Çində təhsil, dil və mədəniyyət ilə tanışlıq – Təəssüratlar

10 Avqust, 2026 - 15:06
Çində təhsil, dil və mədəniyyət ilə tanışlıq

“İ ar sən”, “Gaokao” və “Dao Kı Dao” 

Fikrimcə, iştirak etdiyimiz təlimlərdə həqiqətən öyrəndiklərimiz dəftərimizdəki qeydlərdən daha çox bizim heç bir təkrar etmədən yaddaşımızda qalan və soruşulanda ilk ağlımıza gələn məlumatlardır.

Başlıqda yazılan bu üç çin dilində ifadə də mənim Çin səfərimdən yaddaşıma həkk olunan üç əsas məsələdir. Bu ifadələr hazırda çox anlaşılmaz görünsə də, bloqun sonuna doğru hər şey aydınlaşacaq.

Qeyd edim ki, bu yazı Çin Xalq Respublikasında keçirilən İnkişaf Etməkdə Olan Ölkələrin Təhsil İşçiləri üçün Seminarla bağlı Çinə səfərimiz haqqında olacaq. Seminar Çinin Hanco (Hangzhou) şəhərində yerləşən “Zhejiang International Studies University”-də (ZISU) keçirilirdi. Seminara Azərbaycanı təmsil edən 6 peşəkardan ibarət bir qrup olaraq qoşulmuşduq. Düşünürəm, ölkəmizi bu səfərdə uğurla təmsil etdik.

Bu bloqu yazarkən fərqinə vardım ki, mən Çində yalnız təhsil sistemini öyrənməmişəm. Əslində, mən tamamilə fərqli bir ölkənin dilinə hörmət etməyi (“İ ar sən”), bir dövlətin təhsilə yanaşmasını anlamağı (“Gaokao”) və bir xalqın qədim mədəniyyətini (“Dao Kı Dao”) birbaşa təcrübə etməyi öyrənmişəm. 

1-ci hissə: “İ ar sən”

Sizcə, Çinin təhsil sistemini öyrənməyə getmiş təhsil işçisinə ilk dərsdə nə öyrədilə bilər?
Sinif otağında ilk dərsdə ölkə haqqında əsas məlumatları aldıqdan sonra biz Çin dilinin 3 min ildən daha qədim heroqlif (işarə) əsaslı yazı sisteminə malik olduğunu və hər bir heroqlifin öz mənası olduğunu öyrəndik.

Ən maraqlı hissə isə 1-dən 10-dək rəqəmləri öyrənmək oldu.  

İ (1) ar (2) sən (3) szı (4) vo(5) lio (6) çi (7) ba (8) çio (9) şı (10)

Bu rəqəmləri əzbərdən yazdım, çünki müəllim təkrara əsaslanan müxtəlif maraqlı metodlarla say sistemini bizə elə öyrətdi ki, hələ də yaddaşımdadır.


Öyrəndim ki, hər bir rəqəmi ifadə edən heroqlifin ayrıca bir mənası da var imiş.
Məsələn, 6 rəqəmini göstərən heroqlifin mənası “uğurlu” olduğundan Çində birinə uğur arzulamaq üçün 666 (“lio lio lio” – əla/uğurlar) yazırlar və ya deyirlər. 8 rəqəminin heroqlifi (八) isə sonsuzluğu göstərir və davamlı zənginliyi ifadə edir. Buna görə də Pekin Olimpiadası 8/8/2008 tarixində saat 8:08-də başlayıb. 

Rəqəmlərdən əlavə, Çin dilində bəsit sözlər, onların heroqliflərlə yazılışı və mənasını da öyrəndik.

Çinə gələnə qədər Çin dilini sadəcə bir dil kimi düşünürdümsə, bu dərs zamanı:

-    bu işarələrin təsadüfi simvollar olmadığını;
-    zəngin mədəniyyəti, təbiətə baxışı və ənənəvi ailə dəyərlərini ifadə etdiyini;
-    sadəcə 10–20 əsas işarəni öyrənmənin belə Çin düşüncə sistemini daha dərindən başa düşməyə imkan verdyini;
-    ticarət, siyasət, turizm və təhsildə qarşılıqlı mədəni hörmət və əməkdaşlığın əsasının məhz bu kiçik, amma dərin mənalı simvolları anlamaqla qoyulduğunu öyrəndim.


2-ci hissə: “Gaokao

“Gaokao” mənim üçün Çin təhsil sistemini simvolizə edən bir ifadə oldu. Bəs nədir bu Gaokao?

Yəqin ki, sosial mediada və ya mediada Çində şagirdlərin ciddi rejimdə dərs oxuması və imtahanlara hazırlaşması ilə bağlı görüntülər görmüsünüz. 

 


(Çində orta məktəbdə milli qəbul imtahanına hazırlaşa şagirdlər)

Bütün bu görüntüləri yaradan əsas səbəb isə “Gaokao” imtahanıdır. 

Çində ali təhsil müəssisələrinə milli qəbul imtahanı olan GaoKao dünyada ən çətin imtahanlardan sayılır.


(GaoKao imtahanında şagirdlər)


GaoKao əslində Çin təhsil sistemini izah edir.

Ümumilikdə Çində təhsil aşağıdakı mərhələlərdən ibarətdir.
Uşaq bağçası (kindergarten) – 3 il; ibtidai məktəb (primary school) – 6 il; aşağı orta məktəb (junior high school) – 3 il; yuxarı orta məktəb (senior high school) – 3 il 
 


(Çində təhsil sistemini əks etdirən infoqrafika)

Hər il yuxarı orta məktəbi bitirən 10 milyon şagird bu imtahanda iştirak edərək bundan sonrakı təhsil həyatının taleyini yazır.

Bəs GaoKao niyə bu qədər önəmlidir?
●    Valideynlərin dəyərləri
Çində valideynlər oğullarının “əjdahaya”, qızlarının isə “feniksə” çevrilməsini arzulayırlar. Yəni valideynlər övladlarının təhsil vasitəsilə parlaq gələcəyi olacağına ümid edirlər.
●    Cəmiyyətin dəyərləri
Cəmiyyət üçün təhsil hələ də ən yaxşı seçimlərdən biridir.
Təhsil dövlət qulluğu və dövlət müəssisələrinə işə qəbul imtahanlarında iştirak etmək, eləcə də dövlət müəssisələrində iş tapmaq üçün tələb olunur. 
 

Fənn bölgüsü
Gaokao imtahanında şagirdlər 3 məcburi fənn (Çin dili, Riyaziyyat, Xarici dil) və 3 seçmə fənn (Siyasət, Tarix, Biologiya, Fizika, Kimya, Coğrafiya və Texnologiya fənlərindən 3-ü) üzrə imtahan verirlər. 
Maraqlı fakt budur ki, bu imtahan Azərbaycandakı kimi bir gün yox, bir neçə gün ərzində keçirilir. Şagirdlər hər bir fənn üzrə ayrı gün və saatda imtahan verirlər. Nümunə olaraq, bizim səfər etdiyimiz Zhejiang əyalətində imtahan cədvəlinə baxa bilərsiniz. 
 


Bu sistemi Azərbaycandakı təhsil sistemi ilə müqayisə edirdim. Hər iki ölkədə ali təhsilə qəbul imtahanları ailələr və şagirdlər üçün mühüm mərhələ hesab olunur və imtahana hazırlıq prosesi yüksək məsuliyyət tələb edir. Mənim müşahidəmə görə, Çində Gaokao ətrafında formalaşan akademik gözləntilər və hazırlıq prosesi daha intensiv xarakter daşıyır. 
 
Şagirdlər təhsilin son 3 ilini, yəni yuxarı orta məktəb illərini Gaokao-ya hazırlaşmaqla keçirirlər. Bu hazırlıq şagirdlər üçün bir qədər yorucu proses ola bilər.
 
Bizə bunu izah edən müəllim öz yeniyetməlik illərindən heç bir xatirəsinin olmadığını, yalnız dərslik və testləri xatırladığını dedi.
 
Hebei əyalətinin Hengshui şəhərindəki məktəblər təkrara əsaslanan intensiv tədris proqramı, hərbi qaydada nizam-intizam, motivasiya tədbirləri və şüarların kollektiv şəkildə səsləndirilməsi ilə seçilir. Bu sistem nəticəsində şəhərin bir-neçə məktəbində oxuyan şagirdlərin təxminən 87 faizi hər il “birinci kateqoriyalı” universitetlərə qəbul olunur. 
 

(GaoKaoya hazırlıq zamanı şüarlar və xor musiqisi ilə özlərini motivasiya edən şagirdlər)

GaoKao barədə öyrənəndə mən bir imtahandan daha çox, Çin təhsil sistemini, dövlətin və cəmiyyətin təhsilə yanaşmasını, şagirdlərin bu çətin təcrübəsini anlamış oldum.
 

Universitetlərə qəbul formatları
Çində bəzi universitetlər yalnız GaoKao balı ilə, bəziləri “Güclü baza” formatında (“Strong base) Gaokao balı (50–60%) + universitetin müstəqil müsahibəsi/testi ilə, bəziləri isə “3-ü 1-də” formulu ilə Gaokao balı (50–60%) + universitetin müstəqil müsahibəsi/testi + orta məktəb akademik göstəricilərini birləşdirən bir qəbul formatı tətbiq edir.
 (Çində universitetlərə qəbul formatları)
Gaokao imtahanına hazırlıq dövründə Çinli şagirdlər əsas diqqətlərini yüksək nəticə göstərməyə yönəldirlər. Bu intensiv hazırlıq prosesi zamanı onların universitet ixtisasları, gələcək peşə seçimləri və şəxsi maraqları barədə ətraflı araşdırma aparmaq imkanları bəzən məhdud ola bilir.
Nəticədə, bəzi tələbələr seçdikləri ixtisasın məzmunu və gələcək karyera imkanları ilə daha yaxından məhz universitet təhsili dövründə tanış olurlar.
Bu, Çinin hələ də həll etməyə çalışdığı məsələlərdən biridir.

Çində bir şagirdin yay tətili üçün günlük cədvəli də Çin təhsil sisteminin və valideynlərin nə qədər tələbkar olduğunu göstərir. 
 


Bu ciddi sistemin valideynlərin rol aldığı hissəsini göstərən ən maraqlı simvollardan biri isə “Pələng analar”dır.
“Pələng Ana” – övladlarından yüksək nailiyyət tələb edən və onların fəaliyyətlərinə nəzarəti əlində saxlayan ciddi, intizamlı anadır.

Bu yanaşmanın uşağın inkişafına töhfə verməklə yanaşı, şagirdin psixoloji-emosional vəziyyətinə mənfi təsir edə və çiyinlərinə həddindən artıq yük qoya biləcəyini də düşünürəm. Bəlkə də, müxtəlif idman növləri, riyaziyyat və digər texniki fənlər üzrə müsabiqələrdə çinli şagird və tələbələrin uğurları elə “Pələng ana” yanaşmasının nəticəsidir. 

Ziyarət etdiyimiz bağça, məktəb və universitetlər
Təhsil sisteminə nəzər saldıqdan sonra, bu sistemin tətbiq edildiyi təhsil müəssisələrinə də səfər etdik.

Məktəbəqədər təhsil müəssisəsi: “Baima” uşaq bağçası, Hanco şəhəri

Burada erkən uşaqlıq dövrü təhsili “Sərbəst/azad oyun + kurikulum əsaslı sistem” çərçivəsində təşkil olunurdu.
Bu çərçivədə uşaqlar:
●    3–4 yaşında oynamağı öyrənir;
●    4–5 yaşda oynamağa cəsarət edir;
●    5–6 yaşda isə oyun oynamaq üzrə ustalaşırlar.

Tədris “Beş duyğunu (görmə, eşitmə, toxunma, qoxu, dad) oyat, beş gücü (hərəkət, müşahidə, ünsiyyət, öyrənmə marağı və dözümlülük) hərəkətə gətir” prinsipi ilə keçirilir. 
 
Kurikuluma əhatəli ekologiya dərsləri daxildir. Bu dərslərdə uşaqlar fəsildən və hava şəraitindən asılı olmayaraq təbiətdə həftəlik yürüşlərə (hiking) və kəşf səfərlərinə gedirlər. 

Bu, məktəbəqədər təhsil proqramında ən çox diqqətimi çəkən məqam oldu. Uşaqları müşahidə edərkən müəllimlərin onları qorxmadan torpaqda, palçıqda və ağaclarda oynamağa, çirklənməyə və riskə getməyə təşviq etdiyini gördük. 

Proqrama təcrübə əsaslı oyun, yaradıcılıq və fiziki oyunlar da daxildir. 
  
Bağçalar əsasən valideynin kiçik bir məbləğ ödəməsi və təhsil haqqının əsas hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması ilə fəaliyyət göstərir. 
Biz bu müəssisədə uşaqlarla maraqlı vaxt keçirdik, onların yaradıcılıq və oyun qabiliyyətləri ilə yaxından tanış olduq. 

Yuxarı orta məktəb: Hanco şəhəri 14 nömrəli orta məktəb
Gaokao-ya hazırlaşan şagirdlərin ən çətin illərini keçirdikləri məktəblərdən birini də ziyarət etdik. 


Çində icbari təhsil 9 il olduğu üçün aşağı orta məktəbin sonunda Zhongkao imtahanının nəticələrinə əsasən yuxarı orta məktəbə daxil olan şagirdlər kiçik də olsa təhsil haqqı ödəməlidirlər. Lakin, ucqar ərazilərdə, kəndlərdə yaşayan, təhsil haqqını ödəməkdə çətinlik çəkən əhali qrupları üçün tədrisin ödənişsiz olduğu məktəblər, ödənişli məktəblərdə isə fərqlənən şagirdlər üçün təqaüdlü təhsil mövcuddur. 
Məktəblə bağlı ən maraqlı məqam məktəbin böyük bir kampus şəklində olması və idman fəaliyyətləri üçün ayrıca binanın ayrılması idi. Bu idman mərkəzində şagirdlər stolüstü tennis, yoqa, gimnastika kimi fərqli və maraqlı idman növləri ilə məşğul olurlar. 
Məktəbdə şagirdlər və müəllimlər üçün ayrı kitabxanalar da var idi.

Həmçinin məktəbdə digər müəllimlərin, məktəb rəhbərliyinin və digər mütəxəssislərin dərsləri canlı olaraq, amma dərsə mane olmadan izləməsi üçün sinfin arxasında ayrıca izləmə zalı yaradılmışdı. 

Digər maraqlı məqam isə fizika laboratoriyalarının ən müasir avadanlıqlarla təchiz edilməsi idi. Bunu Çin hökuməti tərəfindən orta məktəblərin infrastrukturu və maddi-texniki bazası üçün kifayət qədər məbləğin ayrılması ilə izah edirdilər. 

Universitetlər
Zhejiang Texnologiya Universitetinin nəzdində Zhejiang Kollecində (“Zhejiang College of Zhejiang University of Technology”) isə müxtəlif ixtisas və peşələr üzrə ağıllı sinif otaqları (smart classrooms), süni intellekt əsaslı maşınların proqramlaşdırılması və istifadəsinin öyrədilməsi üzrə yaradılmış müxtəlif “ağıllı” emalatxanalarla tanış olduq. 

Dizayn və dərzilik ixtisası üçün hazırlanan emalatxanada hazır dizaynı parça üzərində işləyən proqramlaşdırılmış maşınları gördük. Avtomobil təmiri üzrə tədrisi daha səmərəli və keyfiyyətli etmək üçün isə VR-dan (virtual reallıq) istifadə edilirdi. 


Ziyarət etdiyimiz özəl ali təhsil müəssisəsi olan Zhejiang Shuren universitetində isə ölkədə ilk Beynəlxalq Çay Mədəniyyəti Məktəbi yaradılmışdı. Çay mədəniyyəti ixtisası üzrə təhsil alan tələbələr bizə çayın dəmlənməsi qaydasını canlı göstərdilər. Düşünürəm ki bu, ölkə mədəniyyətinin təhsillə harmoniyasının gözəl nümunəsi idi.
Çində təhsil barədə aşağıdakı qeydləri də etmək yerinə düşər:
1.    Tələbə başına fiskal xərclər Şərqi Çində ən yüksək səviyyədədir; bundan sonra Mərkəzi Çin, daha sonra isə Qərbi Çin regionları gəlir.
2.    Şərqi Çindəki məktəblər rəqəmsal sinif otaqları və laboratoriyalarla tam təmin olunsa da, Mərkəzi və Qərbi Çinin kənd məktəbləri texniki avadanlıq və rəqəmsal infrastruktur baxımından geridə qalır.
3.    Yüksək ixtisaslı müəllimlərin böyük hissəsi Şərqi Çinin şəhərlərində cəmləşdiyi halda, Mərkəzi və Qərbi Çinin kənd bölgələri ixtisaslaşmış müəllim çatışmazlığı ilə üzləşir.

Üçüncü hissə: “Dao Kı Dao”

Bu ifadə mənim üçün Çin mədəniyyəti ilə tanışlığı ifadə edir. 

Təlim günlərinin birində olduğumuz ZISU universitetinin musiqi müəlliminin xüsusi kolleksiyaları ilə dolu otağında Çin mədəniyyətininin dərinliklərinə endik.
Müəllim bizə üzərində nələr yazıldığını anlamadığımız vərəqlər təqdim edəndə bu dərsdən nəsə öyrənəcəyimizi düşünmürdüm.

Bizə təqdim edilən yazı qədim Çin fəlsəfəsinin ən önəmli mətnlərindən biri olan Dao De Jing əsərinin məşhur başlanğıcı idi. Mətn Daoizm/Taoizm fəlsəfəsinin əsas mənbələrindən biridir. 

 


(Müəllim Dao konseptini izah edir)

Öyrəndik ki, qədim Çin mətnlərinin səsli oxunuşu qədim Çin musiqisinin əsasını təşkil edir. 

Biz bu başlanğıc hissəni səsli oxumağa başladıq: 

Dao Kı Dao, Fei Chan Dao
Min Kı Min, Fei Chan Min 
(mətnin kiçik bir hissəsini burada təqdim edirəm)

 Mənası:
Sözlə ifadə oluna bilən Dao əbədi Dao deyil;
Adlandırıla bilən ad əbədi ad deyil.
Dao burada “əsl həqiqət, kainatın əsas prinsipi, varlığın əsas qanunu” və s. mənalarına gəlir.
Daha sadə formada:
Əgər bir həqiqəti tam sözlə izah edə bilirsənsə, o artıq ən dərin və əbədi həqiqət deyil. Əgər bir şeyi adlandırırsansa, o ad həmin şeyin əsl mahiyyətini tam əhatə etmir.
Bu mətnin musiqili oxunuşunu azı 20 dəfə təkrar etdik desəm, yanılmaram. Lakin musiqi o qədər gözəl və müəllimin öyrətmə üsulu o qədər maraqlı idi ki, mən bu mətn və musiqini hələ də unutmuram.
 

Mən bu dərslə daha öncə heç tanış olmadığım bir mədəniyyətə bir gündə necə yaxınlaşa biləcəyimi, bilmədiyim bir şeyi düzgün metodika, səbr və davamlı təkrarla necə öyrənə biləcəyimi, əvvəlcə heç nə anlamayacağımı düşündüyüm mətni rahatlıqla necə səsləndirə biləcəyimi öyrəndim. 

Əlbəttə, Çin mədəniyyətinə səyahətimiz bununla bitmədi. 

●    Mən ZİSU universitetinin idman zalında qədim Çin döyüş sənəti olan Kung Fu ilə məşğul olan tələbələrdən bu döyüş sənəti üzrə sadə hərəkətləri öyrəndim və sonda onları səhnədə təqdim etdik. 

●    Çində bayramlar zamanı məşhur olan Əjdaha rəqsini təqdim etməyi öyrəndik və onu uğurla nümayiş etdirdik. 

●    Çində Longwu çay qəsəbəsindəki çay plantasiyasında qədim və məşhur Longjing adlı yaşıl çayı hazırlamaq üçün çay yarpaqlarını toplamağı, yarpaqları qurutmağı və hazır çayın necə dəmləndiyini öyrəndim. 

●    Kalliqrafiya dərsinə qoşularaq Çin heroqliflərini xüsusi fırça və mürəkkəblə yazmağı öyrəndim. 

●    Zijing kəndindəki Bambuk Fleyta kəndində 9 min il əvvəl Çində istehsal olunmağa başlayan fleyta musiqi alətini çalmaq üçün 1-2 bəsit əl hərəkətini öyrəndim.
 

Bu mədəni fəaliyyətlərin hər biri fərqli və rəngarəng olsa da, mənə iki şeyi öyrətdi:
1.    Bir xalqın mədəniyyətini anlamağın ən yaxşı yolu onu birbaşa təcrübə etməkdir.
2.    Öyrənmək üçün yalnız oxumaq və dinləmək yox, öyrəndiyini real həyatda tətbiq etmək və dəfələrlə, davamlı şəkildə təkrar etmək lazımdır.

Çin səfərim başa çatsa da, bu səfərdə tanıdığım insanlar, qurduğum dostluqlar, əldə etdiyim dəyərli biliklər, öyrəndiyim yanaşmalar və qazandığım təcrübələrin bundan sonrakı həyatımda və işimdə daim mənə istiqamət verəcəyini düşünürəm.