağlı geniş müzakirələr aparılıb.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müşaviri Ramil Cabbarov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, LDU-nun professor- müəllim, tələbə heyəti, eləcə də regionun digər ali və orta ixtisas müəssisələrinin rəhbərləri və tələbələri iştirak ediblər.



