“Maarifçi”lər dövlət büdcəsinin tərtibi prosesi ilə tanış olublar
“Büdcə, sadəcə maliyyə məsələsi deyil, strateji məsələdir. Büdcə vəsaitlərinin hansı istiqamətlərə yönəldiyinə baxanda dövlətin hansı sahənin prioritet seçdiyini görmək olar”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin Ortamüddətli xərclər çərçivəsi sektorunun müdiri Tural Mahmudov IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşündə deyib.
Maliyyə vəsaitlərinin idarə edilməsi və büdcənin formalaşdırılmasına dair fikirləri lə auditoriyanın diqqətinin mövzuya çəkən mütəxəssis dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı maraqlı məqamlara öz təcrübəsindən nümunələrlə aydınlıq gətirib.
Təlim zamanı maliyyə məsələlərində hesabatlılığın və şəffaflığın rolu, büdcə vəsaitlərinin səmərəli bölüşdürülməsi, nəticəəsaslı büdcə yanaşması və strateji planlaşdırma məsələlərinə də toxunulub.
İnteraktiv şəraitdə keçən ikigünlük təlimdə “Maarifçilər” sektor müdirinin açdığı müzakirələrə fəal qoşularaq dövlət büdcəsinin tərtibi prosesinin müxtəlif mərhələləri ilə tanış olublar, “Niyə dövlət nəticəəsaslı büdcəyə mərhələli şəkildə keçid etdi?”, “Hansı hallarda büdcə kəsiri qəbul edilə bilər?” kimi suallar ətrafında fikir mübadiləsi aparıblar.
Təlimin əsas məqsədi iştirakçılarda dövlət maliyyəsinin idarə edilməsi, büdcə planlaşdırılması və nəticəəsaslı büdcə yanaşması barədə ümumi təsəvvür formalaşdırmaq, həmçinin bu proseslərin dövlət idarəçiliyindəki rolunu izah etmək olub.




