“Maarifçi”ləri düşündürən görüş: Uğur üçün nə lazımdır?

4 Avqust, 2026 - 16:56
“Maarifçi”ləri düşündürən görüş:

“Maarifçi” tələbə-məzun proqramı çərçivəsində gənclərin peşəkar inkişafı məqsədilə nazirlik rəsmiləri, tanınmış elm, təhsil və ictimai xadimlərlə mütəmadi olaraq maarifləndirici görüşlər təşkil olunur. Belə görüşlərdən biri bu gün baş tutub. 
“Maarifçi” tələbə-məzun proqramının iştirakçıları Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli ilə görüşüblər.

"Maraqlan, sual ver, cavab tap, yaradıcı və qazanan ol"

“Azərbaycan müəllimi”nin də qatıldığı görüşdə Nicat Məmmədli Təhsilin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı geniş məlumat verib. Ayrı-ayrı layihələrlə gənclərin peşəkar inkişafına, qızların təhsilinə necə dəstək verdiklərindən danışıb. Məlum olub ki,“Maarifçi”lər arasında da TİF-in layihələrindən faydalananlar olub.

Nicat Məmmədli təcrübəsinə əsaslanaraq gənclərin öz maraqlarını necə təmin edəcəkləri ilə bağlı tövsiyələrini verib. Zaman baxımından indiki nəslin daha şanslı olduğunu vurğulayan N.Məmmədli bildirib ki, həyatda bəlkə də ona heç vaxt lazım olmayacaq, amma onu maraqlandıran bir suala cavab tapmaq üçün 2 aya yaxın vaxt sərf edib. İndi isə bir suala cavab tapmaq saniyə belə çəkmir : “Odur ki, bu gün qarşıda duran əsas məsələ marağı necə saxlayacağımızdır. Necə edək, uşaq öyrənmək istəsin?”

Öyrənmək üçün maraq qədər sual vermək də önəmlidir. N.Məmmədlinin fikrincə, indi sual vermək cavab tapmaqdan qat-qat çətindir. “Yaxşı şeyləri maraqlı suallarla yaratmaq olar. Daim istehlak edən biri qazana bilməz. Yalnız öz məhsulunu yaradanlar inkişaf edir”.

N.Məmmədli əlavə edib ki, süni intellektdən istifadə zamanı da sualın qoyuluşu xüsusi əhəmiyyət kəsb edir.

TİF İH-nin sədri daha sonra gəncləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıb, suallara cavab verib, gənclərin seçimləri, planları ilə maraqlanıb, tövsiyələr verib.

Görüşdən sonra “Maarifçi” gənclər “Azərbaycan müəllimi”nə belə görüşlərin onlar üçün müsbət əhəmiyyətindən danışıblar. 

“Fikrimcə, sual vermək tənqidi təfəkkürün inkişafı deməkdir”

Günay Əhmədova: “Nicat Məmmədli ilə görüşdə mənim üçün maraqlı məqamlar oldu. Həmişə qeyri-adi suallar verməyə çalışıram, amma burda elə sualım olmadığı üçün heç nə soruşmadım. Fikrimcə, sual vermək tənqidi təfəkkürün inkişafı deməkdir. Tənqidi yanaşmaq inkişafımız üçün çox əhəmiyyətlidir. Ən çox özümə suallar verirəm, “bu problem üçün nə edə bilərəm?" deyə, soruşuram. Və onu da yaxşı bilirəm ki, nəsə edə bilmək üçün ilk növbədə özümü inkişaf etdirməliyəm”

“Özümlə bağlı bu gün öyrəndim ki, sual verə bilmirəm”

Səidə Sadıqova da görüşdən məmnun görünür: “Bizə maddi-mənəvi dəstək olan bir təşkilatı yaxından tanıdıq, haqqında bir sıra maraqlı məlumatlar öyrəndik. Özümlə bağlı isə bu gün öyrəndim ki, sual verə bilmirəm. Odur ki, bu gündən öz üzərimdə işləməyə qərar verdim. Evə gedib sual vermək qabiliyyətimi necə inkişaf etdirəcəyimi araşdıracağam”.

Səidə deyir ki, ianə mədəniyyətinin formalaşması istiqamətində TİF-in fəaliyyəti onun üçün çox maraqlıdır: “Xüsusilə, qızlara dəstək məqsədi ilə həyata keçirilən layihələrdə TİF-in fəaliyyəti maraq doğurur. “Maarifçi” də TİF-in tərəfdaş olduğu layihələrdəndir. 53 “Maarifçi”dən böyük əksəriyyətinin qız olması məni sevindirir”.

 Xatırladaq ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramının əsas məqsədi gənclərin dövlət idarəçiliyi sahəsində praktiki bilik və bacarıqlarının artırılması, onların peşəkar inkişafının dəstəklənməsi və gələcək karyera imkanlarının genişləndirilməsidir. Proqram çərçivəsində seçilmiş 53 iştirakçı Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçəcəklər.