“Maarifçi”lər nazirlə görüşdən hansı təəssüratlarla ayrıldılar?
Fərqli ixtisas və universitetləri təmsil edən, müxtəlif hədəfləri olan gəncləri bir araya gətirən IV “Maarifçi” tələbə-məzun proqramı yekunlaşıb. 4 ay davam edən proqramın başa çatması münasibətilə elm və təhsil naziri Emin Əmrullayev proqramı uğurla tamamlayan gənclərlə görüşüb.
Bəs “Maarifçi” iştirakçılarına nə qazandırıb? Onlar bu müddətdə hansı təcrübələri yaşayıb, nələr öyrənib və proqramdan hansı təəssüratlarla ayrılıblar? “Azərbaycan müəllimi” bu suallara cavab tapmaq üçün iştirakçılarla söhbətləşib.
IV “Maarifçi” proqramının iştirakçısı Südabə Eyubova fəaliyyətini Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsində, təhsilin təşkili və idarə olunması istiqamətində davam etdirib. Bakı Dövlət Universitetində tarix müəllimliyi üzrə bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH qruplarında isə ali təhsilin təşkili və idarə olunması üzrə menecment ixtisasında magistr təhsili alan Südabə üçün proqram universitetdə qazandığı nəzəri bilikləri praktikada sınamaq imkanı yaradıb: “Düşünürəm ki, IV “Maarifçi” proqramı mənə universitetdə qazandığım nəzəri bilikləri real iş mühiti ilə əlaqələndirmək imkanı yaratdı. Dörd ay ərzində ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət proqramlarının icrasının monitorinqi, hesabatların hazırlanması və təhlili, normativ-hüquqi sənədlərlə iş, eləcə də vətəndaş müraciətlərinin araşdırılması kimi müxtəlif proseslərlə yaxından tanış oldum və bu proseslərdə iştirak etdim”, – deyə o bildirir.
“Dövlət idarəçiliyi yalnız qərarların qəbulundan ibarət deyil”
Südabənin sözlərinə görə, proqramın qazandırdıqları peşəkar bilik və bacarıqlarla məhdudlaşmayıb. Bu müddətdə analitik düşünmə, məsuliyyət, komanda işi və rəsmi ünsiyyət bacarıqları da inkişaf edib. Xüsusilə dövlət idarəçiliyinin müxtəlif mərhələlərini yaxından müşahidə etmək onun bu sahəyə baxışını genişləndirib: “Dövlət idarəçiliyinin yalnız qərarların qəbulundan ibarət olmadığını, həmin qərarların icrası, koordinasiyası, monitorinqi və vətəndaşlarla əlaqələrin də bu prosesin mühüm tərkib hissəsi olduğunu daha yaxından gördüm. Proqram mənə dövlət qurumlarının fəaliyyətini daha sistemli anlamaq, institusional yanaşmanın əhəmiyyətini dərk etmək baxımından dəyərli təcrübə qazandırdı”.
Südabə üçün proqramın ən yaddaqalan məqamlarından biri də elm və təhsil naziri Emin Əmrullayevlə keçirilən yekun görüş olub. Onun fikrincə, görüşün əhəmiyyəti proqramın başa çatması və sertifikatların təqdim edilməsindən daha geniş idi. İştirakçılar bu dəfə keçdikləri yolu, qazandıqları təcrübəni və proqram müddətində dəyişən düşüncə və yanaşmalarını müzakirə etmək imkanı əldə ediblər: “İlk görüşümüzdən bu günə qədər keçdiyimiz yolu, qazandığımız təcrübəni, düşüncələrimizdə və yanaşmalarımızda baş verən dəyişiklikləri müzakirə etmək imkanımız oldu. Nazir bizim fikirlərimizi, proqramdan əvvəl dövlət sektoruna münasibətimizi, dörd ay ərzində qarşılaşdığımız təcrübələri və gözləntilərimizin nə dərəcədə qarşılandığını öyrənməyə çalışdı. Proqram müddətində qarşılaşdığımız məsələlərlə bağlı təklif və fikirlərimizi səsləndirmək imkanımızın olması mənim üçün xüsusilə dəyərli idi”.
Südabə hesab edir ki, gənclərin fikirlərinə bu cür diqqət yetirilməsi onların prosesdəki roluna verilən önəmi göstərir. İlk görüşlə müqayisədə iştirakçıların əldə etdiyi irəliləyişin qeyd olunması, gələcək fəaliyyətlə bağlı tövsiyələrin verilməsi də onda əlavə motivasiya yaradıb.
Gələcək planlarına gəlincə, Südabə təhsil sahəsində fəaliyyətini davam etdirmək niyyətindədir. Xüsusilə ali təhsil müəssisələrində idarəetmə, təhsil siyasətinin həyata keçirilməsi və təhsil sisteminin inkişafına töhfə verə biləcək istiqamətlər onun maraq dairəsindədir. Bununla yanaşı, pedaqoji fəaliyyəti də gələcək karyerasının mühüm istiqamətlərindən biri hesab edir: “Bilik və təcrübəmi paylaşmaq, öyrənmə prosesində iştirak etmək, fərqli düşüncə və yanaşmalarla tanış olmaq, eyni zamanda qarşılıqlı bilik mübadiləsi vasitəsilə özümü də inkişaf etdirmək mənə maraqlıdır. Düşünürəm ki, idarəetmə və pedaqoji fəaliyyət bir-birini tamamlayan istiqamətlərdir”.
Onun əsas hədəfi isə təhsil sahəsində mövcud proseslərin sadəcə iştirakçısı olmaqla kifayətlənməmək, zamanla həmin proseslərin inkişafına, təkmilləşdirilməsinə və daha effektiv təşkilinə töhfə verən mütəxəssis kimi formalaşmaqdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” ixtisası üzrə bakalavr məzunu olan Nigar Civişova hazırda həmin universitetdə “İnsan resursları menecmenti” üzrə magistr təhsili alır. “Maarifçi” proqramı çərçivəsində təcrübə müddətini iki fərqli dövlət qurumunda keçirib. İlk iki ay Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunda, növbəti iki ay isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Hüquq və insan resursları sektorunda fəaliyyət göstərib. Bu təcrübə ona həm regional təhsil idarəçiliyini, həm də insan resursları sahəsinin iş prinsiplərini yaxından öyrənmək imkanı yaradıb.
Nigar üçün xüsusilə ikinci mərhələ magistratura təhsili aldığı istiqamətdəki biliklərini praktikada tətbiq etmək baxımından əhəmiyyətli olub. Əmək Məcəlləsi, əmək müqavilələrinin rəsmiləşdirilməsi, məzuniyyət prosedurları, ƏMAS sistemi və dövlət qulluğunu tənzimləyən qanunvericiliklə tanışlığı insan resurslarının idarə olunmasına dair təsəvvürlərini genişləndirib: “Bu proses mənə insan resurslarının yalnız nəzəri biliklərdən ibarət olmadığını, eyni zamanda dəqiqlik, məsuliyyət və qanunvericiliyə uyğun yanaşma tələb edən bir sahə olduğunu daha yaxşı anlamağa kömək etdi”, - deyə Nigar bildirir.
“Təcrübə səhv etmək və həmin səhvlərdən nəticə çıxararaq inkişaf etmək prosesidir”
Onun sözlərinə görə, dörd aylıq təcrübə müstəqil işləmək, məsuliyyət götürmək, qərar vermək və yeni iş mühitinə uyğunlaşmaq bacarıqlarını da inkişaf etdirib. Ancaq bu müddətdə qazandığı ən vacib dərslərdən biri səhvlərə münasibəti ilə bağlı olub: “Anladım ki, təcrübə hər şeyi mükəmməl etmək deyil, öyrənmək, bəzən səhv etmək və həmin səhvlərdən nəticə çıxararaq inkişaf etmək prosesidir. Mənim üçün proqramın ən vacib qazancı iş prosesində səhv etməkdən qorxmamağı öyrənmək oldu. Düşünürəm ki, bu yanaşma gələcək peşəkar fəaliyyətimdə də mənə çox kömək edəcək”.
Nigarın proqramla bağlı yaddaşında qalan məqamlardan biri də yekun görüş olub. Maraqlıdır ki, onun üçün bu görüş həm də proqramın başlanğıcında formalaşan təsəvvürlərlə dörd ayın sonunda qazandığı təcrübəni müqayisə etmək imkanı yaradıb: “Proqramın başlanğıcında da cənab nazirlə görüşümüz olmuşdu. Həmin vaxt dövlət idarəçiliyi və qurumların fəaliyyət mexanizmləri bizim üçün yeni idi. Dörd ayın sonunda isə görüşə artıq müəyyən təcrübə, müşahidə və formalaşmış fikirlərlə qatılırdıq. Bu baxımdan, sonuncu görüş özümüzü qiymətləndirmək, keçdiyimiz inkişaf yoluna nəzər salmaq və gələcək hədəflərimizi müəyyənləşdirmək baxımından əhəmiyyətli idi”.
Nigarın proqramdan əvvəlki və sonrakı düşüncələri arasındakı ən böyük fərq isə dövlət sektoruna münasibətində yaranıb. O, əvvəllər dövlət qurumlarını daha çox rəsmi və sərt idarəçilik mühiti kimi təsəvvür etdiyini, proqram müddətində isə burada peşəkar, səmimi və öyrədici iş mühitinin də mövcud olduğunu gördüyünü deyir: “Cənab nazir görüşdə proqramdan əvvəl dövlət sektorunda işləmək istəməyən, lakin proqramdan sonra fikri dəyişən iştirakçıların olub-olmadığını soruşmuşdu. Mən də əl qaldıran iştirakçılardan biri idim. Çünki bu dörd ay mənə dövlət idarəçiliyinə kənardan baxmaqla onu yaxından tanımaq arasındakı fərqi göstərdi”.
Gələcək fəaliyyətini insan resursları və kadr idarəçiliyi sahəsində davam etdirmək istəyən Nigarın əsas hədəflərindən biri dövlət sektorunda, xüsusilə təhsil sistemində çalışmaqdır. O, qazandığı bilik və təcrübəni təhsildə insan resurslarının idarə olunmasının inkişafına yönəltməyi arzulayır. Bu yolda proqram müddətində ona dəstək olan mentorunun rolunu da xüsusi qeyd edir. Nigar mentorunun peşəkar yanaşmasının və paylaşdığı biliklərin inkişafına mühüm töhfə verdiyini vurğulayır.
İqtisadiyyat üzrə bakalavr təhsili alan Aytac Vəliyeva hazırda UNEC-də Ümumi idarəetmə MBA proqramı üzrə magistratura təhsilini davam etdirir. IV “Maarifçi” proqramı çərçivəsində təcrübəsini iki fərqli regional təhsil idarəsində keçib. İlk iki ay Mərkəzi Aran Regional Təhsil İdarəsində, növbəti iki ay isə Şərqi Zəngəzur Regional Təhsil İdarəsində fəaliyyət göstərib. Beləliklə, proqram ona müxtəlif regional idarələrin iş prinsiplərini müşahidə etmək və təhsil idarəçiliyinin fərqli istiqamətləri ilə tanış olmaq imkanı yaradıb.
“İnkişaf səhvlərindən doğru nəticə çıxarmağınla bağlıdır”
Aytacın sözlərinə görə, proqramın əsas qazancı nəzəri biliklərini praktiki təcrübə ilə tamamlamaq və dövlət idarəçiliyini yaxından tanımaq olub. İş prosesində məsuliyyət, komanda işi, ünsiyyət, operativlik və çevik qərarvermə bacarıqlarını inkişaf etdirib, regional təhsil idarələrinin strukturunu və bölmələr arasındakı iş əlaqələrini öyrənib: “Ən əsası, proqram mənə göstərdi ki, inkişaf yalnız öyrəndiklərinlə deyil, özünü nə qədər sınamağınla və səhvlərindən doğru nəticə çıxarmağınla bağlıdır”, - deyə Aytac vurğulayır.
Proqramın yekununda elm və təhsil naziri Emin Əmrullayevlə keçirilən görüşü də Aytac xüsusi təcrübə kimi xatırlayır. Onun üçün dörd aylıq fəaliyyətin belə bir görüşdə qiymətləndirilməsi və əməyinin mükafatlandırılması gənclərə göstərilən diqqətin ifadəsi olub: “Bu görüş mənim üçün sadəcə bir mükafatlandırma deyildi. Çəkilən uzunmüddətli zəhmətin, yaşanılan uğursuzluqlara rəğmən yola daha güclü davam etməyin və özünəinamın nəticəsi idi. İnsanın əməyinin görülməsi və bu cür qiymətləndirilməsi onun gələcək hədəflərinə daha böyük inamla addımlamasına səbəb olur”.
Gələcək fəaliyyətini iqtisadiyyat, maliyyə və idarəetmə istiqamətlərində davam etdirməyi planlaşdıran Aytac həm dövlət, həm də özəl sektorda təcrübə qazanmağa açıqdır. Maraqlıdır ki, proqrama başlamazdan əvvəl dövlət sektorunda işləmək onun əsas karyera hədəfləri sırasında olmayıb. Dörd aylıq təcrübə isə bu istiqamətə münasibətini dəyişib: “İndi qazandığım təcrübəni gələcəkdə dövlətə və cəmiyyətə fayda verə biləcəyim bir fəaliyyətə çevirmək istəyirəm”, - deyən Aytac peşəkar seçimdə şəxsi marağın vacibliyini də vurğulayır. Onun fikrincə, insan maraq duyduğu sahədə potensialını daha yaxşı reallaşdıra bilər.
Aytacın “Maarifçi” proqramından özü ilə apardığı əsas düşüncə isə bu sözlərdə ifadə olunur: “Maarifçi olmaq təkcə öyrənmək deyil, öyrətmək, dəyişmək və dəyişdirməkdir”
Gəncə Dövlət Universitetində “Riyaziyyat və informatika müəllimliyi” üzrə bakalavr, “Riyaziyyatın tədrisi metodikası və metodologiyası” üzrə magistr təhsili alan Leyla Nəzərli IV “Maarifçi” proqramında fərqli istiqamət seçib. O, “Rəqəmsal idarəetmə və İT layihələr” sahəsi üzrə təcrübə keçərək pedaqoji biliklərini texnologiya və rəqəmsal idarəetmə mühiti ilə birləşdirmək imkanı qazanıb. Təcrübəsinə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində başlayan Leyla sonrakı iki ayda Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində fəaliyyət göstərib.
Dörd aylıq təcrübə müddətində onun işi yalnız müşahidə ilə məhdudlaşmayıb. Leyla MİQ, DİQ və UTİS kimi genişmiqyaslı təhsil sistemlərinin “front-end”, dizayn və məlumat bazalarının yoxlanılması proseslərində iştirak edib, texniki tapşırıqlar və vətəndaş müraciətləri üzərində çalışıb: “Bu dörd ay mənim üçün nəzəri biliklərimi real iş mühitində tətbiq etmək və sistemli iş vərdişləri qazanmaq baxımından çox səmərəli oldu. Təcrübənin sonunda komanda daxilində çevik qərar qəbul etmək, detallara diqqət yetirmək, böyük həcmli məlumatları dəqiqliklə yoxlamaq və gərgin iş rejimində məsuliyyəti düzgün idarə etmək kimi bacarıqlarım inkişaf etdi”, - deyə Leyla bildirir.
Onun üçün təcrübənin mühüm tərəflərindən biri də rəqəmsal layihələrin arxasında dayanan idarəetmə mexanizmlərini öyrənmək olub. Mərkəzi və regional qurumlar arasındakı əlaqələndirmə, qərarların icrası və texnoloji həllərin ictimai xidmətlərə çevrilməsi prosesini yaxından izləmək imkanı əldə edib.
Proqramın yekununda elm və təhsil naziri Emin Əmrullayevlə keçirilən görüş də Leylanın müsbət təəssüratları sırasında yer alıb. O, xüsusilə iştirakçıların fikirlərinin dinlənilməsini və təkliflərə açıq yanaşmanı yüksək qiymətləndirib: “Bu görüşdən bir daha əmin oldum ki, dövlət qurumlarında rəqəmsal bacarıqlara malik gənc kadrların təşəbbüsləri önəmlidir və görülən hər bir texniki işin arxasında təhsil sisteminin inkişafına yönəlmiş real məsuliyyət dayanır”.
Leyla gələcək fəaliyyətini İT və proqram təminatı sahəsində davam etdirməyi planlaşdırır. Əsas hədəflərindən biri təcrübə keçdiyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində çalışaraq təhsilin rəqəmsallaşması layihələrinə töhfə verməkdir. Bununla yanaşı, yeni texnologiyalar üzrə praktiki bilik və bacarıqlarını artırmaq niyyətindədir.
Mexanika üzrə bakalavr təhsili alan Roza Abbaszadə hazırda Bakı Dövlət Universitetində “Maye, qaz və plazma mexanikası” ixtisası üzrə magistraturanın ikinci kursunda oxuyur. IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elm müəssisələri ilə iş şöbəsində data analitik kimi fəaliyyət göstərib. Onun üçün bu təcrübə akademik biliklərini fərqli bir sahədə sınamaq, yeni iş mühiti ilə tanış olmaq və gələcək peşəkar istiqamətini müəyyənləşdirmək baxımından əhəmiyyətli olub: “Bu proqram mənim üçün sadəcə təcrübə proqramı deyil, həm də şəxsi və peşəkar inkişaf mərhələsi oldu. Dörd ay ərzində komanda ilə işləmək, məsuliyyət daşımaq, verilən tapşırıqlara daha sistemli yanaşmaq və vaxtı düzgün idarə etmək kimi bacarıqlarımı inkişaf etdirdim”, - deyə Roza bildirir.
Onun sözlərinə görə, proqramın ən mühüm qazancı dövlət idarəçiliyinin fəaliyyət mexanizmlərini yaxından tanımaq olub. Müxtəlif struktur bölmələri arasındakı koordinasiyanın, düzgün kommunikasiyanın, qərarların qəbulunun və icrasına nəzarətin əhəmiyyətini müşahidə etmək ona bu sahəyə daha geniş prizmadan baxmağa imkan verib: “Eyni zamanda, dövlət idarəçiliyinin əsas məqsədinin cəmiyyətə və vətəndaşlara xidmət olduğunu daha dərindən anladım. Bu proqram mənə həm öz potensialımı tanımağa, həm də gələcəkdə hansı istiqamətdə inkişaf etmək istədiyimi daha aydın müəyyənləşdirməyə imkan verdi”.
Roza üçün proqramın yaddaqalan məqamlarından biri də elm və təhsil naziri Emin Əmrullayevlə keçirilən görüş olub. Xüsusilə proqramın müsbət və mənfi tərəfləri, onun gələcəkdə təkmilləşdirilməsi ilə bağlı iştirakçıların fikirlərinin öyrənilməsi diqqətini çəkib: “Cənab nazirin bizə ünvanladığı suallar, gələcəkdə dövlət idarəçiliyində çalışmaq istəyib-istəmədiyimiz, proqramın müsbət və mənfi tərəfləri, eləcə də hansı istiqamətlərdə təkmilləşdirilməsini istədiyimiz barədə fikirlərimizi öyrənməsi məndə xoş təəssürat yaratdı. Görüşdən daha böyük motivasiya və gələcək fəaliyyətimlə bağlı yeni düşüncələrlə ayrıldım”.
Gələcək karyerasını analitik düşüncə, texnologiya və dövlət idarəçiliyinin kəsişdiyi istiqamətdə qurmaq istəyən Roza üçün əsas məsələ qazandığı bilikləri praktik nəticəyə çevirməkdir: “Mənim üçün əsas məqsəd yalnız nəzəri biliklər qazanmaq deyil, həm də bu bilikləri real problemlərin həllində tətbiq edə bilməkdir. İnanıram ki, gələcəkdə analitik bacarıqlarımı daha da inkişaf etdirərək həm çalışdığım sahədə, həm də ölkəmizin inkişafına töhfə verə biləcək layihələrdə iştirak edə bilərəm”.
O, “Maarifçi” proqramında qazandığı təcrübəni gələcək peşəkar fəaliyyəti üçün mühüm başlanğıc nöqtəsi hesab edir.
Dörd ayın sonunda proqram başa çatsa da, iştirakçılar üçün yeni peşəkar mərhələnin başlanğıcıdır. Onların qazandıqları təcrübənin gələcək fəaliyyətlərində necə nəticə verəcəyini isə zaman göstərəcək.




