“Yaxşı təcrübəçi yeni sual ortaya qoyandır” – “Maarifçi”lərin mentorları danışırlar
Bir gəncin ilk peşəkar təcrübəsində yadda qalan nə olur? Ona verilən tapşırıqlar, öyrəndiyi iş qaydaları, qarşılaşdığı çətinliklər, yoxsa ona istiqamət verən insan?
“Maarifçi” tələbə-məzun proqramında mentorlar gənclərin peşəkar mühitdə ilk addımlarını müşayiət edən şəxslərdir. Onlar “Maarifçi”lərin gördüyü işləri izləyir, gənclərin suallarını cavablandırır, qarşılaşdığı çətinliklərdə onlara istiqamət verir, potensialını görməyə və inkişaf etdirməyə çalışırlar. Bəzən isə ən doğru dəstək hazır cavabı vermək yox, gəncə həmin cavabı özü tapmaq imkanı yaratmaqdır.
Mentorluq bu mənada gəncin öz imkanlarını sınadığı, səhvlərindən öyrəndiyi, təşəbbüs göstərməyi və getdikcə daha müstəqil olmağı öyrəndiyi prosesdir. Bu prosesin digər tərəfində isə özü də yeni təcrübə qazanan mentor dayanır.
Bəs “Maarifçi” ilə işləmək mentor üçün nə deməkdir? Gənclərdə hansı potensialı görür, onlara dəstək verərkən nələri əsas götürürlər və bu təcrübə onların özlərinə nə qazandırır?
Bu sualları “Maarifçi” tələbə-məzun proqramının mentorlarına ünvanladıq.
“Mentiyə səhv etməsinə və həmin səhvdən nəticə çıxarmasına imkan yaratmaq mentorun əsas dəstəyidir”
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Hüquq və insan resursları sektorunun baş məsləhətçisi, “Maarifçi” proqramının mentoru İradə İsmayılova üçün mentorluğun dəyəri, ilk növbədə, gəncin özünün düşünməsinə və nəticəyə gəlməsinə şərait yaratmaqdadır: “Bəzən mentiyə hazır cavabı vermək ən asan yoldur. Amma düşünürəm ki, onun özünü həmin cavabı tapmağa yönləndirmək daha düzgündür. Düzgün sual vermək, fikrini dinləmək, səhv etməsinə və həmin səhvdən nəticə çıxarmasına imkan yaratmaq mentorun əsas dəstəyidir”.
İradə İsmayılova “Maarifçi” proqramının gənclərə verdiyi imkanları da məhz bu yanaşma ilə əlaqələndirir. O, proqramı gənclərin real iş mühitini tanıması və özlərini sınaması baxımından faydalı hesab edir. Proqrama seçilən iştirakçılarda isə onun diqqətini ən çox onların öyrənmək həvəsi və sual verməkdən çəkinməməsi çəkir: “Məncə, yaxşı mütəxəssis hər şeyi bilən deyil, bilmədiyini soruşmaqdan çəkinməyən və öyrənməyə davam edən insandır. Bu baxımdan onların yanaşmasından razıyam”, – deyə mentor qeyd edir.
“İnsan işi özü araşdırıb nəticəyə gəldikdə onu daha yaxşı mənimsəyir”
İradə İsmayılovanın mentisi Nigar Civişovanın iş prosesində özünü komandanın bir üzvü kimi hiss etməsi də onun üçün vacibdir. Bunun üçün gündəlik iş yükünə uyğun tapşırıqları birlikdə planlaşdırır, gün ərzində üzərində işlənəcək məsələləri müəyyənləşdirir və günün sonunda nəticələri birlikdə nəzərdən keçirirlər: “Yeni olduğunu nəzərə alaraq, ehtiyac yarandıqda izah edirəm, amma hazır cavabı verməyə çalışmıram. Hansı qanunvericilik aktlarına baxdığını, qərarı niyə belə verdiyini, yanaşmasının nəyə əsaslandığını soruşuram. Məncə, insan işi özü araşdırıb nəticəyə gəldikdə onu daha yaxşı mənimsəyir”.
Bu il “Maarifçi” proqramında ilk dəfə mentor kimi iştirak edən İradə İsmayılova üçün bu təcrübə, əslində, tamamilə yeni deyil. O, əvvəlki illərdə də agentliyə gələn “Maarifçi”lərlə yaxından işləyib, onların iş prosesinə uyğunlaşmasına və gündəlik fəaliyyətlərinə nəzarət edib. Buna görə də builki mentorluğu əvvəlki təcrübəsinin fərqli formatda davamı kimi qiymətləndirir.
Onun proqramdan əsas gözləntisi isə mentinin burada sadəcə müəyyən müddət təcrübə keçməsi ilə məhdudlaşmır. İradə İsmayılova istəyir ki, “Maarifçi” iş mühitini yaxından tanısın, özünü sınasın və proqram başa çatdıqdan sonra da qazandığı təcrübədən istifadə edə bilsin.
Təhsil İnstitutunun Elmi-pedaqoji Tədqiqatlar Mərkəzinin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri Tavat Muradlı isə mentorluq fəaliyyətinə məhz “Maarifçi” tələbə-məzun proqramı ilə başlayıb. Artıq iki ildir ki, proqramda mentor kimi iştirak edən T.Muradlı bu müddətdə üç “Maarifçi” ilə işləyib. Onun üçün mentorluğun ən maraqlı tərəfi təcrübəçinin şöbəyə real tədqiqat prosesinin iştirakçısı kimi daxil olmasıdır: “Biz təcrübəçiləri mümkün qədər şöbənin gündəlik fəaliyyətinə inteqrasiya etməyə çalışırıq. Onlar elmi və analitik mənbələrin araşdırılması, ədəbiyyat icmalının aparılması, beynəlxalq təşkilatların hesabatlarının öyrənilməsi, məlumatların sistemləşdirilməsi, sorğu və digər tədqiqat alətlərinin hazırlanması, məlumat bazaları ilə iş, ilkin təhlil və analitik materialların hazırlanması kimi proseslərdə iştirak edirlər”.
Onun sözlərinə görə, burada məqsəd yalnız ayrı-ayrı texniki tapşırıqların icrası deyil. Təcrübəçi tədqiqat sualının necə formalaşdığını, hansı metodoloji çərçivədə araşdırıldığını, məlumatın necə toplandığını və təhlil edildiyini, əldə olunan nəticənin isə qərarverici üçün necə anlaşılan və faydalı məhsula çevrildiyini görməlidir. Bu proses universitetdə əldə edilən nəzəri biliklə real peşəkar fəaliyyət arasında körpü yaradır və analitik düşüncə, akademik yazı, məlumatla işləmək, komanda işi, vaxtın idarə olunması, peşəkar kommunikasiya və məsuliyyət kimi bacarıqların inkişafına imkan verir.
“Nəticə qədər düşünmə prosesi də əhəmiyyətlidir”
Hazırda mentoru olduğu Yeganə Mənsimova ilə iş prosesində də bu yanaşmanı davam etdirir. Tapşırıqları mərhələli şəkildə qurur: ilk mərhələdə daha konkret və istiqamətləndirilmiş işlər üstünlük təşkil etdiyi halda, proses irəlilədikcə Yeganədən daha çox müstəqil araşdırma və analitik düşüncə tələb edən işlər gözləyir: “Burada mənim üçün nəticə qədər düşünmə prosesi də əhəmiyyətlidir. Məqsəd internetdən və ya hesabatdan məlumatı tapıb təqdim etmək deyil, məlumatın içindən əhəmiyyətli olanı seçmək, onu təhlil etmək və “bu məlumat bizə nə deyir?” sualına cavab verə bilməkdir”.
O, mentorluqda təşəbbüsün xüsusi əhəmiyyət daşıdığını düşünür. Müəyyən mərhələdən sonra tapşırığın icra yolunu addım-addım göstərmək əvəzinə gözlənilən nəticəni müəyyənləşdirib həll yolunu təcrübəçinin özünün tapmasına imkan verməyin daha faydalı olduğunu deyir. Onun üçün inkişafın ən yaxşı göstəricilərindən biri “Nə etməliyəm?” sualının tədricən “Məncə, bunu belə edə bilərik” təklifinə çevrilməsidir.
Təcrübəçinin hansısa sahədə çətinlik yaşamasına da birbaşa çatışmazlıq kimi yanaşmır. Əvvəlcə problemin səbəbini müəyyənləşdirməyə çalışır: bilik çatışmır, tapşırıq aydın deyil, düzgün mənbəni müəyyənləşdirmək çətindir, yoxsa gənc sadəcə öz qərarına əmin deyil? Bundan asılı olaraq istiqamət verir, nümunə göstərir və ya uyğun mənbə tövsiyə edir: “Mentorluğun nəticəsi mentinin mentordan asılı qalması deyil, zaman keçdikcə ona daha az ehtiyac duymasıdır. Məncə, məhz bu məqam onun müstəqil mütəxəssis kimi formalaşmasının əsas göstəricilərindən biridir”, – deyir.
Onun fikrincə, “Maarifçi” proqramının uğurunu yalnız proqramı neçə nəfərin tamamlaması ilə ölçmək olmaz. Əsas göstəricilərdən biri iştirakçıların proqramdan sonra keçdiyi inkişaf trayektoriyasıdır. Öz şöbəsində bunun konkret nümunəsinin olduğunu deyən mentor qeyd edir ki, əvvəlki “Maarifçi”lərdən biri hazırda şöbədə elmi işçi vəzifəsində çalışır: “Bir vaxtlar bu mühitə təcrübəçi kimi daxil olan gənc bu gün artıq komandanın üzvüdür və tədqiqat prosesində peşəkar əməkdaş kimi iştirak edir. Bir mentor üçün isə bunun çox konkret ifadəsi var: dünən mentorluq etdiyiniz gənci bu gün həmkarınız kimi görmək”, – deyə o bildirir.
Tavat Muradlı proqramın builki formatında təcrübəçinin dörd ay ərzində eyni müəssisədə fəaliyyət göstərməsini də müsbət dəyişiklik kimi qiymətləndirir. Onun fikrincə, bu müddət təcrübəçinin əvvəlcə təşkilatı və komandanı tanımasına, daha sonra isə öyrəndiklərini tətbiq edib müstəqil fəaliyyət göstərməsinə imkan verir. Eyni zamanda mentor üçün də gəncin güclü tərəflərini, maraqlarını və inkişaf ehtiyaclarını daha dəqiq müşahidə etmək imkanı yaranır.
“Yaxşı təcrübəçi yalnız cavab gətirən deyil, həm də yeni suallar ortaya qoyandır”
Proqrama seçilən iştirakçıların hazırlıq səviyyəsini ümumilikdə müsbət qiymətləndirən müsahibimiz “Maarifçi”yə gələn tələbədən hazır mütəxəssis gözləməyin doğru olmadığını düşünür. Onun üçün ilkin mərhələdə üç xüsusiyyət daha vacibdir: öyrənmək istəyi, məsuliyyət və təşəbbüs: “Mənim üçün yaxşı təcrübəçi yalnız cavab gətirən deyil, həm də yeni suallar ortaya qoyandır”, – deyə mentor vurğulayır.
O, “Maarifçi”nin dörd aylıq təcrübə müddəti ilə məhdudlaşmamasını da arzulayır. Onun fikrincə, müxtəlif qurumlarda təcrübə keçən iştirakçıların gələcəkdə ortaq layihələrdə, tədqiqatlarda və yeni təşəbbüslərdə yenidən bir araya gəlməsi proqramı gələcəyin təhsil mütəxəssislərini birləşdirən davamlı peşəkar şəbəkəyə çevirə bilər.
Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin əməkdaşı Suğra Babayeva üçün isə mentorun əsas vəzifələrindən birini gəncin potensialını düzgün müəyyənləşdirmək, güclü tərəflərini üzə çıxarmaq və inkişaf ehtiyaclarına uyğun yanaşma formalaşdırmaqda görür.
Suğra Babayeva mentor və menti arasında düzgün qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayır. Onun fikrincə, mentor hər şeyi hazır şəkildə təqdim edən yox, istiqamət göstərən, düzgün suallar verən, dinləyən və mentinin özü üçün nəticə çıxarmasına şərait yaradan şəxsdir. Mentorun davranışı, ünsiyyət tərzi, işə münasibəti və problemə yanaşması müəyyən mənada menti üçün nümunəyə çevrilir. Buna görə də mentor yalnız məsləhət verməklə deyil, öz davranışı ilə də öyrətməlidir. Eyni zamanda, mentiyə özünü qiymətləndirmək və inkişaf istiqamətlərini özü müəyyənləşdirmək üçün imkan yaratmaq vacibdir.
“Maarifçi” proqramını gənclərin həm peşəkar, həm də şəxsi inkişafı baxımından faydalı platforma hesab edən Suğra Babayeva tələbələrin real iş mühitini tanımasını, dövlət qurumunda çalışma prosesini görməsini və nəzəri biliklərini praktikada tətbiq etməsini mühüm təcrübə kimi qiymətləndirir: “Proqrama seçim mərhələsindən keçərək gələn tələbələrin ümumi hazırlıq səviyyəsini müsbət qiymətləndirirəm. Mən özüm də layihənin əvvəlki illərində iki dəfə müsahibə komissiyasının üzvü olmuşam və bu baxımdan seçim prosesinin necə aparıldığını yaxından görmüşəm. Seçim mərhələsində tələbələrin yalnız akademik göstəricilərinə deyil, düşüncə tərzinə, motivasiyasına, öyrənməyə və inkişaf etməyə hazır olmasına da diqqət yetirilməsi, məncə, proqramın əsas üstünlüklərindəndir.
Əlbəttə, təcrübəyə başlayan tələbələrin hamısının iş mühitinə tam hazır olması gözlənilən deyil. Çünki onların əsas məqsədi də məhz real iş mühitində öyrənmək və inkişaf etməkdir. Fikrimcə, proqramın ən böyük dəyəri də bundadır”, – deyə o bildirir.
Suğra Babayevanın mentisi Röya şöbənin digər əməkdaşlarının verdiyi tapşırıqları da yerinə yetirir və bu ona müxtəlif istiqamətlər üzrə təcrübə qazanmağa imkan yaradır: “Röyanın güclü tərəflərindən biri işdən çəkinməməsi, tapşırıqları məsuliyyətlə yerinə yetirməsidir. Tapşırığı vaxtında edir, araşdırır, öyrənir və nəticə əldə etməyə çalışır. Mənim üçün mentidə ən vacib xüsusiyyətlərdən biri məhz öyrənmək istəyi və məsuliyyətli yanaşmadır”.
Onun mentor kimi diqqət yetirdiyi məqamlardan biri də Röyanın kollektivə uyğunlaşması və ünsiyyət bacarıqlarının inkişafıdır. İşə başladığı ilk dövrdə daha sakit olan və yeni insanlarla ünsiyyətdə müəyyən çətinliklər yaşayan Röyaya yalnız konkret tapşırıqların icrası ilə bağlı deyil, kollektivdə davranış, fikrini aydın ifadə etmək və işgüzar münasibətlər qurmaq məsələlərində də dəstək göstərib.
“Mentorluq yalnız “bu işi belə et” demək deyil”
Bununla yanaşı, nazirlik daxilində işgüzar kommunikasiya, elektron sənəd dövriyyəsi, iş prosesinin təşkili və digər praktiki məsələlərlə bağlı bildiklərini də onunla bölüşür: “Mənim üçün mentorluq yalnız “bu işi belə et” demək deyil. İstəyirəm ki, Röya bir gənc mütəxəssis kimi öz mövqeyini düzgün müəyyənləşdirsin, qarşısına məqsəd qoysun, həmin məqsədə doğru inamla addımlasın və yeni addımlar atmaqdan çəkinməsin”, – deyə o vurğulayıb.
Çətinlik yarananda isə Suğra Babayeva, ilk növbədə, problemi menti ilə birlikdə müzakirə etməyə çalışır. Hazır cavabı verməkdənsə, düzgün istiqaməti göstərməyi daha faydalı hesab edir. Çünki onun üçün əsas məqsəd yalnız həmin an qarşıya çıxan problemin həlli deyil, Röyanın gələcəkdə oxşar vəziyyətlə qarşılaşanda problemi müstəqil şəkildə həll edə bilməsidir.
Bu il “Maarifçi” proqramında ilk dəfə mentor kimi fəaliyyət göstərən S.Babayevanın əsas gözləntisi bu dörd ayın tələbələr üçün gələcək peşəkar həyatlarına hazırlıq mərhələsi kimi yadda qalmasıdır. Onun fikrincə, iştirakçılar burada iş mühitini, komanda ilə işləməyi, məsuliyyət götürməyi, düzgün ünsiyyət qurmağı və təşəbbüs göstərməyi də öyrənməlidirlər.
“Bilmədiyini soruşmaq zəiflik deyil”
Proqram iştirakçılarına tövsiyəsi isə özlərinə inanmaları, məqsəd qoymaları və həmin məqsədə doğru əminliklə irəliləmələridir: “Yeni işə başlayanda hər şeyi bilmək mümkün deyil və bilmədiyini soruşmaq zəiflik deyil. Əksinə, düzgün sual vermək, araşdırmaq və öyrənmək inkişafın əsas şərtlərindəndir. Tövsiyəm odur ki, qarşılarına çıxan imkanlardan çəkinməsinlər. Bəzən insan “bacarmaram” düşüncəsinə görə addım atmaqdan imtina edir. Hesab edirəm ki, insan özünü sınamalı, səhv etməkdən qorxmamalı və hər bir təcrübədən nəticə çıxarmalıdır. Çünki peşəkar inkişaf bir gündə formalaşmır. Əsas məsələ hədəfinin olması, özünə inanmaq və həmin hədəfə doğru davamlı şəkildə addımlamaqdır”.




